Bismillahir rəhmanir rəhim
İslam dininin hökm və təklifləri həm kişilər və həm də qadınlar üçün gəlmişdir. Uca şəriət təkid etmişdir ki, yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirmək hər iki cinsin nümayəndəsi üçün vəzifədir. Fikri, əxlaqi və ruhi təkamül hər iki tərəf üçün də mümkündür. Kişilər içərisində kamilliyə çatmış şəxslər olduğu kimi, qadınlar içərisində də həzrəti Xədicə (s.ə), həzrəti Fatimə (s.ə), həzrəti Zeynəb (s.ə) və s. digərləri kimi kamilliyə çatmış xanımlar olmuşdur. İslam dini vurğulayır ki, hənif din və İmam Məhdi (ə) yolunda xidmət etmək vəzifəsi qadınlar üçün də mümkündür. İmam Baqir (ə)-dan nəql edilən bir hədisdə bildirilir ki, qiyam zamanı İmam Məhdi (ə)-la birlikdə əlli qadın olacaq.
Tarix bizə sübut edir ki, ən ağır və ən çətin vəzifələr zamanı müsəlman qadını kişilərlə yanaşı durmuşdur. Allah Rəsulu (s) ilahi risalət yükünün altına girərkən həzrəti Xədiceyi-Ğəra (s.ə) Onun (s) yanında idi. O həzrət (s) çətinliklərlə üzləşdiyi zaman həzrəti Fatimətuz-Zəhra (s.ə) onun yanında idi. İmam Hüseyn (ə)-ın Kərbəladakı yenilməz duruşu zamanı həzrəti Zeynəbi-Kubra (s.ə) onun yanında idi…
İmam Məhdi (ə) zühur etdiyi zaman da o həzrətin ətrafında dinlərini hifz etmiş, Allahın əmrlərinə tabe olmuş və ilahi ədalətin aşkara çıxmasına zəmin yaradıb müntəzir olmuş möminə xanımlar olacaq. Gərək xanımlar da kişilər kimi dinin dərdinə yansın və İmam Məhdi (ə)-ın çəkdiyi əziyyət və acıları hiss etsin.
Biz çox böyük qüvvəyə sahib olan qadının öz İmamından uzaq qalmasını qəbul edə bilmərik. Gəlin həzrəti Zeynəb (s.ə)-ya nəzər salaq və görək ki, öz qardaşı həzrəti Hüseyn (ə)-a necə yardım etdi və o həzrəti (ə) necə tək qoymadı. Bəs elədirsə, biz nə üçün İmam Məhdi (ə)-ı tək-tənha qoymalıyıq? Əgər deyilsə ki, elə deyil, o uca məqamlı Xanım (s.ə) İmam Hüseyn (ə)-ın bacısı idi, o zaman da gəlin Təv`a xanıma (r.a) baxaq və görək ki, Müslim ibn Əqil (ə)-a necə yardım etdi. O ki, həzrəti Müslimin bacısı və ya qohumu deyildi.. Onun həzrəti Müslimlə (ə) Allaha görə olan qardaşlıq bağından başqa bir əlaqəsi yox idi. Kişilər o həzrəti tənha qoyub qaçan zaman o xanım (r.a) həzrəti Müslimə arxa və köməkçi oldu.
İmam Məhdi (ə)-a zühur zamanı və qeybdə olduğu dövrdə yardım edə bilmələri üçün xanımlar xalis bir niyyətlə və dini vəzifələrinə riyaət etməklə ən kamil şəkildə ruhi və nəfsi hazırlığa sahib olmalıdırlar. Bu vəzifələri isə təbiət baxımından iki yerə bölmək olar:
Birinci: heç bir hal və şərtlər daxilində tərk edilməməli olan işlər, ikinci: yalnız istisna hallarda tərk ediləcək işlər.
Birinci qismə namaz, oruc, həcc, zəkat, xüms, yaxşılığa dəvət, pislikdən çəkindirmək, təvəlla və təbərra kimi dini vacibatlar daxildir.
İkinci qismə isə gündəlik işlər daxildir ki, mümkün qədər bunlara riayət etmək lazımdır. “Allah heç bir kəsi gücü çatdığından artıq olanla yükləməz”. Bunlara misal olaraq, hər gün heç olmazsa bir səhifə Qurani Kərim tilavət etmək, dualar və ziyarətnamələr oxumağı misal göstərə bilərik. Bunlara riayət etməkdə çoxlu savab, Allahu-təalaya yaxınlaşmaq, fitnə və azğınlıqlardan qorunmaq vardır. Allahu-təalaya yaxınlaşmaq isə İmam Zaman (ə)-a yaxınlaşmaq deməkdir…
Qadının İmam Məhdi (ə)-ın zühuruna hazırlıq məsələsindəki roluna gəlincə isə bunu iki əsas mehvərdə xülasələşdirmək olar. Birincisi ev, ikincisi cəmiyyət.
Birinci mehvər: Xanımın buradakı rolu əsas və mühümdür. Çünki onun üzərində cəmiyyətin əsas özül daşlarından birini- ailəni hazırlamaq vəzifəsi vardır. Ailə cəmiyyətin əsli, əsasıdır. Qadın bir fərdi (övladını) körpə yaşlarından etibarən təlim və tərbiyə edərək onu lazımı səviyyəyə çatdıra bilər və bununla da o fərd İmam Məhdi (ə)-ın ənsarından və o həzrətin dünya səviyyəli işində iştirak edənlərdən biri ola bilər. Bir fərdin şəxsiyyətini inşa etmək çox böyük bir “cihad” tələb edir. Hətta davamlı nəzarət və mühasibədən daha böyük bir cihad tələb edir.[1]
Bunun kimi, gərək xanım öz həyat yoldaşına qarşı da xoş davranıb xoş rəftar edə. Belə ki, hədislərdə də gəldiyi kimi bu özü elə ən böyük cihaddır.
İkinci mehvər: Qadının buradakı rolu da həmçinin mühümdür və əhəmiyyətinə görə birincisindən heç də az önəmə malik deyil. Bu rol, savadlı və cəmiyyəti düz yola yönləndirə biləcək xanımların üzərinə düşür.
Həmçinin, əgər qadının İmam Məhdi (ə)-la tanışlığı azdırsa, bu o həzrətin (ə) qəlbini incidir. O həzrət (ə) şiəsinin ondan qəflət etməsinə, onun haqqını müdafiə edə bilməməsinə və ondan uzaqlığına görə kədərlənir…
“Səda əl-Məhdi (ə)” jurnalı, 46-cı say
Tərcümə: Zuhuradogru.org
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
[1] Körpəyə təkcə nəzarət etmək kifayət etmir, eyni zamanda düzgün təlim və təbiyə etmək də lazım gəlir.