Qiyamət

Bismillahir rəhmanir rəhim

 1. Sual: Qiyamət günü mütləq olacaqmı?

Cavab: O saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların bir çoxu (buna) inanmaz. (əl-Muminun surəsi, ayə 59)

2. Sual: Qiyamət günü necə olacaqdır?

Cavab: O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən və onları bir yerə toplayacağıq və onların heç birini [qələmdən salıb] kənarda qoymayacayıq. Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:) «Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!» (əl-Kəhf surəsi, ayə 47-48)

3. Sual: Qiyamət günündə müttəqilərin (təqva əhlinin, Allahdan qorxanların) və günahkarların halı necə olacaqdır?

Cavab: O gün (Qiyamət günü) Biz müttəqiləri (pərhizkarları) Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik (Məryəm surəsi, ayə 85-86)

4. Sual: Qiyamət günündə Qiyaməti qəbul etməyənlərin halı necə olacaqdır?

Cavab: Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət günü) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: «Dünyadakı təqsirlərimizə görə vay halımıza!» Bir baxın daşıdıqları şey (günah yükü) necə də pisdir! (əl-Әnam surəsi, ayə 31)

5. Sual: Qiyamət günündə insanların bədən üzvlərinin nə kimi rolu olacaqdır?

Cavab: Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. (ən-Nur surəsi, ayə 24)

6. Sual: Qiyamət günündə kafirlər nə arzu edəcəklər?

Cavab: Həqiqətən, Biz sizi yaxın bir əzabla (Qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı və pis) əməlləri görəcək, kafir isə: «Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!»- deyəcəkdir. (ən-Nəbə surəsi, ayə 40)

7. Sual: Allah-taala Qiyamət günündə insanları necə dirildəcəkdir?

Cavab: (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (Qiyamət günü Allah üçün) diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidən və görəndir! (Loğman surəsi, ayə 28)

8. Sual: Qiyamət günündə insanlar bir-birinin günahını daşıya biləcəklərmi?

Cavab: Heç bir günahkar başqasının günahını daşımaz. (Fatir surəsi, ayə 18)

9. Sual: Qiyamət günündə Allahın buyurduğu vaciblərə əməl edib, haram buyurduqlarından çəkinərək Peyğəmbər və onun Әhli-beytini qəbul edən xalis bəndələrin aqibəti necə olacaqdır?

Cavab: Allahın xalis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir). Məhz onlar üçün məlum bir ruzi vardır. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar. Nəim cənnətlərində. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən və behiştdə çay kimi axan) şərab (məin) dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən (bir şərab). Onun içində (dünyadakı şərabdan fərqli olaraq) əqli başdan çıxaran (başağrısı, süstlükverən) heç bir şey yoxdur. Onlar məst də olmazlar. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər). Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətinə) başlayacaqlar. (əs-Saffat surəsi,40-50-ci ayələr.)

 Bəşəriyyətin nicat yolu

Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

2 thoughts on “Qiyamət”

Leave a Comment