Bismillahir Rəhmanir Rəhim
Qiyamət barədə əqlin hökmü
Əgər nəqli dəlillərimiz olmasaydı, xalqı Qiyamət gününə inanmağa çağıran, onların danışıqlarının, əməllərinin, əqidələrinin sorğu-suala tutulacağını xəbər verən Peyğəmbərlər (ə) gəlməsəydilər də, əqlimiz ən böyük şahid və dəlil idi ki, bu fələklər və xilqətlərin gərdişi nəticəsiz olmayacaq. Bütün əql sahibləri ətrafına baxıb görür ki, gecə gündüz, gündüz gecə olur, yeyir, yatır, ifraz edir, cinsi yaxınlıqda olur, uşaq böyüyür, cavan qocalır və ölür. Müşahidə etdiyiniz bu sonsuz, geniş dəsgah elə bunun üçün imiş?! İnsan ifraz maşınımı yaradılıb?! Bu ki, əbəs və mənasız olardı! Bir halda ki, heyvanlar yeyirdi, cinsi yaxınlıq bacarırdı, insana nə ehtiyac vardı?!
Axirəti inkar edənlər Allahin hikmətini anlamayiblar
Axirəti inkar edənlər Allahı hikmət sahibi qəbul etmirlər (əstəğfirullah). Çünki onların dediyinə görə, bu yaradılış nəticəsiz və mənasızdır. (23-cü surə, 117-ci ayə) Amma səhv edirlər. Müşahidə etdiyimiz hər yerdə, hər şeydə min bir hikmət var. Onların bir hissəsinə bəşərin varması mümkündür. Aləmin ən zəif, kiçik hissəsi də məsləhətsiz, gərəksiz deyil, hətta sıradan çıxmış üzvlər də!
Məada şəkk yoxdur
Əgər insan öz vicdanına, əqlinə, fitrətinə müraciət etsə, anlayar ki, hər şeyə də şəkk edirsə, iki şeydə tərəddüd etməməlidir: məbdə (başlanğıc) və məad. Yəni məbdə-Allaha inam və məad-ölümdən sonrakı əbədi həyata inam! İnsanın bu iki həqiqətə şəkki onun şəhvətə, maddiyyata, günahlara bulaşması ilə fitrətinin zay olub, şübhəylə dolmasının nəticəsidir.
Əqlin hökmünə görə, fələklərin, aləmlərin, hər bir fərdin cisminin yaranışındakı məqsəd son gündə məlum olar. Ona görə də bu aləmdən sonra digər bir saray olmalıdır.
Cəza gününün olmasi Allahin ədalətinin şərtidir
Allahın sifətlərini bəyan edərkən demişik ki, Allah adildir. Bu ədalət tələb edir ki, insanlara əvəz verilsin. Ömrünü ibadət, itaət, xeyir işlərə sərf etmiş adamlar görürük ki, öz əməllərinin layiqli mükafatını dünyada almır. Eləcə də günakarlar görürük ki, öz pis, fəsad əməllərinin cəzasını almır, hətta çox vaxt fəsad əhlinin savab əhlindən daha xoş ömür keçirdiyini görürük. Eləcə də bəşərin bir-birlərinə etdiyi zülmlər, qəsbkarlıq, ziyankarlıq, qan tökülməsi göz qabağındadır. Bəli, hamının öz əməlinin əvəzini alcağı gün gəlməlidir. Allah hər kəsin haqqını verəcək (40-cı surə, 17-ci ayə). Məzluma zülm etmiş zalım, Vədə verilmiş oda atılacaqdır (18-ci surə, 28-ci ayə). Günahsız öldürülmüş şəxs öz qatilindən intiqamını alacaqdır (81-ci surə, 8-ci ayə). Məzlumun və qətlə yetirilmişin itkisi ödənəcək, əməlisalehlərə xeyir işlərinin və cüz”i şər işlərinin əvəzi veriləcək ki, ədalət zahir olsun.
Doğruçular Qiyamətdən xəbər verirlər
Bəşəriyyətin ən doğruçuları, dedikləri hər birimiz üçün dəlil olan peyğəmbərlər Qiyamətin gəlməsini xəbər vermişlər, hansı dindən, hansı məzhəbdən olmasından asılı olmayaraq, dünyanın bütün dindarları sorğu gününə inanmış və inanırlar. Qurani Kərimin Allaha e”tiqaddan söz açan əksər ayələrinin ardınca cəza günündən söz açan ayələr vardır. Bütün dinlər bu e”tiqadlarda (məbədə və məad) birdirlər.
Sadiq xəbər verənlər nə bir, nə on, minlərlə cəza gününü təsdiqləyən xəbərlər verirlər. Əqlə görə, belə günün varlığını hökmən qəbul etməliyik.
Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb Məad
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.