Bismillahir rəhmanir rəhim
Həzrət Sahibəzzaman Məhdi (ə)-ın qeybə çəkilməsinin hikmətlərindən biri də insanların imtahan olunmasıdır. Belə ki, bu qeybət səbəbilə həqiqi iman sahibləri zahiri iman sahiblərindən fərqlənməlidilər. Bu mənanı təsdiq edən çoxlu rəvayətlər mövcuddur. Belə rəvayətlərdə insanların arınacalaqları, seçiləcəkləri və təmizlənəcəkləri və nəticədə yalnız xalis iman sahiblərinin bu imtahandan üzü ağ çıxacaqları bildirilmişdir.
Qeyd edək ki, ilahi rəhbərin bir müddət cəmiyyətdən qeybdə qalması və bunun nəticəsində həmin toplumun imtahana çəkilməsi təkcə İslam ümmətinə aid olan bir məsələ deyil. Keçmiş ümmətlərdə də bu baş vermiş və bu ümmətlər də rəhbərlərinin qeybdə olması ilə ilahi sınaqa çəkilmişlər. “Li-mazəl-ğeybə?” kitabının müəllifi yazır (səh.37):
“Dəyişim və formalaşma mərhələsində ilahi rəhbərin ümmət arasında olması mühüm məsələdir. Çünki ümmət hələ öz tələb olunan kamalına çatmayıb və hələ möhkəmlənməyib. Hətta demək olar ki, keçmişin tör-töküntüləri hələ də onda qalmaqdadır və başçının olmadığı zamanda bu çatışmazlıqlar ümməti təhlükə qarşısında qoyacaq. Lakin buna baxmayaraq siz görürsünüz ki, Allah peyğəmbərlərindən biri məhz dəyişim və formalaşma mərhələsində öz ümmətindən qeybə çəkilir!
Belə ki, həzrət Musa (ə) öz ümməti formalaşma mərhləsində birdən birə otuz gün qeybə çəkildi. Qəribəsi də odur ki, təqdiri-ilahi bu müddətə on gün də əlavə etdi: “Və onu on günlə tamam etdik” (142). Bir halda ki, bu dövrdə o həzrəti ümməti yenicə formalaşmağa başlamışdı və yenicə Fironun əsarəti altından çıxmışdı. Həzrət Musanın (ə) bu mərhələdə mövcudluğu olduqca mühüm bir məsələ idi.
Lakin bu qeybət uzandı və nəticədə batinlərdə gizlənən qərizələr baş qaldırmağa başladı. Qəlbində mərəz, şəkk və şübhə olanlar üçün geniş meydan açıldı. Beləlikdə bu yeni ümmət böyük bir imtahanla üzləşdi. Samiri adlanan bir şəxs gəlib qızıldan bir buzov düzəltdi və bir hiylə ilə ondan səs çıxartdı. Biharul-Ənvar kitabında (c.13/səh.227) gələn bir rəvayətdə deyilir ki: “Musa (ə) Tur dağında Rəbbi ilə münacat etdiyi zaman Allahu-təala ona vəhy edib buyurdu: Ey Musa, Mən sənin qövmünü sınağa çəkdim”. Yəni, onlar üçün bir növ sınaq və imtahan baş verdi. Əgər Musa (ə) onların arasında olsaydı, o zaman bu ilahi sınaq lazımı şəkildə baş tutmazdı.
Başqa bir rəvayətdə isə deyilir ki, şəhidlər sərvəri İmam Hüseyn (ə) ondan “Nə üçün Kərbəlaya gedirsən”, – deyə soruşulduğu zaman buyurdu: “(Əgər getməsəm) onda bu insanlar nə ilə imtahan olunar?” Əgər Kərbəla qəziyyəsi olmasaydı, o zaman Həbib ibn Məzahirin və Şimrin batinləri necə aşkar olardı? Bəlkə də onların zahirləri bir idi. Lakin elə ki, Kərbəla hadisəsi baş verdi, bu ikisi arasında (yerlə göy qədər) fərq olduğu aşkara çıxdı”.
Deməli, Allahu-təala bəzən bir ümməti sınağa çəkmək və onun xalisini saxtasından ayırd etmək üçün onun rəhbərini nəzərlərindən gizləyə bilər və bu keçmiş ümmətlərdə baş vermişdir. Elə isə İmam Məhdi (ə)-ın qeybə çəkilməsinin hikmətlərindən birinin insanların sınağa çəkilməsi olması kiməsə qəribə görünməməlidir.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.