Bismillahir Rəhmanir Rəhim
Mərhum Şeyx Səduq (r.ə) “Kəmalud-din” kitabının yazılma səbəbi barədə danışarkən bildirir ki, bir gecə yuxuda həzrəti Məhdi (ə) görür və həzrət (ə) ona göstəriş verir ki, qeybətlə bağlı bir kitab yazsın. Məhz bu yuxudan sonra mərhum Şeyx adı çəkilən kitabı yazmağa başlayır. Şeyx Səduq (r.ə) deyir: “…Həzrətə (ə) salam verdim və o da salamımın cavabını verib dedi: “Nə üçün qeybətlə bağlı bir kitab yazmırsan ki, səni bu fikirdən qurtarsın?” Dedim: Ey Allah Rəsulunun övladı, qeybətlə bağlı bir neçə şey yazmışam. Buyurdu (ə): “Elə demirəm, sənə tapşırıram ki, qeybətlə bağlı bir kitab yazasan və orada Peyğəmbərlərin (ə) qeybə çəkilmələrini qeyd edəsən”. (Kəmaluddin, Şeyx Səduq, c.1/səh 2-3) Bəli, göründüyü kimi, həzrəti Məhdi (ə) Şeyxdən xüsusi olaraq peyğəmbərlərin (ə) qeybə çəkilmələri barədə yazmasını tələb edir. Bizlər də bu əmrdən öz həddimizdə pay alaraq Peyğəmbərlərin (ə) qeybə çəkilməsi barədə qeyd edilən rəvayətlərdən müəyyən qədərini tərcümə etməyə çalışacağıq.
Mərhum Şeyx Səduq (r.ə) “Kəmalud-din və təmamun-nimə” kitabının 129-cu səh.də “İdris əleyhis-səlamın qeybə çəkilməsi barədə” adlı 1-ci babda buyurur:
Qeybə çəkilmələrin birincisi həzrəti İdris əleyhis-səlamın məşhur qeybə çəkilməsidir. Hətta (o zaman) vəziyyət elə bir həddə çatır ki, o həzrətin tərəfdarları yem qıtlığından əziyyət çəkirlər, zalım bir şəxs onların bir hissəsini öldürür, qalanlarını isə yazıq və biçarə vəziyyətə salır. Lakin bir müddət sonra o həzrət (ə) aşkara çıxır və öz tərəfdarlarına fərəc vədəsi və nəslindən olan bir Qiyamçının qiyam edəcəyi xəbərini verir. O qiyam edən şəxs isə, Nuh əleyhis-səlam idi. Daha sonra Allah İdris əleyhis-səlamı öz dərgahına qaldırır. Onun tərəfdarları isə uzun illər boyu, nəsilbənəsil -zalımların şiddətli əzablarına səbr edərək- Nuh əleyhis-səlamın yolunu gözləyirlər. Nəhayət Nuh əleyhis-səlam gəlir.
1-Əbil-Bilad İmam Baqir (ə)-dan belə nəql edir ki, həzrət buyurur[1]: İdris əleyhis-səlamın peyğəmbərliyinin əvvəllərində zalım bir hökmdar var idi. Bir gün bu hökmdar gəzintiyə çıxarkən gözoxşayan yaşıllıqa malik bir ərazidən keçir. Ərazi şahı sevməyənlərdən olan mömin bir şəxsə məxsus idi. Şahın ərazidən xoşu gəlir və vəzirlərindən ərazinin kimə məxsus olduğunu soruşur. Ona torpağın bir mömin bəndəyə məxsus olduğunu deyirlər. Şah o mömini çağırıb ondan torpağını ona verməsini tələb edir. Mömin deyir: Əhli-əyalım ona sizdən daha çox ehtiyaclıdırlar. Hökmdar deyir: Onun əvəzində sənə pul verərəm. Mömin deyir: Onu sizə vermirəm və ondan yararlanmağınızı istəmirəm, odur ki, bu məsələdən vaz keçin. Şah əsəbi və təəsüf edən bir halda oradan uzaqlaşıb evinə gedir. Oturub fikirləşməyə başlayır. Şahın Əzariqədən olan bir qadını var idi. [2] Şahın ondan çox xoşu gələrdi və işlərində onunla məsləhətləşərdi. Bu səbəbdən də ərazi ilə bağlı məsləhətləşmək üçün onu yanına çağıtdırır. Qadın gəlib şahın qəzəbli görəndə ondan bunun səbəbini soruşur. Şah baş verənləri qadına danışır və qadın deyir: Ey hökümdar, buna görə o adam qəzəblənər və dərd çəkər ki, onun (vəziyyəti) dəyişməyə və intiqam almağa qüdrəti yoxdur. Əgər əlində heç bir bəhanən olmaması səbəbindən onu öldürmək istəmirsənsə, mən elə edərəm ki, sənin əlində bir bəhanə olar və sən onu öldürdüyün zaman camaat yanında üzürlü olarsan. Şah ondan bu bəhanənin nə olduğunu soruşduqda qadın deyir: Öz həməqidəm olan Əzariqələri onun yanına göndərərəm və onlar da onu tutub sənin yanına gətirərlər. Sonra da sənin hüzurunda onun əleyhinə şəhadət verib deyərlər ki, o sənin dinindən bezardır (sənin dinindən deyil). Beləcə sənə onu öldürmək və torpağını ələ keçirmək caiz olar. Şah razılaşır.
Sonra İmam (ə) buyurdu: Qadının Əzariqədən olan həməqidələri var idi ki, möminlərdən olan inkarçıların (haqsızlığı inkar edənlərin) qətlə yetirilmələrini icazəli bilirdilər. Qadın onlardan bir dəstə şəxsi çağırıb onları həmin möminin əleyhinə şahid tutdu və onlar şəhadət verdilər ki, həmin şəxs hökümdarın dinindən deyil. Beləcə şah onu öldürtdü və ərazisinə sahib çıxdı. Bu zaman Allahu-təala o bəndəyə görə qəzəb etdi və İdrisə (ə) əmr edib dedi: “Bu zalım qulumun yanına gedib de ki, zalımcasına bir mömini öldürüb torpağına özününkü imiş kimi sahib çıxmağa və ailəsini ehtiyac və aclıq içində qoymağa necə razı oldun? Bil! And ola izzətimə ki, tezliklə onun intiqamını səndən alacaq və mülkünü əlindən çıxaracağam! Şəhərini xaraba qoyacaq, əzizliyini zəlilliyə çevirəcək və itləri qadınının əti ilə doyuracağam! Mənim helmim səni məğrur və arxayın edib!”
İdris əleyhis-səlam hökümdarın yanına gəlib Rəbbinin sözünü ona çatdırdı. Zalım dedi: Çıx hüzurumdan ey İdris, özünü mənimlə bir tuta bilməzsən!
Bundan sonra şah qadınına xəbər göndərib İdrisin dediklərini ona bildirdi. Qadın dedi: İdrisin Allahının sənə göndərdiyi məktub (xəbərdarlıq) səni qorxutmasın. Mən İdrisin işini bitirməkdə sənə kömək edərəm. Bir adam göndərərəm ki, onu öldürsün və beləcə onun Allahının məktubu və İdrisin dedikləri puç olsun. Şah dedi: (Nə deyirsən) elə.
İdrisin (ə) isə rafizilərdən (zülmü və zalımı inkar edənlərdən) olan mömin tərəfdarları var idi. İdris (ə) Allahu-təalanın ona etdiyi vəhy, zalım şaha göndərdiyi məktub və məktubu zalım şaha çatdırması barədə onlara məlumat verdi. Möminlər İdrisə (ə) görə narahat olub öldürüləcəyindən qorxuya düşdülər.
Şahın qadını İdrisi (ə) öldürmək üçün qırx nəfər Əzariqə göndərdi. Onlar İdrisin (ə) əshabı ilə toplaşdığı yerə gəlsələr də onu orada tapa bilmədilər. Bu zaman İdrisin (ə) əshabı (gizli şəkildə) onları gördülər və onların İdrisi (ə) öldürmək üçün gəldiklərini başa düşdülər. Bu səbəbdən də dəstə-dəstə ayrılıb İdrisi (ə) axtarmağa başladılar və onu tapıb dedilər: Ehtiyatlı ol, ey İdris. O zalım bu gün qırx nəfər Əzariqə göndərib səni öldürtmək istəyirdi. Odur ki, çıx bu kənddən. İdris (ə) bir neçə nəfərlə birlikdə kənddən bir qədər aralandı. Elə ki, gecə oldu, İdris (ə) Rəbbi ilə münacat edib dedi: “Ey Rəbbim, məni zalım bir kəsin yanına göndərdin və mən Sənin sözünü ona çatdırdım. (İndi) bu zalım məni ölümlə hədələyib. O məni öldürə biləcəkmi?” İzzət və cəlal sahibi olan Allah belə vəhy etdi: Ondan üz çevirib şəhərindən çıx və onu Mənimlə baş-başa burax. İzzətimə and olsun ki, onun barəsində əmrimi həyata keçirəcəyəm (nə vəd etmişdimsə, edəcəyəm) və sənin sözünü doğru çıxaracağam. İdris (ə) dedi: Ey Rəbbim, mənim bir istəyim var. Allah buyurdu: İstə, verilsin! Dedi: Səndən bircə bunu istəyirəm ki, nə bu kəndə, nə də ətrafına yağış yağdırmayasan. İzzət və cəlal sahibi olan Allah dedi: Ey İdris, o zaman kənd xaraba qalar, kənd əhlinin çətinliyi artar və ac qalarlar. İdris (ə) dedi: Hətta xaraba qalsa, çətinliyə düşsələr və ac qalsalar belə. İzzət və cəlal sahibi olan Allah dedi: İstədiyini sənə vedim, sən istədiyinə görə səmadan onlara yağış yağdırmayacağam. Mən əhdə vəfa etməyə hamıdan daha çox layiqəm….
(Ardı var)
[1] Azacıq ixtisarla nəql edirik. –müt.
[2] Əzariqə- özləri ilə bir əqidədə olmayan şəxslərin qanını və malını halal hesab edən bir dəstə idi. İslamdakı Xəvaric kimi.
“Kəmalud-din”, Şeyx Səduq
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Ardini sebirsizlikle gozleyirik