Quranda İmam Məhdiyə (ə.f) işarələr

Bismillahir Rəhmanir Rəhim

Məhdəviyyət mövzusu hər iki məzhəbin mənbələrində öz əksini tapmış inkaredilməz məsələlərdəndir. Hər iki firqə vasitəsilə nəql edilən və təvatür həddinə çatan hədislər bu inancın doğruluğundan xəbər verir. Lakin, bildiyimiz kimi bəzi qərəzli şəxslər bu qədər səhih və mütəvatir həddə olan hədisləri bilərəkdən və ya bilməyərəkdən görməzdən gələrək məsələni başqa yönə sapdırmağa çalışır və “nə üçün bu qədər əhəmiyyətli olmasına baxmayaraq İmam Məhdinin (ə) adı və ya məhdəviyyət inancı Qurani-Kərimdə gəlməmişdir” deyə yersiz şübhələr ortaya atırlar.  Heç şübhəsiz ki, bu iddia və  şübhələr tamamilə əsassız və puç hesab edilir. Çünki əvvəla bir şeyin və ya şəxsin adının Qurani-Kərimdə  qeyd edilməməsi o şeyin və ya o şəxsin mövcud olmamasına, yaxud da önəmsiz olmasına dəlil ola bilməz. Belə ki, 124 min peyğəmbərdən yalnız iyirmi altı və ya iyirmi yeddisinin adı Qurani-Kərimdə çəkilmişdir. Belə olduğu təqdirdə deyə bilərikmi ki, digər peyğəmbərlər mövcud olmamışlar və ya onların heç bir əhəmiyyəti və dəyəri olmayıb? Əlbəttə ki, xeyr! Sadəcə olaraq hikmət sahibi olan Allah müəyyən məsləhətlərə əsasən onlardan sadəcə cüzi bir qisminin adını öz müqəddəs kitabında gətirmişdir.

Digər tərəfdən, Qurani-Kərimdə hər bir önəmli hadisə və ya şəxsin adı, ünvanı göstərilməlidir deyə bir iddia etmək, sadəcə olaraq məlumatsızlıqdan qaynaqlana bilər. Bildiyimiz kimi, bir çox Quran ayəsi “mütəşabih” ayələr qismindəndir və bir çox gizli sirrlər də məhz bu ayələrin altında yatır. İnsanlığa çatdırmaq üçün istənilən mesajlar məhz belə ayələrin daxilindədir. Belə ayələri izah etmək isə həzrəti Peyğəmbər (s) və Əhli-beytinə (ə) aiddir. Onlar – Allahu təalanın öyrətdiyi kimi –bu ayələri ümmətə və bəşəriyyətə açıqlayaraq izah edir, onlarda olan gizli nöqtələrlə insanları tanış edirlər. Həzrəti Məhdi (ə), onun inqilabı və hərəkatı məsələsi də daha çox mütəşabih ayələrdə yer alan məsələlərdəndir. Həzrəti Rəsulullah (s) və İmamlarımız (ə) öz mübarək hədislərində bu ayələrin bir qismini bizlər üçün təfsir etmişlər. Bu fikrə dəlil olaraq aşağıda Ayətullahul-üzma Seyyid Sadiq Şirazinin (d.z) “Məhdi Quranda” kitabına istinadən bir neçə ayə və onların təfsirini gətirəcəyik. Məhdudiyyəti nəzərə alaraq belə ayələrdən çox cüzi bir hissəni misal olaraq təqdim edirik:

1-ci ayə. “Xeyir işlərdə tələsin. Harada olursanız olun (fərq etməz), Allah sizi bir yerə toplayacaqdır”. (Bəqərə surəsi, 148)

Hafiz Qunduzi öz isnadı ilə nəql edir ki, İmam Sadiq (ə) bu ayə barədə buyurdu: “Yəni, Allah (İmam Məhdinin) üç yüz on neçə nəfərdən ibarət olan əshabını bir araya toplayacaq. And olsun Allaha ki, onlar “məhdud sayda olan dəstə”dirlər. Bir saatın içində payız buludları kimi bir araya gətiriləcəklər”.

2-ci ayə. “Allah iman gətirənləri xalis edib və saflaşdırsın, kafirləri də tədriclə məhv etsin deyə..” (Ali İmran, 141)

Şafei fəqi Həmvini Səid ibn Cübeyrdən, o da İbn Abbasdan nəql edir ki, Allah Rəsulu (s) buyurdu: “Həqiqətən də Əli mənim vəsimdir. Onun övladlarından biri Müntəzərdir (İmam Məhdidir). O, yer üzünü haqsızlıq və zülm bürüdükdən sonra doğruluq və ədalətlə dolduracaq. And olsun məni müjdə verən və qorxudan olaraq göndərən Allaha ki, onun qeybə çəkildiyi zamanda onun imamətinə etiqad edib (bu etiqadda) sabit qalanlar qırmızı kibritdən daha dəyərlidirlər. ( qırmızı kibrit ən az tapılan nemətlərdəndir. Müt.)

Cabir ibn Abdullah onun (s) yanına gəlib dedi: Sənin övladlarından olan Qaim qeybə çəkiləcək?

Buyurdu: Bəli, and olsun Rəbbimə. Allah iman gətirənləri xalis edib və saflaşdırsın, kafirləri də tədriclə məhv etsin deyə (bu baş verəcəkdir).. “ Deyirəm: Bu hədisi İbn Xəldun “Müqəddiməd”ə, şafei alimi Hafiz Nurəddin Əbu Bəkr Heysəmi “Məcməul-fəvaid” kitabında və digərləri başqa kitablarda gətirmişdir.

3-cü ayə. “Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən qabaq ona  iman gətirməsin. O da Qiyamət günü onlara şahid olacaqdır”. (Nisa surəsi, 159)

Hafiz Qunduzi öz sənədi ilə nəql edir ki, İmam Baqir (ə) bu ayənin təfsirində buyurdu: “İsa (ə) Qiyamət günündən qabaq dünyaya enəcək. Yəhudi və ya digər elə bir millət qalmayacaq ki, ölməmişdən qabaq ona (İmam Məhdiyə (ə)) iman gətirməmiş olsunlar. İsa (ə) Məhdinin arxasında namaz qılacaq”.

Maliki məzhəbli İbn Səbbağ və digərləri də bu hədisi nəql etmişlər. Deyirəm: Həzrəti Məhdi (ə) zühur edən zaman İsa (ə) da dünyaya enəcək və (ə) İmam Məhdinin (ə) arxasında namaz qılacaq. Xristianlar həzrəti İsanın (ə) İmam Məhdinin (ə) arxasında namaz qıldığını görüncə İmama iman gətirəcəklər. Yəhudilər də həzrəti Məhdiyə (ə) Tövratın lövhələrini Fələstində (bir yerdən) çıxartması səbəbilə iman gətirəcəklər. Həmin lövhələrdə isə həzrəti Məhdinin (ə) əlamət və nişanələri olacaq. Yuxarıdakı ayədəki “..ölümündən qabaq ona  iman gətirməsin” cümləsindəki “ona” əvəzliyi İmam Məhdiyə (ə) işarədir.

4-cü ayə. “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (Maidə surəsi, 54)

Hafiz Qunduzi rəvayət edir ki, Süleyman ibn Harun əl-Əcli dedi: Əba Cəfərin (İmam Sadiqin) (ə) belə buyurduğunu eşitdim: “Bu əmrin sahibi – yəni, İmam Məhdi (ə) – (Allah tərəfindən) qorunub saxlanılır. Əgər insanlar hamısı dindən dönsələr, Allah (onların yerinə) onun əshabını gətirər. Onlar o şəxslərdirlər ki, Allah onlar barədə buyurur:

Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə, Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər”.

5-ci ayə. “Səndən saatın nə vaxt baş verəcəyi barədə soruşurlar? De: “Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onun vaxtı çatanda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir””. (Əraf surəsi, 187)

Hafiz Qunduzi rəvayət edir ki, Müfəzzəl ibn Ömər İmam Sadiqin (ə) “Səndən saatın nə vaxt baş verəcəyi barədə soruşurlar?” ayəsini belə təfsir etmişdir: “(Yəni) Qaimin qiyamı vaxtı (barədə soruşurlar?)”

Deyirəm:  Bir çox hədislərdə gəlmişdir ki, İmam Məhdinin (ə) qiyam vaxtı Allahın elmində olan bir işdir. Onun nə vaxt olacağı barədə Allah Rəsulundan (s) və Əmirəl-möminin Əlidən (ə) sual soruşulduğu zaman onlar belə cavab vermişlər: “Bu barədə soruşulan soruşandan çox bilmir”. (Yəni, mən də sənin kimi onun vaxtını bilmirəm).

6-cı ayə. “Əgər imanınız olsa Allahın sizin üçün saxladığı şey daha xeyirlidir..” (Hud surəsi, 86-cı ayə)

Şafei alimi Seyyid Mömin Şəblənci “Nurul-əbsar” kitabında Əba Cəfər (ə)-dan (İmam Baqirdən (ə)) nəql edir ki, həzrət uzun bir hədisdə belə buyurdu:

“…O (Məhdi (ə)) qiyam etdiyi zaman arxasını Kəbəyə söykəyəcək və bu zaman onun ətrafında üç yüz on üç nəfər adamı olacaq. Bu zaman onun deyəcəyi ilk söz həmin bu ayədir: “Əgər imanınız olsa Allahın sizin üçün saxladığı şey daha xeyirlidir..” Sonra deyəcək: Mən Allahın sizin üçün saxladığıyam, mən Onun xəlifəsiyəm, Onun sizin üzərinizə olan höccətiyəm. Hamı ona bu şəkildə salam verəcək: Salam olsun sənə ey Allahın yer üzündə saxladığı şəxs!”

 Əssəlamu əleykə ya Bəqiyyətallahi fi ərzih!

Yuxarıda qeyd etdiyimiz və qeyd edə bilmədiyimiz bir çox bənzəri ayələr və təfsirləri bir daha sübut edir ki, Qurani-Kərim üstü-örtülü də olsa bir çox yerdə həzrəti Məhdidən (ə) söz açmış, o həzrətin qiyamına və daşıyacağı ilahi missiyaya toxunmuşdur.

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Quranda İmam Məhdiyə (ə.f) işarələr”

Leave a Comment