On üç imam və ya əsl Məhdi kimdir (II)

Bismillahir Rəhmanir Rəhim

Ötən yazımızda da bildirdiyimiz kimi, bu yazımızda qeyd edilən hədisin hansı yazılış formasının səhih olması və qeyri-səhih olan yazılış formasının hədislərdə hansı səbəblə gəlməsi məsələlərini aydınlaşdırmağa çalışacağıq.

Qeyd edildiyi kimi, hədisin ərəbcə mətnində mövcud olan anlaşılmazlığın nə olduğunu bildikdən sonra, geriyə bir məsələ qalır. O da hədisin hansı yazılış formasının səhih olması məsələsidir.

Bu məqamda görüləcək ilk iş, hədisin yer aldığı “Əl-Kafi” kitabının nüsxələrinə müraciət etməkdir. Bu məqsədlə ki, görəsən qeyd edilən hədis “ya-əl-mütəkəllim”-li, yoxsa “ya-əl-mütəkəllim”-siz formada qeyd edilmişdir. Aşağıda “Əl-Kafi” kitabının bir neçə nüsxəsini qeyd edirik ki, bu nüsxələrdə adı çəkilən hədis “ya-əl-mütəkəllim”lə işlədilmişdir[1]:

Birinci: Tehran Universitetinin mərkəzi kitabxanasındakı 6649 rəqəmli əlyazma. Nüsxənin köçürülməsi işi 989-cu hicri ilində tamamlanmışdır. Bu nüsxə Şəhid Sani, Mirzə Muhəmməd Əstərabadi kimi bir sıra şiə məzhəbi böyükləri (rəhiməhumulullah) tərəfindən səhih hesab edilmişdir.

İkinci: Tehran Universitetinin mərkəzi kitabxanasındakı 6238 rəqəmli əlyazma. Bu nüsxəni Əllamə Məclisinin tələbələrindən olan Muhəmməd ibn Muhəmməd ibn Yəhya Nuri köçürmüş və 1082-ci hicri ilində tamamlamışdır. Nüsxənin sonunda da deyildiyi kimi nüsxənin təshihini (səhihliyinin yoxlanılması işini) Əllamə Məclisi şəxsən öz üzərinə götürmüşdür. Nüsxənin haşiyəsində ata və oğul Məclisinin, eləcə Şeyx Bəhai və digər bu kimi böyük şəxsiyyətlərin (rəhiməhumulullah) təliqələri (qeydləri) yer almışdır.

Üçüncü: Feyz Kaşanidə (r) olan nüsxə. Hansı ki, özünün “Əl-Vafi” kitabında həmin nüsxədən hədis nəql etmişdir. Molla Feyz Kaşani “Əl-Vafidə” həmin hədisi nəql edərkən özündə olan nüsxədən nəqlən “ya-əl-mütəkəllim”-li şəkildə nəql etmişdir[2].

Bundan başqa:

“Ğeybət” kitabının müəllifi, Siqətul-İslam Küleyninin (r) katibi və eyni zamanda “Kafi” kitabının hazırlanmasında Şeyxin yardımçısı olan Şeyx Numani (r) özünün “Ğeybət” kitabında hədisi (ظَهْرِي)-şəklində, yəni “ya-əl-mütəkəllim”-li olaraq qeyd etmişdir[3].

Həmçinin, Şeyx Səduq (r) “Kəmalud-din və təmamun-ni`mə” kitabında hədisi “ya-əl-mütəkəllim”-li şəkildə qeyd etmişdir[4]. Onu da nəzərə almaq lazımdır ki, Şeyx Səduq (r) Şeyx Kuleyniyə (r) yaxın bir zamanda yaşamışdır və bu, hədisin Kafinin səhih nüsxəsində qeyd edilən şəkildə olması fikrini dəstəklədir.

Əllamə Məclisi (r) də “Biharul-Ənvar” kitabında hədisi “Kəmalud-din”-ə istinadən“ya-əl-mütəkəllim”-li şəkildə nəql etmişdir[5].

Bunu da əlavə etmək lazımdır ki, Xəzaz Qummi (r) “Kifayətul-Əsər” kitabında hədisi Şeyx Səduqdan nəqlən qeyd etdiyimiz şəkildə gətirmişdir[6].

Həmçinin, Şeyx Müfid (r) və Şeyx Tusinin (r) müasirlərindən olan Əba Saleh Hələbi “Təqribul-Məarif” kitabında hədisi eyni ifadə ilə qeyd etmişdir[7].

Bəli, doğrudur ki, hədis Şeyx Tusinin “Ğeybət”, Şeyx Müfidə nisbət verilən “Əl-İxtisas”, Hüseyn ibn Həmdan əl-Xəsibinin “Əl-hidayətul-Kubra” kimi bəzi hədis kitablarda (ظَهْر) şəklində, başqa sözlə “ya-əl-mütəkəllim”-siz olaraq gəlmişdir.

Lakin buna baxmayaraq,  biz hədisin sözləri üzərində diqqətli şəkildə düşündüyümüz zaman qəti şəkildə əmin oluruq ki, hədisin doğru variantı: ظَهْرِي şəklidir. Belə ki, bu zaman hədisdə işarə edilən şəxs, başqa birisi deyil, İmam Muhəmməd ibnil-Həsən Əsgəri (ə.f) olur.

Bunun səbəbi isə ondan ibarətdir ki, hədisdə İmam Əmirəl-möminin (ə) bir neçə xüsusiyyət və sifət sadalayır və bu xüsusiyyətlər yalnız və yalnız o həzrətin (ə) on birinci övladına (ə) – İmam Huccət ibnil-Həsən Əsgəri (ə)-a tətbiq edilə bilər. Çünki imam (ə) buyurur: “O, yer üzü haqsızlıq və zülmlə dolduğu kimi ədalət və düzlüklə dolduracaq olan Məhdidir. Onun elə bir qeybə çəkilmə və iztirab dövrü olacaq ki, o zaman bəzi dəstələr azacaq, digərləri isə hidayət tapacaq…”. Məlum olduğu kimi bütün bu xüsusiyyətlər İmam Muhəmməd ibnil-Həsən Əsgəri (ə)-ın xüsusiyyətləridir[8] və bunu isbat etməyə də lüzum görmürük. Lakin əgər biz hədisi mənsubiyyət şəkilçisi olan “yə”-ni nəzərə almadan oxumaq istəsək, o zaman bütün bu xüsusiyyətlər başqa bir şəxsə aid olur ki, bu da şiə məzhəbi yanında qəti şəkildə inkar edilən bir məsələdir.

Deməli, geriyə tək bir sual qalır: Hədisin qeyri-səhih formada yazılışı hansı səbəblərdən üzündən baş tutmuşdur.

Bunun üçün iki səbəb göstərilir[9]:

1-Hədisdəki “ya” (ي) hərfi “Kafi” kitabının nüsxəsini köçürənlər tərəfindən yanlışlıqla salınmışdır.

2-Hədis eşidilmə əsasında yazıya alınıb. Belə ki, (ظَهْرِي) “zahri” sözündən sonra gələn (الْحَادِي عَشَرَ) ”hadi aşar” sözündə “lam-ət-tə`rif” işlənmişdir. Əgər “incə hərflər” olan “əlif”, “vav” və “yə” hərflərindən öncə onlarla eyni cinsdən olan hərəkə (ə, u, i) işlənərsə və onlardan sonra da başqa bir sözdə “sakin” gələrsə, bu zaman “incə hərf” ləfzi olaraq (tələffüzdə) düşür.

Məsələn: Yəxşə (يَخْشَى)=Yəxşəl-qaum (يَخْشَى الْقَوْمِ) . Yəğzu (يَغْزُو) =Yəğzul-ceyş (يَغْزُو الْجَيْشِ) . Yərmi(يَرْمِي) =Yərmil-ğarad(يَرْمِي الْغَرَضِ) .

Qurani-Kərimdə Bəqərə surəsi 124-cü ayəni də buna misal göstərə bilərik: “لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ” . “La yənalu əhdiz-zalimin”. “Mənim əhdim zalımlara yetməz”.

Bütün bu misallarda söz sonlarında “yə”, “əlif” və “vav” olsa da oxunuşda və eşidilişdə bunlar hiss edilmir və düşür. Elə bu səbəbdən də ehtimal edilir ki, İmam (ə) hədisi dediyi zaman “ya” hərfinin tələffüzdə düşməsi səbəbindən ravi elə zənn edib ki, İmam: (من ظَهْرِ الحَادِي عَشَر) deyir və bununla da hədisi yanlış başa düşüb.

Bu səbəbdən də hədisin doğru mənasını başa düşmək üçün düzgün və səhih yazılış formasını tanımaq və hədisin sözləri üzərində diqqətlə düşünmək gərəkdir. Bütün bunlar həyata keçdikdən sonra hədisdə mövcud olan anlaşılmazlıq da aradan qalxır. Doğru və düzgün yazılış formasını və eləcə də alimlərimizin (r) hansı formanı qəbul etdiklərini qeyd etdik. Hədisin mətninin İmam Höccət ibnil-Həsənə (ə) işarə etməsi və ona aid olmasına gəlincə isə, bu gün kimi aydın olduğundan onu isbat etməyə lüzum görmədik.  

Sonda bu cür hədislərdən istifadə edərək insanların diqqətini haqq və həqiqət mənbəyindən yayındırmağa çalışanların cəhdləri barədə bunu demək istərdik ki, belə şəxslərin məsəli “suya düşüb boğularkən xilas olmaq üçün saman çöpündən yapışan şəxsin”[10] məsəlinə bənzəyir. Belə şəxslər öz iddialarının isbatı üçün hər cür mənəviyyatsızlığa və yalana əl atmağa hazırdırlar. Bu yolda karlarına çatacaq hər cür “dəlil”dən istifadə edərlər. Və bəlkə də bu sahədə onların dadına çatacaq ən “karlı” vasitə, məhz bu cür ikimənalı hədislərdir. Lakin onlar bilmirlər ki, hər nə qədər çalışsalar da, haqq və həqiqətin üzərini örtə bilməyəcəklər və elə düşdükləri bataqlıqdaca qərq olub gedəcəklər.

 

ما أجْهَلَ القومَ فإن النـــــــارَ لا         تُطْفِأُ نورَ اللـــــــــــــهِ جَلَ وعلى

Ma əchələl-qavmə fəinnən-narə lə

Tutfiu nurAllahi cəllə və alə

(Bu qövm gör necə cahillik edir və bilmir ki:

Od, Uca və cəlal Sahibi olan Allahın nurunu söndürə bilməz)

 

Tədqiqat: Zuhuradogru.org                  

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]   Şeyx Əhməd Salman, “Şuhub Əl-Əhmədiyyə”, s.133.

[2]   Əl-Vafi, 3/261

[3]   Ğeybət, Şeyx Numani, s.29

[4]   Kəmalud-din və təmamun-ni`mə, Şeyx Səduq, s.289

[5]   Biharul-Ənvar 51/118

[6]   Kifayətul-Əsər, 220

[7]   Təqribul-Məarif, 188

[8]   Şeyx Əhməd Salman, “Şuhub əl-Əhmədiyyə”, 135

[9]  Şeyx Əhməd Salman, “Şuhub əl-Əhmədiyyə”, 135

[10]   Şeyx Əhməd Salman, “Şuhub əl-Əhmədiyyə”, 139

1 thought on “On üç imam və ya əsl Məhdi kimdir (II)”

Leave a Comment