Qəza anlamı

Bismillahir rəhmanir rəhim

Hadisə və şeylərin yaradılışı ilə bağlı mərhələlərdən birisi də qəza adlanır. Qurani-kərimdə qəza müxtəlif mənalarda işlənmişdir. Yaradılış baxımından qəza anlamı varlığın qəti şəkildə gerçəkləşməsini nəzərdə tutur. Qəza ilahi hökmdür və həmin hökmə görə xilqət qəti surətdə baş verir.
Öncə aşağıdakı iki ayəni nəzərdən keçirək.
Rəd surəsi, 41-ci ayə:
Məgər kafirlər Bizim (Öz qüdrətimizlə) Yer üzünü (onun müxtəlif) tərəflərindən get-gedə azaltdığımızı (müsəlmanların onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. Allah tezliklə haqq-hesab çəkəndir!
Qəsəs surəsi, 70-ci ayə:
Allah Odur. Allahdan başqa heç bir Tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!
Varlıqların təqdir və ölçü mərhələsindən sonra onların qəza mərhələsi başlayır. Bir şeyin qədəri müəyyən edilə bilər, ancaq qəzası (hökmü) təyin edilməmiş qala bilər. Belə olduqda həmin şeyin yaranmasına mane ola biləcək səbəblər ortaya çıxa bilər, deməli, həmin şey zahiri aləmdə aşkar olmaya bilər. Rəvayətdə belə deyilir ki, Allah bir şeyin qəzasını – yəni hökmünü rədd etdikdə, belə bir hökm bir daha geri dönməz, həmin şey isə gerçəkləşə bilməz.
“Allah öz hökmünü imza edər, təqdir etdiyi şey barəsində hökm verər və iradə etdiyi şeyin ölçü və təqdirini təyin edər” [11].
İlahi qəza iki qismdir: birisi dəyişə bilən qəza, o birisi isə dəyişməz qəza. Bir şeyin qəzası müəyyən müddətə qədər verilə bilər, sonra bu hökm dəyişər, onun yerinə başqa qəza (hökm) verilər. Bu barədə “Əcəl” və “Lövh” bölməsində bəhs ediləcək.
İzn anlamı
Varlığın mərhələ və xüsusiyyətlərindən biri “izn” məfhumu ilə ifadə olunur. Həmin anlama görə, heç bir varlıq Allahın izni olmadan ərsəyə gələ bilməz. Əgər insan iman gətirirsə, onun imanı Allahın izni ilə olur. Əgər insan peyğəmbərlərə itaət edirsə, onun itaəti də Allahın izni ilədir. Əgər insan üçün acı bir hadisə üz verirsə, bunun da kökü Allahın izni ilə bağlıdır. Əgər subyektdən bir hərəkət üz verirsə, həmin hərəkət Allahın izni ilədir.
Səmavi kitabda Allahın izni ilə bağlı müxtəlif ayələr işlənmişdir və onlardan bəziləri ilə tanış olaq:
Həşr surəsi, 5-ci ayə:
(Ey möminlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu, Allahın (öz Rəbbinə asi olan) fasiqləri rüsvay etməsi üçündür.
Əraf surəsi, 58-ci ayə:
Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinliklə, özü də az yetişər. Biz Öz ayələrimizi (nemətlərimizə) şükr edən bir tayfa üçün belə müfəssəl izah edirik.
Yunus surəsi, 100-cü ayə:
Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (Buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları qəzəbə, əzaba düçar edər.
Rəd surəsi, 38-ci ayə:
(Ya Məhəmməd!) Biz səndən qabaq da peyğəmbərlər
göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir.)
Nisa surəsi, 64-cü ayə:
Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.
Təğabun surəsi, 11-ci ayə:
Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!
“İlahi izn” ifadəsi hər hansı bir maneənin aradan qaldırılması mənasında anlaşılır. Başqa sözlə desək, müəyyən səbəblərin işə düşməsi və həmin səbəblərə görə hər hansı bir hadisənin baş verməsinə əngəl olan amillərin aradan qaldırılması ilahi izn mənası daşıyır. Aləmdə olan bütün məxluq müəyyən təsir gücünə və hərəkətə (felə) malikdir. Həmin təsir və hərəkət Allah tərəfindən məxluqun mahiyyətində potensial şəkildə qoyulub. Hər hansı bir şeydən və ya subyektdən bir hərəkət və ya təsir baş verərsə, bu o deməkdir ki, Allah həmin hərəkət və ya təsiri əngəlləyəcək səbəbi aradan qaldırmış, həmin subyekt və ya predmeti belə bir təsir və hərəkət üçün qabil etmişdir.
Quran baxımından insan üçün baş verən hadisələr Allahın izni
ilə gerçəkləşir. İlahi izn bütün təsir proseslərini əhatə edir, çünki hər bir təsir Allahın izni ilə gerçəkləşir.
Qurani-kərimdə “izn” sözü eyni zamanda varlıqların itaət və Allaha bağlılığı mənasında işlənib. Göy barəsində deyilir ki, o Pərvərdigarın fərmanına təslim və müti olmuşdur.
İnşiqaq surəsi, 2-ci ayə:
Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib Ona itaət edəcəyi zaman;
Quranda dünyaşünaslığın əsasları, Abdulla Nəsri

Leave a Comment