Qirqisiya döyüşü

Bismillahir Rəhmanir Rəhim

Qirqisiya: Suriyanın şimal hissəsində Fərat çayı ilə Xabur çayının Fərata tökülən hissəsinin arasında, Şam çölü ətrafında yerləşən bir məntəqənin adıdır. İraqla sərhəddən təxminən 100 km uzaqlıqda, Türkiyədən isə 200 km uzaqlıqda yerləşir. Hal-hazırda Deyrəz-Zur şəhəri yaxınlığındadır… Hədislərin də ifadə etdiyi kimi orada qızıldan, yaxud gümüşdən, yaxud da başqa bir şeydən (bəlkə də neftdən) olan bir xəzinə aşkar ediləcək. Belə hədislərin birində deyilir: “Fəratdan qızıldan və gümüşdən olan bir dağ çıxacaq ki, hər doqquz nəfərdən altısı onun üstündə vuruşacaq”. Onun üstündə bir neçə dəstə mübarizə aparacaq, bunlardan:

Türklər: Onlar Türkiyədən Cəzirəyə (Mavərənnəhr ərazisinə) gələcəklər.

Rumlular: Fələstinə gəlmiş yəhudilər və Qərb dövlətləri.

Şam ölkəsinə hakim olan Süfyani.

Abdullah: Hədislər onun kim olduğuna işarə etmir. (Zahirən görünən budur ki, Məğrib hakimidir.)

“Qeys”lilər: Bayraqlarının mərkəzi Misirdir.

Abbas övladları: İraqdan gələcəklər.

Münaqişə tərəfləri arasında böyük bir çaxnaşma, şiddətli döyüş və qanlı bir müharibə baş tutacaq. Yüz min nəfər (başqa bir hədisə əsasən dörd yüz min nəfər (Yovmul-xilas, 698)) insan ölmədən döyüş dayanmayacaq. Bu qədər insanın ölməsi isə çox qısa bir vaxt ərzində baş verəcək. Bu da həmin döyüşlər əsnasında kütləvi qırğın silahlarından (nüvə, atom, kimyəvi zəhərli və ya baktereoloji qazlar və s.dən) istifadə olunacağına bir işarədir.. Bu hadisə dünya müharibələri  içərisində misli olmayan bir hadisə olacaq. Döyüşün sonunda isə qələbə Süfyaninin olacaq.

Hədislərdə buna açıqca işarə edilmişdir:

Əmmar ibn Yasirin xəbərində deyilir: “Qərblilər Misirə tərəf yola çıxacaqlar. Elə ki, onlar (Misirə) daxil oldular, o zaman bu, Süfyaninin (çıxışının) əlaməti olacaq. Bundan öncə isə Muhəmməd Ailəsinə əleyhimus-səlam tərəf çağıran bir şəxs ortaya çıxacaq. (Sonra) türklər Hirəyə, rumlular isə Fələstinə girəcəklər. (Sonra) Abdullah ortaya çıxacaq və Qirqisiyada çayın kənarında onlarla (türklər və rumlularla) vuruşacaq. Çox böyük bir döyüş olacaq. Məğrib hökümdarı gəlib kişiləri öldürəcək, qadınları əsir edəcək. Sonra isə Qeysə qayıdacaq. Ta ki Süfyani Hirəyə girəcək. Sonra Yəmani gələcək. Süfyani onların topladıqlarını ələ keçirib Kufəyə yollanacaq”. (Ğeybə, Tusi, 279, Bihar, 52/208)

Cabir ibn Yəzid Cöfi İmam Baqir (ə)-dan uzun bir hədis nəql edir ki, həzrət hədisdə buyurur: “..Türklər tərəfdən azğın bir dəstə çıxacaq, onun ardınca isə Rum fitnəsi gələcək. Türklər gəlib Cəzirəyə, rumlular isə Rəmləyə daxil olacaqlar. Həmin il, ey Cabir, Məğribin hər bir yerində ixtilaf və qarışıqlıq düşəcək. Məğribin (ixtilaf düşəcək) ilk yeri isə Şamdır. Bu zaman bir-birinə müxalif olan üç bayraqlı dəstə çıxacaq: Əshəbin bayrağı, Əbqənin bayrağı və Süfyaninin bayrağı. Süfyani Əbqə ilə qarşılaşacaq və onlar döyüşəcəklər. Süfyani Əbqəyə və onun tərəfdarlarına qalib gəlib (onları öldürəcək). Daha sonra isə Əshəb(lə döyüşəcək) və onu öldürəcək. Bundan sonra Süfyani İraqa yollanacaq. Süfyaninin qoşunu Qirqisiyadan keçərkən buradakı zülmkarlardan yüz min nəfəri qətlə yetirəcək. Sonra Süfyani Kufəyə bir qoşun göndərəcək”. (Ğeybə, Numani, 187)

Abdullah ibn Əbi Yəfur deyir ki, İmam Baqir (ə) bizə dedi: “Abbas övladları və Mərvanilər Qirqisiyada cavan və qüvvətli oğlanı qocaldan bir hadisə ilə qarşılaşacaqlar. Allah onlardan qələbəni əsirgəyəcək və göyün quşlarına və yerin vəhşi heyvanlarına belə vəhy (əmr) edəcək: “doyun zülmkarların ətləri ilə”! Bundan sonra isə Süfyani çıxacaq”. (Ğeybə, Numani, 205)

Hüzeyfə ibn Mənsurdan nəql edilir ki, deyir: Əba Əbdillah Sadiq (ə) buyurdu: “Allahın Qirqisiyada bir süfrəsi -başqa bir hədisdə: qonaqlığı- var. Səmadan olan bir xəbər verən xəbər verərək deyər ki, ey səmanın quşları və ey yerin vəhşi heyvanları, gəlin zülmkarların ətlərindən doymağa!” (Ğeybə, Numani, 186)

Muhəmməd ibn Müslimdən nəql edilir ki, Əba Əbdillah (ə)-dan belə eşitdiyini deyir: “Məgər görmürsünüz ki, düşmənləriniz Allaha məsiyət yolunda döyüşür və sizi qoyub dünya üstündə bir-birlərini qırırlar, sizlər isə evlərinizdə onlardan uzaq şəkildə arxayınlıqla oturursunuz?! Düşmənləriniz içərisindən Süfyani sizin üçün böyük bir müsibətə çevriləcək. O sizin üçün (təyin edilmiş) əlamətlərdəndir. Bununla belə, fasiq (Süfyani) ortaya çıxdığı zaman, sizlər onun çıxışından bir ya iki ay sonraya qədər hansısa bir fəlakətlə üzləşməyəcəksiniz. O (bu müddət ərzində) sizdən başqa çoxlu insan öldürəcək”. (Ğeybə, Numani, 203)

Hər halda, hədislərə əsasən, Qirqisiya döyüşündən sonra bölgədəki bütün hərbi və siyasi güclər zəifləyib aradan gedəcək. Hansı ki, İmam Məhdi (ə) zühur edəcəyi zaman həmin güclərin İmama (ə) qarşı çıxma ehtimalı var idi. Lakin ilahi istək ilə onlar hamısı aradan gedəcək və içlərində mübarizə aparan güc olaraq təkcə Süfyani qalacaq.       

 

 

“Fəcrul-Muqəddəs”, Müctəba Sadat

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment