Quran və İmamət

Bismillahir Rəhmanir Rəhim

Quran, bu böyük səmavi kitab hər şeyi aydın şəkildə açıqlamış, hətta imamət məsələsindən də yan keçməmişdir.Bu məsələni müxtəlif yöndən  araşdırmışdır.

1.Quran imaməti Allah tərəfindən hesab edir

Ötən dərslərdə dediyimiz kimi, Quran İbrahim peyğəmbərin imamət məqamına nübuvvət məqamına çatdıqdan və bir sıra çətin sınaqlardan keçdikdən sonra yetişdiyini bildirir. Bu məsələ Bəqərə surəsinin 124-cü ayəsində açıqlanmışdır: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «Səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm» deyə buyurdu.

Müxtəlif Quran və tarix nişanələri göstərir ki, İbrahim(ə) imamət məqamına  Babil bütpərəstləri ilə mübarizədən, Şama hicrət etdikdən, Kəbə məscidini düzəltdikdən və İsmayılı qurban kəsməyə apardıqdan sonra nail olmuşdur.

Əgər nübuvvət məqamının təyini Allahın ixtiyarındadırsa, ondan dəfələrlə üstün olan imamət məqamı da onun ixtiyarında olmalıdır. İmamət məsələsi camaatın rəyi əsasında təyin olunmuş deyil. Bundan əlavə, Quran özü bu cür ifadə ilə buyurur: «Səni insanlara imam təyin edəcəyəm.» (Deməli, bu iş Allahın ixtiyarındadır.) Quranın digər bir ayəsində Allahın böyük peyğəmbərləri İbrahim, Lut, İshaq və Yaqub barədə bu cür deyilmişdir: «Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik.» (Ənbiya, 73).

Quranın bir çox başqa ayələrində də bu işin Allah tərəfindən təyin olunduğu bildirilmişdir. İbrahim peyğəmbərin imamətinə dair olan ayədə görürük ki, İbrahim peyğəmbər bu məqamı onun övladlarına da nəsib olmasını istədikdə mənfi cavab aldı: «İbrahim: Nəslimdən necə?-deyə soruşdu. Allah onun cavabında «(Sənin nəslindən olan) Zalımlar mənim imamlığıma nail olmazlar» buyurdu. «Zalım» sözünün leksik mənası və Quranın bu barədəki məntiqinə nəzər yetirdikdə məlum olur ki, bu sözün geniş mənası vardır. Bu söz bütün günahlara, zahiri və batini günahlara da aiddir. Bu işi (insanın zahir və batində gördüyü günahları) Allahdan başqa heç kimi bilmədiyinə görə, məlum olur ki, imam təyin etmək yalnız Allahın ixtiyarındadır.

2.Təbliğ ayəsi

Maidə surəsinin 67-ci ayəsində gəlmişdir: «Ya peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz.»

Bu ayənin ahəngindən başa anlaşılır söhbət peyğəmbərin boynunda olan ağır məsuliyyətdən gedir. Özü də, peyğəmbərə nigarançılıq üz vermişdi. Bu məsuliyyət camaatın bir dəstəsinin qarşı çıxmasına səbəb ola bilərdi. Buna görə də, ayədə bu məsuliyyət və təbliğin camaata çatdırılması təkid olunmuş və peyğəmbərə nigarançılıqların müqabilində xatircəmlik verilmişdir.

Bu mühüm məsələ yəqin ki, tövhidə, yəhudi və münafiqlərlə mübarizə aparmağa aid deyil. Çünki o vaxt (Maidə surəsi nazil olan zaman) bu məsələlərin hamısı həll olunmuşdu.

İslamın sadə ehkamlarını camaata çatdırmaq üçün də bu qədər nigarançılıq lazım deyil. Çünki ayənin zahirindən belə anlaşılır ki, bu məsuliyyət çox ağır və peyğəmbərliyə bərabər olan bir məsuliyyət imiş. Əgər bu iş həyata keçməsəydi, peyğəmbərlik vəzifəsi naqis və natamam qalardı. Bu məsələ peyğəmbərin özündən sonraya canişin təyin etmək məsələsindən başqa bir şey ola bilərdimi? Özü də bu ayə peyğəmbərin ömrünün son çağlarında nazil olmuşdur və peyğəmbərin risalətinin davamı olan canişinlik məsələsi ilə uyğun gəlir. Bundan əlavə, bir çox səhabələrdən rəvayət olunmuş hədislərdə, o cümlədən Zeyd ibn Ərqəm, Əbu-Səid Xidri, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Əbu-Hüreyrə, Hüzeyfə və İbn Məsuddan söylənilmiş hədislərdə, eləcə də sünni alimlərinin (təfsirçi, tarixçi və hədis deyənlərin) söylədiyi hədislərdə gəlmişdir ki, bu ayə (Maidə surəsinin 67-ci ayəsi) Həzrət Əli(ə) və Qədir-Xum hadisəsilə əlaqədar nazil olmuşdur. Qədir-Xum hadisəsini, inşaallah, gələn dərsdə açıqlayacağıq. İndi isə qısaca olaraq deyirik: bu ayə açıq-aşkar göstərir ki, peyğəmbərə ömrünün axırlarında son həccindən qayıdan zaman Əli(ə)-ı rəsmi olaraq öz canişini təyin edib camaata bildirmək əmr olunmuşdu.

3.(Ülul-əmr) «İxtiyar sahiblərinə itaət etmək» ayəsi

«Nisa» surəsinin 59-cu ayəsində oxuyuruq: «Ey iman gətirənlər! Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin.»

Bu ayədə ixtiyar sahiblərinə itaət heç bir şərt qeyd olunmadan Allah və peyğəmbərə itaət etməklə birgə deyilmişdir.

İxtiyar sahibləri  dedikdə hər bir zaman müsəlmanlara başçılıq edən xəlifələrmı anlaşılır? (Necə ki, bəzi sünni alimləri belə deyir.) Bu, heç bir məntiqə uyğun gəlmir. Çünki xəlifələrin bir çoxu hər hansı, zaman azğın, günahkar və zalım şəxslər olmuşlar. Bəlkə ixtiyar sahibləri dedikdə bütün xəlifələr başa düşülməlidir? Bu şərtlə ki, hakimiyyətləri şəriətin əksinə olmasın. Bu ehtimal da ayənin ümumiyyəti ilə uyğunlaşmır. Yoxsa, ixtiyar sahiblərin dedikdə peyğəmbərin bütün səhabələri nəzərdə tutulur? Bu ehtimal da ayənin hər əsr və zamana aid olan məfhumu ilə uyğun gəlmir.

Beləliklə, məlum olur ki, ixtiyar sahiblər dedikdə məqsəd hər zaman həyatda olan məsum rəhbərlərdir. Onlara itaət etmək vacibdir, əmrlərinə isə Allahın və peyğəmbərin əmrləri kimi tabe olmaq lazımdır.

İslami mənbələrdən söylənilmiş və ixtiyar sahibləri dedikdə Həzrət Əli(ə) və digər məsum imamların nəzərdə tutulduğunu söyləyən hədislər də bu məsələyə şahiddirlər.

4.(Vilayət)  rəhbərlik ayəsi

«Maidə» surəsinin 55-ci ayəsində gəlmişdir: «Sizin hamınız, rəhbəriniz ancaq Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır və rüku halında sədəqə( zəkat) verirlər.

«Vilayət» kəlməsi «vəliyy» sözünün köküdür. Bu sözün verdiyi məna müsəlmanların bir-biri ilə dostluğu deyil. Çünki bu dostluğun şərtə ehtiyacı yoxdur və bütün müsəlmanlar bir-biri ilə dostdurlar. Hətta rüku halında zəkat verməsələr də, «vəliyy» sözü müsəlmanlara maddi və mənəvi rəhbərlik etmə mənasına gəlir. Xüsusən, bu sözün Allah və peyğəmbərin rəhbərliyi ilə birgə gəlməsi bu məsələni daha da aydınlaşdırır. Bu da məlumdur ki, bu ayədə bəzi xüsusiyyət və nişanələrin qeyd olunması, namaz qılarkən rüku halında sədəqə (zəkat) verən müəyyən bir şəxsə işarə edir. Vacib deyil ki, insan namazın rükusunda sədəqə versin. Əslində bu bir nişanədir.

Bu nişanələrin hamısından belə məlum olur ki, bu ayə Həzrət Əli(ə)-ın əhvalıtına işarədir. O əhvalat bu cür olub: Bir gün Həzrət Əli(ə) məsciddə namaz qılırdı. Bir dilənçi məscidə girib kömək istədi. Lakin ona heç kim əl tutmadı. Bu vaxt namazın rükusunda durmuş Həzrət Əli(ə) sağ əlinin kiçik barmağını dilənçiyə tərəf uzatdı. Dilənçi yaxınlaşıb Həzrət Əli(ə)-ın barmağındakı qiymətli üzüyü çıxartdı. Peyğəmbər(s) gözucu bu hadisəni müşahidə edirdi. Namazdan sonra üzünü göyə tutaraq buyurdu: «İlahi! Musa(ə) səndən köksünün açılıb genişlənməsini, işinin yüngülləşməsini, sözünün yaxşı anlaşılması üçün dilindən düyünün açılmasını və qardaşı Harunun ona vəzir, köməkçi olmasını dilədi. Mən Məhəmməd(s) sənin seçilmiş peyğəmbərinəm. Mənim də köksümü genişlət, işlərimi asan et və ailəmdən olan Əlini mənə vəzir və köməkçi et. Onunla məni möhkəm və qüvvətli et.»

Peyğəmbərin duası qurtarmamış Cəbrail nazil olub həmin ayəni gətirdi. Təəccüblü budur ki, böyük sünni təfsirçilərinin əksəriyyəti, eləcə də tarixçi və hədis deyənləri bu ayənin Həzrət Əli(ə) barədə nazil olduğunu yazmışlar. Peyğəmbərin səhabələrinin on nəfərdən çoxu da bu ayənin Əli(ə) barədə nazil olduğunu şəxsən peyğəmbərin öz dilindən söyləmişlər.

 

Gənclər üçün üsuliddin haqqinda 50 dərs, Ayətullahül-üzma Nasir Məkarim Şirazi

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment