“Səqəleyn” hədisi, Quranın təhrif olunmadığına ən tutarlı dəlildir

Bismillahir Rəhmanir Rəhim

Quranın təhrif olunmadığına dəlil olan ən mühüm rəvayət “Səqəleyn” hədisidir. Hansı ki, Peyğəmbərin (s) Əli (ə), Əbuzər, İbn Abbas, Abdullah ibn Ömər, Hüzeyfə və Əbu Əyyub Ənsari kimi 33 min nəfərə yaxın böyük səhabələri  nəql etmiş və 200-ə yaxın böyük “əhli-sünnə” alimi öz kitabında qeyd etmişdir. Sözügedən hədis, sənədlərindən birinə əsasən belədir:

Həzrət Peyğəmbər (s) buyurur:

 

إنّی تارِکٌ فیکُمُ الثَّقَلَیْنْ، کِتابَ اللهِ وَ عِتْرَتی وَ فیهِ الْهُدی وَ النُّور، فَتَمَسَّکُوا بِکِتابِ اللهِ وَ خُذُوا بِهِ وَ أهْلَ بَیْتی، أذْکُرُکُمُ الله فی أهْلِ بَیْتی (ثَلاثَ مَرّات)

 

Təhrifin inkarı üçün bu hədisə iki yolla əsaslanmaq mümkündür:

Birinci yol: Bu, altı məqama diqqət yetirdikdə aydınlaşır.

1.Hədisdə göstərilir ki, Qiyamət gününə qədər Qurana tapınmaq mümkündür.

2.Quranın təhrif olunması ona tapınmağın mümkünlüyünü şübhə altına alır.

3.Qurana tapınmaq, onun bütün buyuruqlarına əməl etmək deməkdir. Burada məqsəd yalnız əhkamla bağlı məhdud ayələrə əməl etmək deyil. Başqa sözlə desək, Quranda məqsəd, yalnız əhkam və əməli (praktiki) göstərişlərin izahı deyil, əksinə, daha geniş məna, insanlıarın hidayət olunması, zülmətdən nura doğru nicatıdır.

4.Təhrifdə məqsəd, Quranın bəzi həqiqətlərini gizlətmək və nurunu qismən də olsa söndürməkdir. Təbii ki, təhrif olunmuş kitab bütün sahələrdə bir hidayət çırağı kimi bəşəriyyətin yoluna işıq saça bilməz. Bir halda ki, Quran öz məqsədinin insanları zülmətdən nura çıxarmaq, onları ən yüksək maddı və mənəvi məqamlara ucaltmaq olduğunu bildirir və bu, yalnız ona əməl etməklə mümkündür.

5.Qurana tapınmaq, itrətə tapınmaqdan fərqli olaraq, yalnız Quranın özünü əldə etdikdən sonra mümkündür. Bu, “Əhli-beyt”in yanında qorunub saxlanan və əlçatmaz Quran deyil, insanların ixtiyarında olan Quran olmalıdır.

6.Hədisdən aydın olur ki, Qurana tapınmaq nəinki mümkün, əksinə, vacibdir. Çünki burada xəbər cümləsi əmr cümləsi şəklində işlədilmişdir və bu “təklifi hökm”dür. “Üsul” elmindən aydın olduğu kimi, şəriət göstərişlərində əmr olunan hökm ona əməl edəcək insanların bacarığı xaricində olmamalıdır. Təbii ki, Quran təhrif olunsaydı, ona tapınmaq mümkün olmayacaqdı.

İkinci yol: Hədisdən məlum olur ki, iki ağır yükün hər biri ayrı-ayrılıqda, müstəqil və tam dəlildir. Birinin etibarlı hesab olunması, digərinin təsdiq etməsinə bağlı deyil. Əlbəttə, bu heç də onların hər birinin ayrı-ayrılıqda bəşəriyyəti son kamillik həddinə ucaltmaq və azğınlıqlardan, büdrəmələrdən qorumaq üçün kifayət olduqları demək deyil. Bütün bunlar bu iki ağır yükün üzərinə düşən müştərək vəzifələrdir. Deməli, Quran təhrif olunduğu təqdirdə ilkin zahiri (ibtidai) mənası etibardan düşür və nəticə etibarı ilə təhrif olunmuş kitaba əsaslanmaq üçün məsumların (ə) onu təsdiq etməsi zərurəti meydana çıxır və hədisin ilkin zahiri (ibtidai) mənası ilə ziddiyyət təşkil edir. Çünki hədisin ilkin zahiri (ibtidai) mənasından bu iki dəlilin müstəqil olduğu məlum olur. Ümumiyyətlə, böyük əmanətin etibarı kiçik əmanətə necə bağlı ola bilər?

Bu iki əsaslanmadan belə bir nəticə alırıq:

Birincisi, Qurana tapınmaq, ona əməl etmək nəinki mümkün, əksinə, vacibdir.

İkincisi, Quran müstəqil dəlildır. Məlum olduğu kimi, təhrif nəzəriyyəsi hədisdən alınan bu iki nəticə ilə ziddiyyət təşkil edir.

Quran təhrif olunmayıb, Şeyx Məhəmmədcavad Fazil Lənkərani

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment