Bismillahir rəhmanir rəhim
Hədis kitablarında İmam Məhdinin (ə.f) qeybə çəkildiyi dövrdə insanlara doğru yol göstərən Əhli-beyt (əleyhimus-səlam) alimləri barədə bir sıra hədislər nəql edilmişdir. Aşağıdakı iki hədisin məzmunundan bir alimin hansı məqamlara sahib ola biləcəyi çox gözəl bir şəkildə aydın olur.
İmam Hadi (əleyhis-səlam) buyurur: “Əgər bizim Qaimimizin qeybə çəkilməsindən sonra ona tərəf çağırıb ona tərəf yönləndirən alim şəxslər olmasaydı, hamı Allahın dinindən üz döndərədi (mürtədd olardı). Onlar o şəxslərdirlər ki, Allah (əzzə və cəll) yanında hörmətlidirlər”.
(«Təfsirul-İmamil-Əskəri» (əleyhis-səlam))
İmam Həsən Əskəri (əleyhis-səlam)-dan nəql edilən bir hədisdə həzrət buyurur: “Atam mənə öz ata-babalarından, onlar da Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm)-dən nəql edərək buyurdu: Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) buyurdu: “Atasını itirən yetimin yetimliyindən daha ağırı İmamını itirən, ona yetişə bilməyən və qarşısına çıxan şəri məsələlərdə nə edəcəyini bilməyən kəsin yetimliyidir. Bilin, bizim şiələrimiz içərisindən hər kəs bizim elmimizlə alim olub bizim hökmümüzlə (şəriətimizlə) bir cahili hidayət edərsə və zəif şiələrimizi öz cəhalət zülmətlərindən ona əta etdiyimiz elm nuruna tərəf çıxararsa, Allah yanında bizimlə birgə olar! Belə bir şəxs qiyamət günü başında bir tac ilə gələr ki, onun nuru ilə (bütün məhşərin) səhnəsindəkilər aydınlanar!””.
(Mühəqqiq Nuri, «Əvaidul-əyyam», səh. 533-536)
Ayətullahul-üzma Şeyx Vəhdi Xorasaninin (damə zilluh) mühazirələri əsasında yazılmış “Muqtatafatun-vilaiyyə” kitabının ərəbcəyə olan tərcüməsindən tərcümə.