Rəşiqin hadisəsi

Bismillahir Rəhmanir Rəhim

Abbasi dövrünün xəlifələri imamiyyə etiqadlı olmasalar da Əhli-beyt (ə) imamlarının sayının on iki olduğunuvə bu on ikincisinin də şiələr tərəfdən “gözlənilən Məhdi” hesab edildiyini bilirdilər. Bu səbəblə də daim on ikinci imamın axtarışında idilər. Bunun nəticəsi olaraq onlar həzrət İmam Həsən Əsgərinin (ə) vəfatından sonra İmam Məhdinin (ə.f) ələ keçirilməsi ümidilə bir neçə dəfə o həzrətin evinə basqınlar etmişdilər. Lakin Allahu-təala hər dəfəsində öz vəlisini qorumuş, onu düşmənlərin hiylələrindən amanda saxlamışdır. Belə uğursuzluğa düçar olan hücumlardan birini xəlifə Mötəzidin Rəşiq adlı əsgəri həyata keçirmişdir. Şeyx Tusi, xəlifə Mötəzidin adamlarından olan həmin Rəşiqin belə dediyini nəql edir: “Biz üç nəfər idik. Mötəzid xəbər yollayıb bizi öz yanına çağırdı. Bizə dedi: “Samirraya gedin”. Sonra gedəcəyimiz məhəllənin və evin əlamətlərini bizə başa saldı, dedi: Oraya çatınca qapı ağzında qara bir xidmətçi görəcəksiniz, evə basqın edin və içəridə kimi görsəniz başını mənə gətirin. Sonra bizə əmr etdi ki, özümüzlə heç bir şey götürməyək və hər birimiz yalnızca bir at götürərək gizlicə yola çıxaq.

Samirraya gəldik. Məhəlləni və evi necə vəsf etmişdirsə, elə də olduğunu gördük. Evin dəhlizində (qapı ağzında) əlində nəsə toxuyan qara dərili bir xidmətçi oturmuşdu. Ondan evdə kim var deyə soruşduqda bizə belə cavab verdi: “Sahibi”. Allaha and olsun ki, o bunu deyərkən bizə tərəf dönmədi və az da olsun bizə diqqət yetirmədi.

Biz, bizə necə əmr edilmişdisə o cür də evə daxil olduq. Bu zaman bir bağlı otaq gördük. Otağın qabağında bir parça asılmışdı ki, onun kimi qiymətli bir parça görməmişdim. Sanki yenicə toxunmuşdu. Evdə isə heç kim yox idi.

Biz pərdəni kənara çəkdiyimiz zaman bir sərdab gördük. Otaq sanki içi dolu dəniz idi. Otağın ən uzaq küncündə bir həsir sərilmişdi. Biz zənn etdik ki, həmin həsir suyun üzərində durub. O həsirin üstündə isə çox ali heybətli bir şəxs namaz qılırdı. O bizə diqqət yetirmir, nə üçün gəldiyimizlə maraqlanmırdı.

Bu zaman Əhməd ibn Abdullah otağa daxil olmaq üçün irəli keçdi. Lakin otağa ayağını qoyar-qoymaz suya batdı. Az qala boğulurdu ki, mən əlimi uzadıb onu xilas etdim və sudan çıxardım. Bundan sonra o özündən getdi və uzun müddət bu vəziyyətdə qaldı. Bu vaxt ikinci yoldaşım da həmin işi təkrarlamaq istədi, lakin onun da başına eyni iş gəldi. Mən təəccüb içində qalmışdım.

Mən ev sahibinə dedim: “Allahdan və səndən əvf diləyirəm. And olsun Allaha ki, nə üçün göndərildiyimi, kimin yanına gəldiyimi bilmirdim. Allaha tövbə edirəm”. Lakin o bizim dediklərimizə fikir verməyib öz işi ilə məşğul idi.

Biz qorxuya düşüb onun yanından uzaqlaşdıq. Mötəzid isə bizi gözləyirdi. O bizə icazə vermişdi ki, qayıtdığımız zaman istədiyimiz vaxt onun yanına gedək.

Biz gecə yarısı qayıtdıq və bir-başa Mötəzidin yanına getdik. Mötəzid nə olduğunu bizdən soruşduqda biz başımıza gələnləri ona danışdıq. Dedi: Vay olsun sizə, məndən qabaq kiminləsə görüşüb bu məsələni ona danışmısınız? Dedik: Xeyr. Dedi: Mən ciddi şəkildə sizə bunu qadağan edirəm – sonra çox möhkəm and içərək dedi ki, əgər bu məsələ kiminsə qulağına çatarsa, bizim boynumuzu vuracaq. Biz də o həyatda olduğu müddətcə bunu kimsəyə danışmağa cürət etmədik. Yalnız o öldükdən sonra danışa bildik”. (Ğeybə, Şeyx Tusi, 149, hədis 218, Biharul-ənvar, 52/51, hədis 36)

 

Bəndə: İdris

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 

Leave a Comment