Bismillahir Rəhmanir Rəhim
Pak Əhli-Beyt İmamları (ə) öz kəlamlarında şiələrinə belə əmr etmişlər ki, ixtilaf və qarışıqlıq zamanında daha öncə etiqad etdikləri məsələdə sabit qalsınlar və barəsində ixtilaf olan məsələlərdən deyil, üzərində ittifaq edilənlərdən yapışsınlar.
Şeyx Səduq və Şeyx Numani (rəhiməhumallah) öz sənədləri ilə Haris ibn Muğeyrə Nəsridən, o da Əba Əbdillah Sadiq (ə)-dan nəql edərək deyir: “Ona dedim: Biz (sizlərdən) belə nəql edirik ki, bu işin sahibi bir müddət (gözlərdən) itəcək, bəs o zaman biz nə edək? Həzrət buyurdu: (Haqq) sizin üçün aydın olanadək hal-hazırda üzərində olduğunuz ilk işdən möhkəm yapışın [1]“. (Kəmalud-din, 348, Ğeybət, Numani, 162)
Ömər ibn Hənzələnin “məqbulə”sində[2] Əba Əbdillah (ə)-ın belə buyurduğu nəql edilir: “…Hökm verdikləri məsələdə o iki (fəqihin) bizdən rəvayət etdikləri hədislərə baxılar. (Onların nəql etdikləri hədislərdən) hansı birisinin üzərində sənin əshabından olanlar ittifaq etmişlərsə, bizim hökmümüz kimi həmin hədis qəbul edilər. Əshabının yanında məşhur olmayan şübhəli hədis isə tərk edilər. Üzərində ittifaq edilən (hədisdə, kəlamda) heç bir şübhə ola bilməz. İşlər üç cürdür: Doğruluğu bəlli olan işlər; belə işlərin ardıyca gedilər. Yanlışlığı bəlli olan işlər; belə işlərdən çəkinilər. Müşkül olan işlər; belə işlərin (həqiqətini) Allah və Rəsulu bilər.
Allah Rəsulu (s) buyurmuşdur: (İşlər üç cürdür:) məlum halal, məlum haram və bunlar arasında olan şübhəli işlər. Kim şübhəli işləri tərk edərsə, haramlardan nicat tapar. Kim onlardan yapışarsa, haramlara mürtəkib olar və xəbəri olmadan həlak olar!” (Əl-Kafi, 1/68)
Abdullah ibn Sinanın nəql etdiyi səhih bir hədisdə isə deyilir: “Mən və atam Əba Əbdillah (ə)-ın yanına getmişdik. Həzrət (ə) buyurdu: Bir hidayət imamı və (yol göstərən) bayraq görmədiyiniz və yalnızca “ğəriq” duasını oxuyan şəxsin nicat tapacağı bir hala düşdükdə vəziyyətiniz necə olacaq? Atam ona dedi: Nə vaxtsa bu baş versə, biz nə edək? Həzrət buyurdu: Sənə gəlincə, sən o zamanı görməyəcəksən. Bu baş verdiyi zaman iş sizin üçün aydın olanadək (İmam (ə) zühur edənədək) əlinizdəkilərdən yapışın.”. (Kəmalud-din, 348)
Əban ibn Təğlibdən nəql edilir ki, deyir: “Əba Əbdillah (ə) mənə dedi: İnsanlar üçün elə bir zaman gələcək ki, həmin vaxt onlara “səbtə” üz verəcək. O zaman ilan yuvasına sığınıb qaldığı kimi elm də iki Məscid arasına; Məkkə və Mədinə arasına sığınar. Onlar bu halda ikən izzət və cəlal sahibi olan Allah onlar üçün Ulduzlarını zahir edər. Əban deyir, dedim: “Səbtə” nədir? Buyurdu: İmamınızın qeybə çəkilməsi və bir müddət (qeybdə) olması. Dedim: Bu zaman biz nə edək? Buyurdu (ə): Allah sizin üçün ulduzunuzu zahir edənə qədər, (etiqad) etdiyiniz şey üzərində (sabit) qalın”. (Həmin mənbə, 349)[3]
Bu və digər rəvayətlərdə şiələr üçün həzrəti Məhdi (ə) zühur edənədək “ilk əmr”ə sadiq qalmaları, etiqadalarında sabit durmaları və insanları özlərinə tərəf dəvət edən azğın şəxslərə uymamaları bəyan edilmişdir. Xüsusən də elə bir dövrdə ki, böyük imtahan və sınaqlar ortaya çıxar, İmamət iddiaçıları artar. Belə ki, hədislərin birində deyilir: “Bilin, And olsun Allaha ki, imamınız illərlə sizdən gizli qalacaq. O qədər imtahan olunub arınacaqsınız ki, hətta (imamınız barədə) deyiləcək: ölüb, qətlə yetirilib, həlak olub (və ya) hansı vadiyə gedib? Möminlərin gözləri ona görə ağlayacaq, gəmilər dəniz dalğaları arasında yırğalandıqları kimi onlar da yırğalanacaqlar. Yalnız Allahın əhd aldığı, qəlbinə iman yazdığı və özündən olan bir ruhla gücləndirdiyi kimsə nicat tapacaq.
O zaman şübhə yaradan on iki bayraq qalxacaq. Hansı hansındandır bilinməyəcək…”. (Kafi, 1/336)
Həmçinin, həzrəti Sadiq (ə) buyurur ki, “Bəni Haşimdən olan on iki nəfər çıxıb hamısı da (insanları İmam Məhdiyə (ə) tərəf deyil) özünə tərəf çağırmadıqca Qaim (ə) qiyam etməyəcək”. (Ğeybə, 437)
(Bəli, belə bir vəziyyətdə diqqətli olmalı, Peyğəmbər və Əhli-Beytinin (salavatullahi əleyhim) buyurduqlarına diqqət yetirməli və kənar əqidələrə meyl göstərməməliyik.)
“Əş-Şuhubul-Əhmədiyyə”, Şeyx Əhməd Salman
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
[1] Yəni: Kimlərinsə ortaya atdığı müxtəlif ideologiyalara aldanmayın, bizim barəmizdə ortaya çıxan və o barədə bizim daha öncə bir şey demədiyimiz sözlərə aldanmayın. Siz daha öncə bizdən nəql edilən hədislərə əsasən bizim barəmizdə hansı əqidədə idinizsə, o zamanda da həmin əqidədə qalın. Məsələn, birisi çıxıb sizə desə ki, həzrəti Məhdi (ə) Əhli-Beyt (ə) imamlarının 12-cisi deyil, başqa bir şəxsdir, siz inanmayın. Daha öncə bu barədə hansı əqidədə idinizsə elə o əqidədə də qalın. –müt.
[2] Məbulə -“qəbul edilən hədis” mənasındadır. Hədisin bu şəkildə adlanmasının səbəbi, hədisin əksər alimlər tərəfindən qəbul edilməsidir.
[3] Həzrəti İmamın (ə) buyurduğu “O zaman ilan yuvasına sığınıb qaldığı kimi elm də iki Məscid arasına; Məkkə və Mədinə arasına sığınar” kəlamından məqsəd budur ki, axirəz-zəmanda bu iki şəhər həzrəti Məhdinin (ə.f) əli ilə yeni İslam hərəkatının başlama mərkəzi olacaqlar. Necə ki, ilk əvvəldə babası Xatəmul-Ənbiyanın (s) əli ilə bu şərəfli hərəkatın mərkəzi olmuşdular. -Müt.