Bismillahir rəhmanir rəhim
Qum şəhəri, onun əhli və bu şəhərin gələcəyi barədə Əhli-Beyt (ə) hədislərində məlumat verilmiş, onun əhalisinin İmam Zaman (ə)-ın köməkçiləri olacaqları xəbər verilmişdir.
Bəzi rəvayətlərin bildirdiyinə əsasən bu şəhərin adı həzrəti Qaim İmam Məhdi (ə)-ın adı ilə, habelə bu şəhərin əhalisinin qiyam edib o həzrətə yardıma qoşulmaları ilə bağlıdır.
Əffan əl-Bəsri İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: “Bilirsən nə üçün Qum şəhəri belə adlanıb? Dedim: Allah və Onun Peyğəmbəri (s) daha yaxşı bilər. Buyurdu: Qum ona görə (Qum) adlanıb ki, onun əhalisi Ali-Muhəmmədin (ə) Qaiminin (ə) (ətrafına) toplanıb onunla birgə qiyam edəcəklər. Ona görə qiyam edəcək və ona yardım edəcəklər”.
Bəzi hədislərdə İmamlar (ə) Quma daha geniş məna vermişlər. Belə ki, bəzi hədislərdə Qum deyildikdə Qum əhalisinin əqidəsində, onların yolunda olan nəzərdə tutulub. Reydən olan bir dəstə şəxsdən nəql edilir ki, İmam Sadiq (ə)-ın yanına daxil olub dedilər: “Biz Rey əhlindənik. İmam buyurdu: Mərhəba Qum əhlindən olan qardaşlarımıza! Dedilər: Biz Rey əhlindənik. Buyurdu: Mərhəba Qum əhlindən olan qardaşlarımıza! Dedilər: Biz Rey əhlindənik. Həzrət yenə eyni sözü dedi. Onlar sözü təkrarladılar, İmam (ə) da əvvəlki cavabı verdi. Və buyurdu: Allahın bir hərəmi vardır, o Məkkədir. Onun Rəsulunun (s) da bir hərəmi vardır. O Mədinədir. Əmirəl-mömininin (ə) bir hərəmi vardır, o da Kufədir. Bizim də bir hərəmimiz var və o da Qum şəhəridir. Orada mənim övladlarımdan Fatimə adlı bir qadın dəfn olunacaq. Kim onu ziyarət etsə, Cənnət ona vacib olar. Ravi deyir: Həzrət (ə) bu sözü buyurarkən Kazim (ə) dünyaya gəlməmişdi” (Bihar: c.60, səh.216).
Yəni, Qum İmamların (ə) hərəmidir və Rey və digər yerlərin camaatı Qum əhlindən sayılırlar. Çünki onlar da Qum əhlinin əqidəsində və onların yolundadırlar.
Buna əsasən də mümkündür ki, hədisi-şəriflərdə “Qum əhli” deyilərkən onlarla eyni əqidədə olan bütün İran camaatı nəzərdə tutulmuş olsun, habelə sair ərazilərin əhalisi (Şeyx Əli əl-Kəvrani, “Asruz-zuhur”).
İmam Rza (ə)-dan nəql edilən digər bir hədisdən isə belə başa düşülür ki, İmamların (ə) Qum əhlinin həzrəti Məhdi (ə)-ın yardımına hazırlamaları hələ bu şəhərin əsası qoyulduğu ilk dövrlərdən etibarən olmuşdur və qumluların İmam Məhdi (ə)-a olan məhəbbətləri hələ o həzrət dünyaya gəlməmişdən qabaq mövcud olmuşdur.
Səfvan ibn Yəhya belə nəql edir: “Bir gün Əbul-Həsən (ə)-ın yanında idim. Bu vaxt Qum camaatından, onların Məhdiyə olan meyillərindən söz düşdü. Həzrət (ə) onlara rəhmət oxuyub dedi: Allah onlardan razı olsun. Sonra buyurdu: Həqiqətən də Cənnətin səkkiz qapısı vardır. Onun biri Qum əhli üçündür. Onlar bütün ölkələrdə içərisində bizim şiələrimizin ən yaxşılarıdırlar. Allah onların torpaqlarını bizim vilayətimizlə yoğurmuşdur!” (Bihar: c.60, səh.216)
Biz müşahidə edirik ki, Qum camaatının İmam Məhdi (ə)-a olan məhəbbətləri bu günədək öz hərarət və canlılığını qoruyub saxlayır. Bunu onların imanlarında, əməllərində, adət-ənənələrində, övladlarını, məscidlərini və müəssisələrini İmam Məhdi (ə)-ın adı ilə adlandırmalarında görmək mümkündür.
İmam Sadiq (ə)-dan nəql edilən iki rəvayət Qumun gələcəyindən və onun zühur ərəfəsindəki rolundan danışmışdır.
Bu rəvayətlərin birincisində Həzrət (ə) buyurur: “Allah Kufə ilə sair şəhərlərə, onun əhlindən olan möminlərlə də də sair şəhərlərin əhlinə höccəti tamam etmişdir. (Habelə) Qum ilə sair şəhərlərə, onun əhli ilə də bütün şərq və qərbin cin və insanlardan olan əhlinə höccəti tamam etmişdir. Allah Qumu və onun əhalisini müstəzəf (zəif) etməmiş, əksinə onları müvəffəq edib gücləndirmişdir. Sonra buyurdu: Həqiqətən də bəlalar Qumdan və onun əhlindən uzaq edilmişdir. Bir zaman gələcək ki, Qum diyarı və onun əhli sair məxluqata höccət olacaqlar. Bu bizim Qaimimizin (ə) qeybəti dövründə (olacaq) və onun zühurunadək davam edəcək. Əgər belə olmasaydı, yer öz əhlini udardı. Mələklər bəlaları Qumdan və onun əhlindən uzaqlaşdırarlar.
Hansı zalım oraya bir pislik etmək istəsə zalımları məhv edən Allah onu məhv edər. Onu bir bəla ilə, müsibət və ya düşmən ilə məşğul edər. Allah zalımlara öz dövlətlərində (öz hakimiyyət dövrlərində) Qum və onun əhlini unutdurar, necə ki, onlar Allah zikrini unutmuşlar”.
İkinci rəvayətdə isə deyilir:
“Kufə möminlərdən xali olacaq (Kufədə mömin qalmayacaq). İlan yuvasından sıyrılıb (çıxdığı) kimi elm də ondan çıxacaq. Sonra elm Qum deyilən bir şəhərdə peyda olacaq. Bu şəhər elm və fəzilət mədəninə çevriləcək. Ta ki yer üzündə dində zəif olan bir şəxs qalmayacaq, hətta evlərdəki qadınlar belə. Bu bizim Qaimimizin (ə) zühuruna yaxın zamanda baş verəcək. Allah Qumu və onun əhlini höccəti tamam edənlər qərar verəcək. Əgər belə olmasaydı yer öz əhlini udar və yer üzündə höccət qalmazdı. Elm bu şəhərdən şərqin və qərbin digər diyarlarına axacaq. Beləcə Allahın bəndələr üzərinə höccəti tamam olacaq və yer üzündə din və elm çatmamış bir şəxs qalmayacaq. Sonra Qaim (ə) qiyam edəcək..”(Biharul-Ənvar: c.57, səh.213).
Elə isə bu iki hədis üzərində yaxşıca düşünün və orada qeyd edilən vəsflərə diqqət yetirin.
Bu günkü gündə (məsum İmamın (ə) da buyurduğu kimi) Qum şəhərinin ən əsas elm mərkəzinə çevrilməsi və İmamın (ə) “bu bizim Qaimimizin (ə) zühuruna yaxın zamanda baş verəcək” deyə buyurması ona dəlalət edir ki, artıq zühur yaxınlaşmışdır və dünya ədalət günəşinin doğuşunun astanasındadır..
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.