Qeyb dövründə məsuma necə təqlid etmək olar?

Bismillahir Rəhmanir Rəhim

Allah-taalanın müsəlmanlara, xüsusilə şiələrə əta etdiyi ən böyük nemət həzrət Peyğəmbər və məsum imamların bərəkətli vücududur. Allahın ən üstün bəndələri olan, sonsuz kamal və elmdən bəhrələnən, bütün insani və ilahi fəzilətlərə sahib, istənilən bir baxımdan məsum insanlara təqlid insanın xoşbəxtliyə çatması üçün ən yetərli yoldur. Yalnız məsumlar biz müsəlmanlar üçün ideal ola bilər. Biz onlara heç bir nigarançılıqsız təqlid edə bilərik. Çox zəruridir ki, bu böyük nemətin qədrini bilib Allaha şükür edək. Axı Allah-taala bu müqəddəs insanları bizə tanıtdırmasaydı və bizim üçün təqlid qapılarını açmasaydı bu böyük nemətdən məhrum qalar, cəhalətdə məhv olub gedərdik. Baxın dünyanın ayrı-ayrı guşələrinə! Nə çox firqələr yetərsiz ideallar səbəbindən bədbəxtliyə düçar olmuşlar. Bəli, məsumlara təqlid nəinki düzgündür, hətta zərurdir. Əgər onlara təqlid etməsək yolumuzu azarıq.

Bu məqamda iki sual, iki şübhəni cavablandırmaq lazım gəlir: Əvvəla, peyğəmbər və məsum imamların dövründə onlara birbaşa təqlid edənlər olmuşdurmu? İkincisi, peyğəmbər və imamların olmadığı bir dövrdə, həzrət Mehdi (ə) qeybə çəkildiyi bir vaxtda biz onlara necə təqlid edə bilərik?

Bəli, məsum imamların insanlar arasında olduğu iki yüz əlli il müddətində insanlar onlara təqlid edə bilərdilər. Amma çoxları nəinki təqlid etmədilər, hətta məsumlara cəfa qıldılar. Əlbəttə ki, əgər həzrət Mehdi aramızda olsaydı bütün əməl və rəftarlarımızda onun yolunu izləyər, bugünkü ağrılı problemlərdən əziyyət çəkməzdik. Amma əfsus ki, imam qeybə çəkilmişdir və biz ona birbaşa təqlid edə bilmirik. Əhli-beytə (ə) zülm edənlərə lənət yağdırmaqdan və bu ayrılığa dözməkdən başqa çarəmiz yoxdur. Amma məsumlara birbaşa iqtida edə bilməsək də, dolayısı ilə onların yolunu izləyə bilərik. Bizim dövrümüzdə məsum imam olmasa da onların həyat tarixçəsi, buyuruqları yetərincə qeydə alınmışdır. Onların həyatını öyrənmək, buyuruqlarını araşdırmaqla yolumuzu işıqlandırıb onlarla addım-addım hərəkət edə bilərik. Bu iş mümkünsüz deyil. Görün bugünkü dünyamızda hər hansı tanınmış şəxsə uzaqdan-uzağa, məsələn, televiziyada tanışlıqla iqtida edənlər nə qədərdir!

 

Ustad Misbah Yəzdi, İnsan həyatında təqlidin rolu

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment