Bismillahir Rəhmanir Rəhim
“Qeybdə olan İmamın faydası nədir?” kimi sözlər daha çox imamət və vilayətin mənasını bilməyən, imamın sadəcə hökm verən və hədd tətbiq edən bir şəxs olduğunu düşünənlərin sözüdür; halbuki imamət və vilayət məqamı bu zahiri məqamlardan daha önəmli bir məna ifadə edir.
Həzrəti Məhdi (ə)-la bağlı bizə gəlib çatan müxtəlif hədislər içərisində, yuxarıdakı suala cavab xüsusiyyəti daşıyan dərin mənalı qısa bir ifadə mövcuddur.
Həzrəti Peyğəmbər (s) ona verilən “qeyb dövründə Həzrəti Məhdinin varlığının nə kimi faydası olacaq” sualına belə cavab vermişdir:
“Məni peyğəmbər olaraq göndərən Allaha and olsun ki, insanlar qeyb dövründə ondan, buludların arxasında qalan günəşdən faydalandıqları kimi faydalanarlar”.
İmam Zeynəl-Abidin (ə) belə buyurur: “Biz, Müsəlmanların imamı, dünya əhlinin höccətiyik. Ulduzların göy əhlinə əmin-amanlıq və qurtuluş vəsiləsi olduğu kimi, bizlər də yer əhlinin əmin-amanlıq yeri və qurtuluş vəsiləsiyik. Bizim hörmətimizə, Allah istəmədikcə göydən bir şey yerə düşməz. Bizim vasitəmizlə Haqqın rəhmət yağışı yağır və yer üzü bərəkətlərini çıxarır; əgər biz yer üzündə olmasaydıq, yer üzü üzərindəkiləri udardı. Allah Adəmi yarattığı gündən bəri yer üzü heç bir zaman höccətsiz qalmamışdır. Amma bu höccət bəzən aşkardır və tanınır, bəzən də qaibdir və gizlidir. Qiyamətə qədər də yer üzü höccətsiz qalmayacaq. Əgər imam olmasa, Allaha haqqıyla ibadət edilməz”.
Süleyman A`məş deyir: “İnsanlar qeybdə olan imamın varlığından necə faydalana bilərlər?” deyə soruşduqda İmam belə buyurdu: “Buludların arxasında qalan günəşdən faydalandıqları kimi”.
Əllamə Məclisi Biharul-Ənvar kitabında, insanların qeybət dövründə İmamdan faydalanmalarının, buludların arxasında qalan günəşdən yararlanmalarına bənzədilməsini və bu məsələnin ortaq yönlərini geniş bir şəkildə müzakirə etmiş və bu məqamlara toxunmuşdur:
1- Elm və hidayət nuru İmamın vasitəsilə insanlara çatır. Bir çox hədisdən də başa düşüldüyü kimi varlıq aləmi imamların hörmətinə yaradılmışdır. Əgər onlar olmasaydı, varlıq nuru başqalarına çatmazdı. Onların bərəkəti ilə, onların şəfaəti ilə, onların vasitəsi ilə elm və məlumatlar Allah tərəfindən insanlara yetişir. Bəlalar onların vasitəsi ilə dəf edilir. Əks təqdirdə insanlar etdikləri günahlar və əməllərin qarşılığı olaraq müxtəlif əzablara düçar olardılar. Necə ki, Allah, Peyğəmbərlə bağlı belə buyurur: “Sən onların içində olduğun müddətcə, Allah onlara əzab edən deyil”. (Ənfal surəsi, 33)
2- İnsanlar buludların arxasında qalan günəşdən faydalanmaqla yanaşı, daima günəşin önündə əngəl olan buludların çəkilməsini, günəşin tamamilə ortaya çıxaraq gözlər ilə görülməsini və daha çox fayda verməsini gözləyirlər. Qeybət dövründə də ixlaslı möminlər hər an Həzrəti Məhdi (ə)-ın zühur etməsini gözləyər və heç bir vaxt ümidsizliyə qapılmazlar.
3- Həzrəti Məhdi (ə)-ı bu qədər əlamət və faydalarının olmasına rəğmən inkar etməyə çalışan kimsənin vəziyyəti, buludların arxasında olan günəşin varlığını inkar edən kimsəyə bənzəyir.
4- Bəzən günəşin buludlar arxasında qalması insanlar üçün daha faydalı ola bilər. Bu gün də Həzrəti Məhdi (ə)-ın qeybdə olmasının insanlar üçün bir sıra faydaları ola bilər.
5- Günəş, hər kəsin faydalanması üçündür; amma kor olan kimsə günəşin işığından faydalana bilməz. Həzrəti Məhdi (ə)-ın varlığından qəlbi kor olan kimsələr istisna olmaqla hər kəs faydalana bilər.
6- Günəşin işığı evlərə onların qabiliyyətləri (ölçüləri), pəncərələrinin böyüklüyü və kiçikliyi həddində düşür. İnsanlar da, İmamın hidayət nurundan öz qabiliyyətləri çərçivəsində yararlana bilərlər. Açıq havada olub vücudunu dörd bir yandan günəşin işığına verən kimsə ilə günəşin işığı ilə özü arasında əngəllər yaradan kimsənin işıqdan yararlanmaları əlbəttə ki, eyni səviyyədə ola bilməz. İnsanlar bütün maneələri qaldırmalıdırlar ki, hidayət nuru onları dörd bir tərəfdən əhatə etsin.
Bu açıqlamalardan belə bir nəticə ortaya çıxır: İmamın vücudunun gərəkli olmasının dəlilləri hökm bildirmək və ya hədd tətbiq etmək kimi vəzifələrlə məhdudlaşmır.
Səhih hədislər və mərifət əhlinin dediklərindən əldə edilən nəticəyə əsasən, qəti ilahi iradənin gərəyi olaraq, qeyb aləmi ilə insanlar arasında vasitəçi və ilahi feyzlərin məcrası olması üçün daima bir məsum imamın (insani-kamilin) var olması gərəkdir. Necə ki, İmam Səccad (ə)-dan nəql edilən yuxarıdakı hədis də bu mənanı təsdiqləyir.
“Və O gələcək”, Kövsər yayınları
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.