Bismilləhir-rahmənir-rahim
Zühur öncəsi baş verəcək hadisələr arasında Qeyslilərin bayraq qaldırmaları da qeyd olunmuşdur. Qeyslilər ərəb qəbilələrindən ibarət olan olduqca böyük bir topluluqdur. Onların əsli Qeys ibn Əylan ibn Muzər ibn Nizar ibn Məd ibn Ədnana dayanır. Hələbdə, Cəzirə bölgəsində, Suriyada, Türkiyədə və İraqda əsl-kökü bu şəxsə dayanan bir neçə qəbilə vardır. Bəni-Mərvan da həmçinin Qeysin nəslinəndirlər. Rəvayətlərdə rumluların Qənsərin (yaxud: Qunsureyn, Hələbin 40 km cənubunda yerləşən tarixi-antik bölgədir) bölgəsində onlarla döyüşəcəklərini bildirir. Bu döyüş 40 gün çəkəcək və sonda sülhlə tamamlanacaq.
Bəzi rəvayətlərdə isə Qeyslilərin və ərəblərin Misirə daxil olacaqları qeyd olunmuşdur. Qeyslilərlə bağlı aşağıdakı rəvayətləri göstərə bilərik:
Sudeyr İmam Sadiq (ə)-dan belə nəql etmişdir:
“Ey Sudeyr! Evində otur və evindən çölə çıxma. Gecə və gündüz sakit durduqca sən də sakit dur. Elə ki sənə Süfyaninin zühur etdiyi xəbəri çatdı, ayaqla da (yəni, miniksiz də) olsan bizə tərəf tələs.”
Sudeyr deyir, dedim: “Sizə fəda olum, Süfyaninin zühurundan qabaq nəsə olacaq?” Buyurdu: “Bəli.” Sonra üç barmağı ilə Şama tərəf işarə edib dedi: “Üç bayraq (çıxacaq). Həsəni bayrağı, Əməvi bayrağı və Qeysi bayrağı. Onlar zühur etdikdən sonra Süfyani zühur edəcək. Süfyani onları taxıl kimi biçəcək. Mən onun kimisini görməmişəm”. (“Mucəmu-əhadisil-imamil-Məhdi”: c.3, səh.467, hədis 1030, 5 mənbədə qeyd olunmuşdur.)
Bir nəfər Əbul-Həsən (ə)-dan fərəc barədə soruşdu, həzrət (ə) buyurdu: “Çox (geniş) məlumat istəyirsən, yoxsa sənin üçün xülasə edim?” Həmin şəxs dedi: “Xülasə edin”. Həzrət (ə) buyurdu: “Elə ki, Qeys qəbiləsinin bayrağı Misirdə, Kində qəbiləsinin bayrağı da Xorasanda sancıldı, (o zaman fərəci gözlə)”. (“Mucəmu-əhadisil-imamil-Məhdi”: c.4, səh.131, hədis 1190, 10 mənbədə qeyd olunmuşdur).
Həmçinin, İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: “Qaimin qiyamından qabaq Hərb və Qeys qəbilələri döyüşəcəklər”. (“Mucəmu-əhadisil-imamil-Məhdi”: c.3, səh.479, hədis 1045, 4 mənbədə).
Hərb qəbiləsi Bəni-Üməyyədir.
İbn Məsud belə demişdir: “Türklər və Xəzərlər Cəzirəyə (İraqla Suriya sərhəddində yer adıdır -(müt.).) və Azərbaycana gəldikləri zaman, rumlular da Umq bölgəsinə və onun ətraf bölgələrinə gəldikləri zaman, Qunsureyn camaatından Qeysin nəslindən olan bir kişi rumlularla döyüşəcək. Bu zaman Süfyani də İraqa gəlib məşriq (şərq) camaatı ilə döyüşəcək. O zaman hər bir tərəfdə hadisələr baş verəcək. Qeysin nəslindən olan şəxs 40 gün rumlularla döyüşəcək, lakin ona kömək gəlmədiyini görüncə rumlularla tərəflərdən biri digərinə bir şey verməmək şərti ilə (fidyə və s. kimi. Yaxud: tərəflərdən bir digərinə heç bir zərər yetirməmək şərti ilə) sülh bağlayacaq.” (“Mucəmu-əhadisil-imamil-Məhdi”: c.1, səh.330, hədis 217).
Bu sonuncu rəvayətdən belə nəticə alırıq ki, Qeyslilərin bayrağının ortaya çıxması türklərin və rumluların Cəzirəyə gəlməsi ilə və birinci Süfyaninin (bəli, birinci Süfyaninin, İraqa üz tutmamışdan qabaq bütün Şama hakim olub bütün bayraqları, hətta türklərin və rumluların bayraqlarını belə aradan aparacaq ikinci Süfyaninin deyil) İraqa daxil olması ilə eyni vaxtda olacaq.
Deməli Qeyslilərin ortaya çıxmasının vaxtı belədir:
1-Türklər və rumlular Cəzirəyə gəldikləri zaman;
2-Birinci Süfyani İraqa daxil olduğu zaman.
İmamalmahdisigns.com
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.