Rəcətlə bağlı hədislər

Bismillahir rəhmanir rəhim

 

Rəcət barədə nəql edilən hədislərə misal olaraq aşağıdakıları göstərə bilərik:

1-Əba Əbdillah Sadiq (ə) buyurur: “Yerin onun üçün yarılacağı ilk şəxs və dünyaya qayıdacaq ilk şəxs Hüseyn ibn Əli (ə)-dır. “Rəcət” (qayıdış) ümumi deyil, xüsusidir. Yalnız xas iman sahibləri və xas şirk əhli rəcət edəcək”.

2-İmam Baqir (ə) buyurur: “Allah Rəsulu (s.ə.a.s) və Əli (ə) rəcət edəcəklər”.

3-Əbu Bəsir deyir: “Əbu Cəfər (ə) mənə dedi: İraq camaatı rəcəti inkar edirlər? Dedim: Bəli. Buyurdu: Məgər Quranı oxumurlar (ki, buyurur) “o gün hər ümmətdən bir dəstəni həşr edərik”? (Nəml surəsi, 83)”.

4-Əba Əbdillah (ə) buyurur: “Sanki mən Humran ibn Əyəni və Muyəssər ibn Əbdül-Əzizi görürəm ki, Səfa və Mərvə arasında qılıncları ilə (zalım) camaata zərbə endirirlər”.

Qeyd: Humran ibn Əyən və Muyəssər ibn Əbdül-Əziz İmam Sadiq (ə)-ın yaxın səhabələrindəndirlər.

5-Əba Əbdillah (ə) Nəml surəsi 83-cü ayənin izahında buyurur: “Qətlə yetirilən bütün möminlər rəcət edib (təbii) ölümlə öləcəklər. (Təbii ölümlə) ölən bütün möminlər də rəcət edib qətlə yetirilərək öləcəklər”.

6-Əbu Cəfər Baqir (ə) buyurur: “İlk rəcət edəcək şəxs sizin qonşunuz Hüseyn ibn Əlidir (ə). O, o qədər hakimiyyət edəcək ki, ta ki qocalıqdan qaşları gözlərinin üstünə düşəcək”.

7-Əmirəl-möminin (ə) uzun bir hədisdə buyurur: “Onlar (Peyğəmbərlər (ə)) mənə kömək edəcəklər. Yerin şərqindən qərbinə qədər nə varsa mənim olacaq. Allah Adəmdən (ə) Muhəmməd (s.ə.a.s)-ə qədər bütün mürsəl peyğəmbərləri diri olaraq qaytaracaq. Onlar mənim önümdə qılınc vuracaqlar.

Əcəb təəccüblüdür! Niyə də təəccüb etməyim, bir halda ki, Allah ölüləri dirildib qaytaracaq və onlar da dəstə-dəstə təlbiyə deyəcəklər: Ləbbəykə ya daiyəllah! (Ləbbeyk, ey Allaha doğru çağıran şəxs). Onlar Kufənin küçələrini dolduracaqlar. Kafirlərin, zalımların və onların əvvəldəki və axırdakı zalım köməkçilərinin boyunlarını vurmaq üçün qılınclarını sıyırıb çiyinlərindən asacaqlar… Həqiqətən də mənim qayıdışdan sonra bir qaydışım, rəcətdən sonra bir rəcətim olacaq. Mən qayıdışlar və rəcətlər sahibiyəm (bir neçə dəfə rəcət edəcəyəm)..”.

8-Əba Əbdillah Sadiq (ə) buyurur: “Allahın Adəmdən (ə) bu yana məbus etdiyi bütün peyğəmbərlər (rəcət) edib dünyaya qayıdacaqlar və Əmirəl-mömininə (ə) yardım edəcəklər. Bu barədə Allahu-təala buyurur: “Siz mütləq ona iman gətirəcəksiniz”(Ali-İmran, 81)-yəni, Allah Rəsuluna (s.ə.a.s). “Və yardım edəcəksiniz”- yəni, Əmirəl-mömininə (ə)”.

9-İmam Sadiq (ə)-dan “O gün hər ümmətdən bir dəstəni həşr edərik” ayəsi barədə sual soruşuldu. Buyurdu: Camaat bu ayə barədə nə deyirlər? (Ravi deyir) dedim: Deyirlər ki, qiyamətə aiddir. Buyurdu: Görəsən (ola bilərmi ki,) Allah qiyamət günü hər ümmətdən bir dəstəni dirildib başqalarını tərk etsin? Bu ayə rəcətə aiddir. Qiyamətə aid olan ayə isə budur: “Onları həşr edərik və onlardan bir kəs belə saxlamarıq..”.

10-Əbu Cəfər Baqir (ə) “Həlak etdiyimiz şəhərlər(in əhalisinə) qayıtmaq haramdır”(Ənbiya, 95) ayəsi barədə buyurur: “Allahın əzabla həlak etdiyi heç bir məmləkətin əhalisi rəcət zamanı (dünyaya) qayıtmayacaq. Bu ayə rəcətə dəlalət edən ən böyük dəlillərdəndir. Çünki heç bir müsəlman inkar etmir ki, -istər həlak olsunlar, istərsə də olmasınlar- bütün insanlar qiyamət günü (Allahın hüzuruna) qayıdacaqlar. Allahu-təalanın buyurduğu “qayıtmayacaqlar” sözü rəcətə aiddir. Qiyamətdə isə qayıdacaqlar və Cəhənnəmə daxil olacaqlar”.

 

Biharul-Ənvar, Əllamə Məclisi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment