Bismillahir Rəhmanir Rəhim
Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna e”tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən də təsirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur.
Əllamə Məclisi “Biharul-ənvar” kitabının 3-cü cildində və “Həqqül-yəqin”də buyurmuşdur: “Mötəbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.”
Əqidə və əməllərin sorğusu
Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.)
Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Məsumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular.
Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).
Qəbir sorğusunun faydası nədir?
İnsanın mömin və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?
Mömin üçün qəbir sorğusu nemətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu mələklərin adı “Bəşir” və ya “Mübəşşir” (xoş müjdəçi)dir. Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün ləzzətdir.
Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.
Əzab mələyi ilə görüş və narahatlığın başlanğıcı
Mömin kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları “Nəkir” və “Münkir” (müşkülçü, inkarçı)dır.
Digər suallarda aciz olarlar
Bir ömür Allahı düşünüb tanımamış insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi məlum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə bilməz. Bəziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki sualda tutularlar. Bəziləri də digər haqq əqidələrdən verilən suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.
Əməllərdən sual olunar
“Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: “Sənin haqqında yüz taziyanə əzab hökm olunub.” Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir.
Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən?
Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb, Məad
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.