Aşura mərasimində azyaşlı uşaqların dini geyimdə mərasimlərdə iştirakı və dini ayinləri icra etməsi ciddi müzakirələrə səbəb olub.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı, hacı Şahin Həsənli “Qafqazinfo”ya açıqlamasında bu hallara münasibət bildirib.
O qeyd edib ki, bəzi insanlar əzadarlıq mərasimlərinə səhv yanaşır: “Kərbəla hadisənin il dönümü Azərbaycanda hər il bu ayinlər şəklində həyata keçirilir. Sovet dönəmində də bu belə olub. Əzadarlıq eşq, məhəbbət məktəbidir.
Bəziləri deyir ki, bu mərasimlərdə radikal insanlar formalaşa bilər. Əksinə, əzadarlığın mahiyyətində insanlığa məhəbbət dayanır və radikal zeyniyyətə qarşıdır. Başqa insana görə yanmaq, onun qəmi ilə qəmlənmək müsbət bir haldır. Eşqi, məhəbbəti dindən çıxartsaq, onda sərt ehkamçılıq qalır və radikallığa meyl yaranır. Radikallıqla mübarizənin əsas yollarında biri əhli-beytə məhəbbətdir. Bu mərasimlərdə eyni zamanda şəhidlik məktəbi təbliğ edilir. Şəxsən bizim məscidimizdə 10 gün ərzində hər gün şəhidlər yad edildi, onların fotoları olan stendlər məscidin divarlarına vuruldu.
Azyaşlı uşaqlar da valideynlərinin razılığı ilə bu mərasimlərdə iştirak edirlərsə, onlarda vətənpərvərlik əhval-ruhiyyəsinin yaranmasına gətirib çıxarır. Misal üçün, “20 Yanvar” faciəsinin ildönümündə valideynlər uşaqlarının əlindən tutub Şəhidlər Xiyabanına aparır”.
Ş.Həsənli bildirib ki, uşaqların mərasimlərdə iştirakı normaldır: “Aşura mərasimi də şəhidliyə sayğıdır. Uşaqların geyim məsələsinə gəldikdə isə dinimiz hicabı yalnız yetkinlik yaşına çatmış qız uşaqları üçün buyurub. Azyaşlı uşaqların hicab geyinməsi vacib bir hökm deyil. Uşaqlar valideynlərinin razılığı ilə bu mərasimlərdə iştirak edirsə, biz buna etiraz etmirik. Sadəcə mərasimlərin necə keçirilməsinə nəzarət etmək lazımdı. Bədəndən qan çıxartmaq haramdır. Amma Azərbaycanda mərsiyə mərasimləri var ki, burada təhlükəli bir şey yoxdur. Bunun təhsillə də hər hansı ziddiyəti yoxdur. Məscidlərə gələn şagirdlərlə şəxsən maraqlanıram, əlaçıdırlar. “Aprel şəhidləri”nin bir neçəsi bizim məsciddə ibadət edirdi. Bu mərasimlər radikallığı yox, mərhəməti təbliğ edir. Ona görə də əks mövqeni anlaya bilmirəm”.
QMİ nümayəndəsinin sözlərinə görə ifrat əzadarlıq təkcə uşaqlara deyil, böyüklərə də tövsiyə edilmir: “Azyaşlı uşaqların zəncir vurmasından insanlar çəkinməlidirlər. Bunu maarifçilik yolu ilə etmək lazımdır. Onlarla sayda məscidlərdə ifrat əzadarlıq olmayıb. Ara-sıra epizodik hallarda olur, amma ötən illərə nisbətən say kəskin şəkildə azalıb. İnternetdə Kərbəla ilə bağlı axtarış edəndə başını, üzünü qan bürüyən şəkillər çıxır. Bu da İmam Hüseynin şəxsiyyətini kiçiltmək məqsədi daşıyır”.
“Valideynlərinin razılığı ilə mərasimlərə gələn azyaşlı uşaqlar məqsəduyğun hesab etdiyiniz dini ayinlərin icrasında iştirak edə bilər?” sualına Hacı Şahin belə cavab verib:
“Əgər bu mərasimlər mötədil həddə keçirilirsə, hər bir insan iştirak edə bilər. Uşaqlar üçün valideynlərin razılığı şərtdir, zorla etmək olmaz. Əzadarlığın forması haqda isə dinimizin konkret göstərişi yoxdur. Bəzi insanlar kənardan müşahidə edir, məclislərin özündə iştirak etsələr, görərlər ki, o uşaqlar orada hər hansı ifrat hərəkətlərə yol vermirlər. Valideyn uşağın əlindən tutub mərasimə aparırsa, burada təhlükəli bir şey yoxdur”.
Dövlət Komitəsi uşaqların Aşura mərasimlərində iştirakına münasibət bildirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dünən ölkədə keçirilmiş Aşura mərasimlərində azyaşlı uşaqların iştirakına münasibət bildirib.
AQUPDK-nın İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, insan hüquqlarının müdafiəsi prinsipi çərçivəsində – həm konstitusiya, həm də beynəlxalq konvensiyaya əsasən Azərbaycan vətəndaşlarının ailə üzvlərinin dini mərasimlərdə iştirakına icazə verilir və onların hüquqları qorunur.
Onun sözlərinə görə, uşaqların hüquqları pozulmursa, təhsildən yayınma və sağlamlığına zərər vurma faktı yoxdursa, uşaqların dini mərasimlərdə iştirakına icazə verilir: “Lakin sağlamlığa zərər vuran hərəkətlərin edilməsi, qan tökülməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır”.
Şöbə müdiri qeyd edib ki, son illərdə Azərbaycanda azyaşlıların dini mərasimlərdə iştirakı ilə bağlı problemli məsələlər qaldırılmayıb: “Məsələ ilə əlaqədar zərərçəkən uşaqlar qeydiyyata alınmayıb. Dini mərasimlərdə iştirak zamanı uşağa qarşı zorakılıq faktı törədilərsə, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılması mümkündür”.
Zahid Oruc nə deyib?
“Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir. Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. “İmam Hüseynin müsibəti”, “İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristianlar dini mərasimləri zəncir vurmaqla, göz yaşlarını bu formada ictimailəşdirməklə, balaca uşaqların həyat yaşantısına çevirməklə qeyd edirlərmi? Onlar bu cür mərasim keçirirlərmi?”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, belə hallar yolverilməzdir: “Biz hansı dövrdə bu mərasimləri keçiririk? Bir daha deyirəm, məktəbi, kitabı və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məscidən, cameədən dövlət idarə olunmaz. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Bunların valideynləri cənnət axtarışı ilə onları xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq lazımdır”.
Milli Məclisin sədri Oqatay Əsədov isə Z. Oruca cavab olaraq deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: “Heç bir məsciddən dövlət idarə olunmur”.