Bismillahir Rəhmanir Rəhim
Varlıq aləminin həşri dedikdə bütün varlıqların bir yerə toplaşması və Haqqın hüzurunda cəmlənməsi nəzərdə tutulur. Bütün mövcud varlıqlar təbiət aləmində fəna olduqdan sonra axirət dünyasına qovuşur və onlar həmin dünyada bir yerə toplaşırlar. Quran ayələrində bütün varlıqların həşrinə işarə edilir. İnsan, cin, şeytan və heyvanlar həşr mərhələsi keçməli olurlar.
Ənam surəsi, 38-ci ayə:
Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir, Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir, onlar da öz qabiliyyətinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər.) Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəklər.
Şura surəsi, 29-cu ayə:
Göyləri, Yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!
Yuxarıdakı ayələrdə Göy və Yerdə olan bütün canlı aləmin bir yerə toplaşması vurğulanır. Burada (ərəbcə variantında) işlənən “dabbə” sözü canlı varlıq mənası ifadə edir. Canlı aləmdə istər təkhüceyrəli varlıq, istərsə də nəhəng heyvanlar ola bilir. Bundan başqa, Qurani-kərim qiyamət zamanı bütün Yerin və dağların hərəkətə gələrək dağılması və həşrini nəzərdə tutur. Yəni həşr anlamı geniş məzmunu əhatə edir və qiyamətlə bağlı işlənir.
Yerin hərəkətə gəlməsi və hər bir varlığın həşri barədə belə buyrulur.
Kəhf surəsi, 47-48-ci ayələr:
O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq.
Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. Onlara belə deyiləcək: “Siz Bizim yanımıza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz elə güman edirsiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!”
Başqa bir ayədə təqva sahibi olan və ya pis əməl görənlərin Allah hüzurunda toplanmasına işarə edilir.
Məryəm surəsi, 85-86-cı ayələr:
O gün (qiyamət günü) Biz təqva sahiblərini Rəhman Allahın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn qonaqlar) kimi cəm edərik.
Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.
Aşağıdakı ayələrdə cin tayfasının həşri diqqətə çatdırılır.
Ənam surəsi, 128-ci ayə:
Allah (insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Cinlərin insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” Allah buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan şəxslər) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir!
Saffat surəsi, 158-ci ayə:
(Müşriklər həm də özlərindən) Allahla cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
Qurani-kərim şeytanların da həşrini nəzərdə tutur.
Məryəm surəsi, 68-ci ayə:
(Ya Məhəmməd!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.
Başqa bir ayədə isə vəhşi heyvanların həşri nəzərə çatdırılır.
Təkvir surəsi, 5-ci ayə:
Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
Abdulla Nəsri, Quranda dunyaşünaslığın əsasları
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.