Bismillahir rəhmanir rəhim
Hədisi-şəriflərdə İmam Zaman (ə)-ın qeybə çəkilməsinin səbəbi kimi bir neçə şey göstərilmişdir. Bunlardan biri də “qorxu”dur.
Bəzi hədislərdə gəlmişdir ki, öldürülmək qorxusu Sahibəz-zəman (ə)-ın qeybə çəkilmə səbəblərindəndir. Necə ki, mövla İmam Sadiq (ə) buyurur: “Allah Rəsulu (s) buyurdu: O uşağın mütləq qeybə çəkilməsi olacaq. Dedilər: Nə üçün ey Allahın Rəsulu? Buyurdu: Qətlə yetirilməkdən qorxacaq”[1].
Burada qeyd olunan qorxu nəfsi zəiflikdən nəşət tapan mənfi və pislənmiş qorxu deyil. Əksinə qorxu deyərkən üqəla (ağıl sahibləri) yanında mədh edilən qorxu nəzərdə tutulur və bu, olduqca yaxşı işdir (və hətta bəzi hallarda zəruri də sayılır.)
Özünü sevməkdən qaynaqlanan və dini, məzhəbi hifz etmək əvəzinə bundan qaçmağa vadar edən qorxu nəfsi zəiflikdir və mədh edilmiş şücaətin müqabilində duran pislənmiş sifət sayılır.
Lakin insan canının qorunmasına və faydasız yerə hədər getməməsinə səbəb olan qorxu isə əqli baxımdan mədh edilmiş bir iş sayılır və bəlkə bəzi hallarda vacib də olur. Belə ki, mühüm olan şəhidin öz qanını faydalı və səmərəsi olan yerdə axıtmasıdır.
Öz qanını heç bir fayda və xeyirə səbəb olmadan axıdan şəxs tələsən və düşünmədən addım atan şəxsdir, nəinki şücaətli. Çünki şücaət tələb edir ki, iş düşünülərək görülsün və gərək olmadığı halda insan döyüşə atılmasın. Buna Əmirəl-möminin (ə)-ın davranışı da şahidlik edir. Belə ki, o həzrət də xüsusi vəziyyət yarandığı zaman özünü, ailəsini və əshabını qorumuşdu və döyüşə atılmamışdı: “Nəzər saldım və gördüm ki, Əhli-Beytimdən başqa heç bir köməkçim və yardımçım yoxdur və beləcə onları ölümə (atmaqdan) qorudum. Beləliklə gözümdə tikan ola-ola gözümü yumdum, boğazımda sümük ola-ola udqundum, qəzəbimi udub əlqəm bitkisindən daha acı olan bir şeyə, qəlbə sancılan qılıncdan daha ağrılı bir şeyə səbr etdim” (Nəhcül-Bəlağə: xütbə, 217).
Şübhəsiz ki, Əmirəl-möminin (ə) döyüşdən çəkinərkən bunun qorxuya görə etməmişdi. Necə ola bilər, bir halda ki, “leylətul-məbit”-də heç bir silah və müdafiə vasitəsi olmadan tək-tənha Allah Rəsulunun (s) yerində uzanan o idi! Xüsusən də bilirdi ki, qırx nəfər silahlı şəxs Allah Rəsulunun (s) yerində uzanan kəsə hücum etməyə hazırlaşır və həzrətin (s) yerində olan şəxsi öldürmək istəyirlər! Necə ola bilər ki, belə bir işi görən şəxs ölümdən qorxsun? O idi ki, Osman ibn Huneyfə belə demişdi: “Əgər bütün ərəblər mənimlə döyüşə atılsalar, yenə də qaçıb üz döndərmərəm!” (Nəhcül-Bəlağə: 45-ci məktub).
Əli (ə) düşmənə hücum edərkən onların arasında qorxu və vəlvələ düşürdü. Gözlərdən yayınıb dağların, təpələrin arxasına qaçırdılar. Bir-birlərinə tövsiyə edirdilər ki, onun qılıncından ehtiyatlı olsunlar. Hətta həzrətin (ə) qılıncı onları vadar edirdi ki, “Əli haradadırsa, ölüm mələyi də oradadır”, – desinlər. O həzrətin (ə) şücaəti elə idi ki, Allah Rəsulu (s) Xeybər qəzvəsində onun barəsində belə demişdi: “O kərrardır (üst-üstə, daim hücum edəndir), fərrar (döyüşdən qaçan) deyil!”.
Buna əsasən, bu rəvayətlərdəki “qorxu”dan məqsəd əqlən mədh edilmiş qorxudur. Hansı ki, bu elə şücaətin özüdür.
Deməli İmam Məhdi (ə)-ın ilahi vədin gerçəkləşməsindən öncə insanların qarşısına çıxmasından qorxmasının səbəbi öldürülmək qorxusuna qayıdır. O həzrətin (ə) qətlə öldürülməsi isə sonuncu ilahi zəxirənin şəhadəti, Allahın həqiqi dininin aradan getməsi, Xaliq və məxluq arasındakı ilahi feyz vasitəsinin kəsilməsi, ilahi mədədin layiqli bəndələrə yetişməməsi və yer üzündə salehlərin hökumətinin nurunun parlamaması deməkdir…
Bu qorxu nəfsi zəiflikdən qaynaqlanmır. Bunun mənbəyi tədbirlilik və şücaətin gərəyidir; hansı ki, ona əsasən hərəkət etmək lazımdır.
Xüsusən də bu mübarək vücudun sonuncu ilahi zəxirə olmasını və bununla digər məsumlardan (ə) fərqlənməsini nəzərə aldıqda məsələ daha yaxşı başa düşülür. Bunun sirri isə ondadır ki: digər İmamların (ə) zamanında bir imam şəhid olduğu zaman yerinə növbəti imam gəlirdi və bu şəkildə yer üzündə növbəti höccət bərpa olurdu. İmamul-Əsr (ə) isə, Allahın yer üzərindəki sonuncu höccətidir və Əimmeyi-kiramın (ə) xatəmidir, o şəhid olarsa onun yerinə gələcək höccət olmaz. Buna əsasən də həzrətin (ə) öz mübarək canını qorumaqdan ötrü qeybə çəkilməsi gərək idi.
“əl-İmam əl-məvud”, Şeyx Cavadi Amili
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir
[1] İləluş-şərai: 1/285.