Qeyb əsri

 Bismillahir Rəhmanir Rəhim

İmamın hidayət və rəhbərlik, müsəlmanların və şiələrin hifzi, ümumdünya inqilabı üçün şərait və yardımçıların hazırlanması kimi şə’nləri vardır. Həzrət (Məhdi (ə.f)) bütün şə’nləri və vəzifələrini ən üstün şəkildə yerinə yetirməkdədir. Qeyb prinsipinə uyğun gələn bütün işlərdə həzrətin diqqəti vardır. Belə ki, rəvayətdə nəql olunmuşdur: «Qeybim dövründə məndən faydalanmaq buludlar arxasında gizlənmiş günəşdən faydalanmaq kimidir».

Həzrət cəmiyyətdə iştirak etmədiyi üçün yox, sadəcə, zahir olmadığı üçün Ğaib (qeybdə olan) adlandırılmışdır. Qeybin cəmiyyətdə hazır olmamaq kimi yozulması həzrətə qarşı yersiz bir böhtandır. Belə düşünənlər zühurla hüzur arasındakı fərqi bilmirlər. Həzrətin gəlişi onun hüzuru yox, zühuru mə’nasındadır. Onun aşiqləri Allahdan həzrətin hüzurunu yox, zühurunu diləyirlər. Həzrət zahir olduğu vaxt insanlar heyrətdən yerində donar və təəccüblə deyərlər ki, biz onu nə vaxtsa görmüşük.

Həzrətin xüsusiyyətlərini öyrənmək üçün müxtəlif rəvayətlərə, dualara, ziyarətnamələrə, həzrətin bə’zi şiələrə ünvanladığı fərman və məktublara, həzrətin hüzuruna nail olmuş e’tibarlı insanların söhbətlərinə müraciət etmək olar.

Dualarda, göstərişlərdə daha çox nəzərə çarpan həzrətin şiələrin vəziyyətinə, problemlərinə diqqət yetirməsidir. Bu mətnlərdə bəyan olunmuş bə’zi nöqtələrə nəzər salırıq:

1. Şiələrin vəziyyətindən xəbərdarlıq;

Şeyx Müfid üçün çıxarılmış fərmanda bildirilir: «Biz sizin vəziyyətinizdən agahıq və bu sahədə bizim üçün gizli bir şey yoxdur».

2. Şiələrin çətinlikdən və düşmənlərin şərindən hifzi;

Həmin göstərişdə bildirilir: «Biz sizə yardımda yubanmamış və sizi yaddan çıxarmamışıq. Əgər belə olmasaydı, çətinliklər və müsibətlər sizi sarsıdar, düşmənləriniz kökünüzü qazardılar».

İmamın xalqa yardımına misal olaraq Bəhreyn xalqının istilaçılar və onların nökərlərinin əlindən xilas olunmasını göstərmək olar. Bəhreynin baş naziri şiələrlə kitab əhlindən olan hərbi kafirlər kimi rəftar etmək istədikdə, onlardan zəlilcəsinə cizyə almaq planı qurduqda, kişilərini öldürüb, qadın və uşaqlarını əsir götürmək qərarına gəldikdə həzrət Mehdi (ə) onun hiylələrini puça çıxarmaq üçün böyük rol oynadı.

3. Xalq arasında hüzur;

No’maninin «Əl-ğeybət» kitabında oxuyuruq: «Sahibul-əmr (imam Mehdi (ə)) onların arasında gəzir, bazarlarına get-gəl edir, xalçaları üstə qədəm götürür. Amma onu tanımırlar. O, yalnız Allahın izni ilə özünü insanlara tanıtdırır».

Digər bir rəvayətdə həzrət Əli (ə) buyurur: «And olsun Əlinin Allahına, Allahın höccəti onların arasındadır. Küçə və bazarlarında gəzir, evlərinə varid olur, şərq və qərbə səyahət edir, xalqın danışdıqlarını eşidir, cəmiyyətlərində iştirak edir, onlara salam verir. O, xalqı görür.»

«Nüdbə» duasında belə oxuyuruq: «Canım sənə qurban! Sən bizim aramızda olan qaibsən. Canım sənə fəda! Sən vətənindən uzaq düşmüş o kəssən ki, bizdən uzaq düşməmisən».

4. Həcc mərasimində daimi hüzur.

«Kəmalud-dində» oxuyuruq: «Həzrət hər il həcc mərasimində iştirak edir. Hamını görür və tanıyır. Başqaları isə onu görür, amma tanımır».

Sadalanan xüsusiyyətlərdən əlavə, həzrət çətinliyə düşənlərə əl tutur, yolunu itirənlərə yol göstərir, əlacsız xəstələrə şəfa verir, mö’minlərə dua edir, bə’zilərinin dəfnində iştirak edir, alimlərin bə’zi elmi məsələlərini aydınlaşdırır, ümidsizlərə ürək-dirək verir. O tanınsa da, tanınmasa da, özü birbaşa və ya başqasının vasitəsi ilə aşiqlərinə əl tutur.

 

Pur Seyyid Ağayi,  Qeyb dövrünün tarixi      

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment