“Rəcət” haqqında qısa tədqiqat

 Bismillahir Rəhmanir Rəhim

Rəcət mövzusu ilə bağlı olduqca çoxlu hədislər varid olmuşdur. “Rəc`ət”, qayıdış deməkdir. Alimlər bu məsələ ilə bağlı çoxlu bəhslər aparmış, bu barədə – istər keçmiş, istərsə də indiki dövrdə – bir çox kitablar qələmə almışlar.

Ümumi olaraq desək, bu hədislərdən belə bir nəticə alınır ki, Allahu-təala həzrəti Məhdi (ə.f)-in zamanında bir sıra şəxsləri öz qəbirlərindən (dirildib) qaldıracaqdır. Lakin bu dirildilmə ümumi olmayacaq. Belə ki, bu dirildilmə yalnız xüsusi insanlara aid olacaq. Bu xüsusi insanlar isə əsl xalis möminlər və xalis kafirlərdir. Allahu-təala xüsusi möminləri İmamın (ə.f) dövlətini görsünlər və bununla gözləri nurlansın deyə dirildəcəkdir. Kafirləri isə, Allahın öz dostlarına verdiyi vədi, Onun onlara necə kəramət və yardım etdiyini görsünlər deyə dirildəcəkdir; Allah onları dirildəcək ki, haqq dövlətinin qurulduğunu görsünlər. O zaman kafirlər şahid olacaqlar ki, Allahu-təala öz dostlarına yardım, qələbə və zəiflikdən sonra güclülük qazanacaqları barədə və həmçinin kafirləri zəlil və rüsvay edəcəyi barədə verdiyi vədinə necə sadiq qalmışdır. Beləcə Allah onlardan intiqam alar və onlar etdikləri pis əməllərin bir qisminin cəzasını axirətdən qabaq bu dünyada alarlar. Əli ibn İbrahim Qummi (r.ə) deyir: Rəcəti inkar edənə cavab olaraq Allahu-təalanın bu kəlamını göstərə bilərik: “O gün hər bir ümmətdən (müəyyən) bir dəstəni toplayarıq” (Nəml surəsi, 83). Əli ibn İbrahim Qummi (r.ə) deyir: Atam mənim üçün İbni Əbi Umeyrdən, o Həmmaddan, o da Əba Əbdillah (ə)-dan (Hz.Cəfər Sadiq (ə))  nəql etdi ki, həzrət (ə) (Həmmada) buyurub: “Camaat bu ayə barədə nə deyir: “O gün hər bir ümmətdən (müəyyən) bir dəstəni toplayarıq”. Dedim: Deyirlər bu, qiyamət günü baş verəcək. Buyurdu: Onların dediyi kimi deyil. Bu ayə rəcətlə bağlıdır. Məgər ola bilərmi ki, Allah qiyamət günü hər bir ümmətdən müəyyən bir dəstəni toplasın, lakin qalanlarını boşlasın? Qiyamətə aid olan ayə budur: “Və (o zaman) onları toplayar və onlardan birini belə yerdə qoymarıq”(Kəhf surəsi, 47), həmçinin: “Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar”(Ənbiya surəsi, 95).”

Sonra İmam Sadiq (ə) buyurdu: Küfrdə həddi aşan və Allahın əzabla aradan apardığı toplumlar rəcət günü qayıtmayacaqlar, lakin qiyamət günü toplanacaqlar. Rəcət günü küfrdə həddi aşan, lakin əzabla aradan aparılmayan şəxslər qaytarılacaqlar”. (“Təfsiri-Qummi”, 1/24, “Təvilul Ayat”, Şərəfuddin Hüseyni, 1/409, hədis 14)

“Bəsairud-dəracat” kitabında nəql edilir ki, bir şəxs Əba Əbdillah (ə)-a dedi: Ammə (müxaliflərə verilən ad-müt.) belə iddia edir ki, “O gün hər bir ümmətdən (müəyyən) bir dəstəni toplayarıq” ayəsi qiyamət barədədir. Əba Əbdillah (ə) dedi: Allah qiyamət günü bir dəstəni dirildəcək, qalanlarını isə boşlayacaq? Xeyir, o ayə rəcət barədədir. Qiyamət ayəsi isə budur: “Və (o zaman) onları toplayar və onlardan birini belə yerdə qoymarıq” (Kəhf surəsi, 47). (“Muxtəsəru bəsairid-dərəcat”, Həsən ibn Salman Hilli, 43)

Habelə, Əimmə (ə) bəzi dualarda möminləri təşviq etmişlər ki, Allahdan həzrəti İmam Məhdinin (ə.f) zamanını görmədən öldükləri təqdirdə onları o həzrətin (ə.f) qiyamı vaxtı diriltməsini istəsinlər. Belə ki, mömin bəndə Allahu-təalanın onu (İmamına yardım etmək üçün) qəbirdən qaldıracağına umüdvar olmalıdır. “Əhd” duasında gəlmişdir ki, “İlahi, əgər bəndələrinin üzərində mütləq gerçəkləşəcək olan ölüm mənimlə onun (İmam Məhdinin (ə.f))arasında ayrılıq salarsa, məni kəfənimə bürünmüş, qılıncımı siyirmiş, nizəmi qaldırmış və dəvət edənin dəvətini qəbul edən bir halda.. qəbrimdən çıxar!”  

Bəzi hədislərdə gəlmişdir ki, İmam (ə.f) zühur etdiyi zaman bəzi ölən möminlərə qəbirlərində bu barədə xəbər verilər. Müfəzzəl ibn Ömər deyir: “Qaim və onu gözləyərkən ölən əshabından söz açdıq. Əba Əbdillah (ə) buyurdu: O (ə.f) qiyam etdiyi zaman möminin qəbrinə gəlib ona deyərlər: Ey bura(da yatan şəxs)! Sənin sahibin zühur edib, əgər ona qoşulmaq istəyirsənsə, (qalx) qoşul, (yox) əgər Rəbbinin kəraməti içərisində qalmaq istəyirsənsə, onda qal”. (“Ğeybəti Tusi”, 409)

Rəcətə dəlalət edən ayələrdən biri də bu ayədir: “Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında  və şahidlərin(in) ayağa qalxdıqları gündə kömək edərik”. (Ğafir surəsi, 51) Hədislərdə deyilib ki, “dünya həyatındakı kömək” rəcət vaxtı olacaqdır. Bu barədə varid olan hədislərdən biri də Cəmil ibn Dərracın İmam Sadiq (ə)-dan nəql etdiyi aşağıdakı hədisdir. Cəmil ibn Dərrac deyir: “Həzrətə (ə) Allahu-təalanın “Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında  və şahidlərin(in) ayağa qalxdıqları gündə kömək edərik” ayəsi barədə sual etdim, İmam (ə) buyurdu: “And olsun Allaha ki, (bu ayə) rəcət barəsindədir. Məgər bilmirsən ki, Allahın bir çox peyğəmbərinə dünyada kömək edilməyib və onlar qətlə yetiriliblər? Həmçinin, imamlar da qətlə yetiriliblər və onlara kömək edilməyib? Bu (onlara (ə) yardım edilmə), rəcət günü baş verəcək”.

Şeyx Abdullah Həsən Ali Dərviş, “Məhdiyyul uməm”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment