Bismillahir Rəhmanir Rəhim
Mirzə Hüseyn Nuri özünün məşhur “Cənnətul-məva” əsərində yazır:
Muhəmməd ibn Heydər Həsəni Hüseyni dedi: Dini elm almaqdan ötrü Nəcəfi-əşrəfdə olduğum vaxtlarda (təqribən 1275-ci hicri ili idi) bir dəstə elm əhlinin və eləcə də dindar camaatın göyərti satan bir kişi barədə danışdıqlarını eşidirdim. Onların dediyinə görə həmin kişi mövlamız həzrəti İmam Məhdini (ə) görübmüş. Onu yaxından tanımaq istədim və onu tapdım. Gördüm ki, saleh və dindar bir şəxsdir. Mən istəyirdim ki, onunla xəlvət bir yerdə əyləşib mövlamız İmam Məhdini (ə) necə görməsini ondan soruşum. Buna görə də tez-tez onun yanına gedir, satdığı göy-göyərtidən alardım. Bir müddətdən sonra mənimlə onun arasında bir növ mehribanlıq yaranmışdı. Bütün bunlar onun barəsində dolaşan xəbərləri onun özündən eşitməyim üçün idi. Günlərin bir günü həftənin üçüncü gününün gecəsində isticarə, dua, namaz və əməllərini yerinə yetirmək üçün Səhlə məscidinə getmişdim.
Məscidin qapısına çatdığım zaman qapı ağzında həmin şəxsi gördüm. Fürsəti qənimət bilib ondan həmin gecəni mənimlə qalmasını xahiş etdim, o da qaldı. Biz Səhlə məscidinin əməllərini yerinə yetirdikdən sonra o zamanda məşhur olan qaydaya əsasən, böyük məsçidə – Kufə məscidinə tərəf yola düşdük. Çünki o zamanlar Səhlə məscidində indiki kimi xidmətçilər və adamlar olmurdu.
Kufə məscidinə çatdıqdan sonra bir kənara çəkilib məscidin bəzi əməllərini yerinə yetirməyə başladıq. Mən ondan haqqında danışılan xəbər barədə soruşub xahiş etdim ki, başına gələn əhvalatı təfsilatı ilə mənə danışsın. O şəxs dedi:
Mən çox vaxt mərifət əhlindən və dindarlardan eşidirdim ki, kim İmam Məhdini (ə) görmək niyyətilə qırx dəfə ardıcıl olaraq həftənin üçüncü gününün gecəsini Səhlə məscidində ibadət edərsə, arzusuna çatar. Onların dediyinə görə bu, dəfələrlə sınanmış və təcrübə olunmuşdu. Buna görə də içimdə bu işə qarşı bir şövq yarandı. Beləcə hər həftənin üçüncü gününün gecəsini məsciddə səhərədək ibadətlə keçirməyi qərara aldım. Nə isti, nə soyuq, nə yağış və nə da başqa bir şey mənə bu işi görməyə mane ola bilmirdi. Bu minvalla təxminən bir il keçdi, mən isə hər üçüncü günün gecəsi Səhlə məscidində ibadət edir, gecəni də qaydaya uyğun olaraq Kufə məscidində keçirirdim.
Bir dəfə yenə də adətim üzrə ikinci gün axşam çağı evdən çıxıb ayaqla məscidə gedirdim. Hava soyuq, mövsüm qış mövsümü idi. O axşam göy üzündə bulud olması və çiskin yağış yağması səbəbində hava olduqca qaranlıq idi. Mən adəti üzrə yenə də camaatın gələcəyindən arxayın bir şəkildə məsçidə gedirdim. Nəhayət gəlib məscidə çatdım. Artıq günəş batmış, hava daha da qaralmışdı. Tez-tez ildırım çaxır, göy guruldayırdı. Yavaş-yavaş mən təklikdən qorxmağa başladım, çünki məsçidi-şərifdə bir kimsəyə rast gəlməmişdim. Hətta üçüncü günlər məscidə gəlməli olan xidmətçi belə o gecə məsciddə deyildi.
Bu səbəbdən də olduqca qorxuya düşüb öz-özümə dedim: Gərək məğrib namazını qılıb tez lazımı əməlləri yerinə yetirəm və sonra da Kufə məscidinə gedəm.
Axşam namazına qalxıb namazı qıldım, ardıyca isə əməlləri; namazı, duanı yerinə yetirməyə başladım..
İsticarə namazı qılırdım ki, bir anlıq diqqətim məsçiddəki Sahibəz-zəman məqamına yönəldi. Həmin yer mənim namaz qıldığım yerin qiblə istiqamətinə (yəni üzbəüzdə) yerləşirdi. Orada tam bir işıq gördüm və bir nəfərin namaz qıldığını eşitdim. Buna görə də qəlbim aram oldu, tam arxayınlıq və rahatlıq hiss etdim. Düşündüm ki, müqəddəs məqamda məndən başqa da ziyarətçilər var imiş, amma mənim xəbərim olmayıb. Buna görə də tam bir aramlıqla isticarə əməllərini yerinə yetirdim.
Əməlləri yerinə yetirdikdən sonra müqəddəs məqama tərəf gedib məqama daxil oldum və orada böyük bir işıq gördüm. Amma gözümə orada bir çıraq dəyməmişdi, buna baxmayaraq mən bunun necə baş verdiyini düşünməmişdim. Orada elm əhli geyimində əzəmətli və heybətli bir seyyid gördüm. Ayaq üstə durub namaz qılırdı. Onu gördükdən sonra rahatlaşdım. Baxdım ki, deyəsən başqa yerdən gələn zəvvardır. Çünki bir qədər diqqət yetirdikdən sonra onun Nəcəfi-əşrəfdən olduğu qənaətinə gəldim.
Mən məqamın əməllərinə uyğun olaraq mövlamız İmam Məhdinin (ə) ziyarətnaməsini oxumağa başladım və ziyarət namazı qıldım. Dua və namazı bitirdikdən sonra istədim gedib ona deyəm ki, Kufə məscidinə birlikdə gedək. Lakin heybətindən və böyüklüyündən deyə bilmədim. Bu vaxt mən məqamdan çölə baxır, zülmət qaranlığı görür, yağışın və göy gurultusunun səsini eşidirdim. Bu zaman o öz mübarək üzünü rəfət və təbəssümlə mənə tərəf çevirərək dedi: Kufə məscidinə getmək istəyirsən?
Dedim: Bəli, cənab. Biz Nəcəflilərin adəti budur ki, bu məscidə gəlib əməllərini yerinə yetirdikdən sonra Kufə məscidinə gedək. Gecəni orada keçirək, çünki orada adamlar, xidmətçilər və su olur.
Ayağa qalxıb dedi: Qalx Kufə məscidinə birlikdə gedək.
Onunla birlikdə məsciddən çıxdıq. Bu zaman mən onunla həmyoldaş olmağıma görə çox sevinirdim. Biz işıqlı, xoş havalı, quru və adamlar olmayan bir yolla gedirdik. Mən bir qədər öncə gördüyüm zülmət qaranlıqdan və yağışdan bixəbər olmuşdum. Nəhayət onunla birgə – canım ona fəda olsun – məscidin qapısına çatdıq. Mən onunla yol gəldiyimə görə son dərəcə sevincli və fərəhli idim, qaranlıq və yağış da görməmişdim.
Məscidin çöldəki qapısını döydüm, qapı bağlı idi. Xadim içəridən səslənib dedi: Kimdir?
Dedim: Qapını açın.
Dedi: Bu zülmətdə və yağışda haradan gəlirsən?
Dedim: Səhlə məscidindən.
Xadim qapını açınca o böyük seyyidə tərəf döndüm, lakin onu görmədim. Bu zaman hər yer qaranlıq oldu və üzərimə yağış yağmağa başladı. Mən isə çağırıb səsləməyə başladım: Ey Ağamız, ey mövlamız, buyur, o artıq qapını açdı..!
Arxama dönüb çağıra-çağıra onu axtarmağa başladım, lakin bir kimsə görmədim. Bu qısa vaxt ərzində də hava, yağış, şimşək mənə təsir göstərmişdi.
Məsçidə daxil oldum. Qəflətdən ayıldım, sanki yatmışdım birdən oyandım. Açıq aşkar gördüyüm nişanələrə diqqət yetirmədiyim üçün özümü danlamağa başladım. Onun kəramətlərini xatırladım. Müqəddəs məqamdakı işıq kəramətini düşündüm, baxmayaraq ki, mən orada bircə dənə də olsun çıraq görməmişdim, hətta orada iyirmi çıraq olsaydı belə, o işıq kimi güclü ola bilməzdi! Bundan başqa onun məni öz adımla çağırdığını xatırladım, halbuki bundan əvvəl mən onu tanımırdım və görməmişdim.
Xatırladım ki, mən məqamda olan zaman məsçidin fəzasına baxırdım, o zaman havanın tamamilə qaranlıq olduğunu görür, yağış və göy gurultusu səsi eşidirdim. Lakin onunla birgə -səlamullahi əleyh- məqamdan çıxdığımız zaman işıqlıqda yeriyirdim, elə bir şəkildə ki, ayağımın altını rahatlıqla görə bilirdim. Torpaq quru idi, hava isə çox mülayim idi. Nəhayət biz qapının ağzına çatdıq. O məndən ayrılanadək qaranlıq, yağış və ağır hava müşahidə edirdim.
Bundan başqa digər qəribə əlamətlər də baş vermişdi ki, bütün bunlar məndə o şəxsin həzrəti Məhdi (ə) olduğuna yəqin yaratdı. O şəxs ki, onu görmək üçün uzun müddət Səhlə məscidinə getmişdim, soyuq isti demədən məşəqqətlərə dözmüşdüm. Bunları düşündükdən sonra Allahu-təalaya bu lütfünə görə şükr etdim, həmd olsun Allaha!
Mirzə Hüseyn Nuri, “Cənnətül-mə`va”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.