“On üç imam“ şübhəsi və ya əsl Məhdi kimdir

Bismillahir Rəhmanir Rəhim

Məlum olduğu kimi batil və sapqın əqidə sahibləri insanları İmam Məhdi (ə)-dan uzaqlaşdırmaqdan ötrü müxtəlif məkirli planlar hazırlayırlar. Belə planlardan biri də saf möminlərin diqqətini ümumən Əhli-beyt (ə)-dan, xüsusən isə həzrəti Məhdi (ə)-dan yayındırmaqdır. Onlar bu istiqamətdə gördüyü ən təhlükəli işlərdən biri ümmətin həsrətlə gözlədiyi şəxsin kimliyinin təhrif etməkdir. Qısa və ümumi şəkildə demək istəsək; bu şəxslər hədislərdə buyurulan “bəşəri xilaskar”ın, “yer üzünü haqq və ədalətlə dolduracaq şəxs”in və “gözlənilən qiyamçı”nın İmam Məhdi (ə) deyil də başqa bir şəxs olması fikrini ortaya atmışlar. Bunun üçün isə bir sıra qondarma və təhrifə uğramış, yaxud da mənası dolaşıq olan nəqli dəlillərə -hədis və rəvayətlərə istinad etmişlər. Belə hədislərdən, daha dəqiq desək; üçüncü qismə aid olan hədislərdən biri də aşağıda qeyd edəcəyimiz hədisdir. 

Biz ilk öncə hədisi ərəb dili qramatikası baxımından təhlil edəcək, daha sonra isə nəqli dəlilləri təqdim etməyə çalışacağıq, inşəaallah:

Şeyx Kuleyni “Kafi” kitabında Əsbəğ ibn Nəbatədən belə nəql edir: “Əmirəl-mömininin (ə) yanına getmişdim. Yanına varınca həzrətin fikirli şəkildə yeri eşdiyini gördüm. Dedim: Ey möminlərin Əmiri, nə olub, görürəm fikirlisiniz və yeri eşirsiniz? Olmaya ona bir meyliniz var? Dedi: And olsun Allaha ki, xeyr. Nə ona, nə də dünyaya bircə gün belə meyl etməmişəm. Lakin mən övladlarımdan olan on birincinin  soyundan gələn övlad barədə düşünürəm. O, yer üzü haqsızlıq və zülmlə dolduğu kimi ədalət və düzlüklə dolduracaq olan Məhdidir. Onun bir qeybə çəkilmə və iztirab dövrü olacaq. Elə bir (qeybə çəkilmə) olacaq ki, o zaman bəzi dəstələr azacaq, digərləri isə hidayət tapacaq…” (Kafi, 1/338)

Bu hədisdə dəlil olaraq istifadə edilən məqam Əmirəl-möminin (ə)-ın bu kəlamıdır: “Lakin mən övladlarımdan olan on birincinin soyundan gələn övlad barədə düşünürəm. O, yer üzü haqsızlıq və zülmlə dolduğu kimi ədalət və düzlüklə dolduracaq olan Məhdidir.

(و لكني فكرت في مولود يكون من ظهر[ي]: الحادي عشر من ولدي, هو المهدي الذي يملأ الأرض عدلا و قسطا كما ملئت جورا و ظلما, تكون له الغيبة)

Bu hədisə əsaslananların iddiasına görə, hədisdə buyurulan “lakin mən övladlarımdan olan on birincinin soyundan gələn övlad barədə..” ifadəsi İmam Höccət ibnil-Həsən (ə)-a işarə edir. Belə ki, İmam Höccət ibnil-Həsən (ə) İmam Əli (ə)-ın on birinci övladıdır. Hədisdəki “on birincinin övladı” ifadəsi isə İmam Höccət ibnil-Həsən (ə)-ın övladına işarə edir. Əgər bu iddia doğru olarsa, o zaman yer üzünü düzlük və ədalətlə dolduracaq şəxs İmam Höccət ibnil-Həsən (ə) deyil, onun övladı olmuş olur! Çünki hədisə əsasən, Əmirəl-möminin (ə) buyurur:  “O (yəni, on birincinin soyundan olan övlad) yer üzü haqsızlıq və zülmlə dolduğu kimi ədalət və düzlüklə dolduracaq olan Məhdidir”. Yəni, gözlənilən “Məhdi”, “Qaim”, “yer üzünü ədalət və düzlüklə dolduran şəxs” həzrəti Höccət ibnil-Həsən (ə) deyil, onun övladıdır!

Lakin hədislə bağlı olduqca mühüm bir məqam qeyd edilməlidir. Belə ki, bu məqama diqqət yetirilmədiyi təqdirdə hədisdən çıxarılan nəticə də tamamilə əks mənalı olacaq. Bu məqam hədisin ərəbcə mətni ilə bağlıdır.

Hədisin mətnində (مِنْ ظَهْرِ) “min zahri” ifadəsi yer almışdır. Ərəb dilində (مِنْ ظَهْرِ) ifadəsi ilə və (مِنْ ظَهْرِي) ifadəsi eyni cür: “min zahri” şəklində oxunur və eşidilir. Lakin oxunuşlarının eyni olmasına baxmayaraq bu iki ifadə yazılışda bir-birlərindən fərqli şəkildə yazılır və tamamilə ayrı-ayrı qramatik funksiya və məna çaları daşıyırlar. Müqayisə et:

(مِنْ ظَهْرِ) və (مِنْ ظَهْرِي)     Oxunuş: = “Min zahri”.

(مِنْ ظَهْرِ) və (مِنْ ظَهْرِي)     Yazılış: İkinci ifadədə əlavə “yə” hərfi (ي) mövcuddur.

Göründüyü kimi hər iki ifadənin oxunuşu eyni olsa da, ikinci ifadənin sonunda əlavə “yə” hərfi mövcuddur.

Burada birinci ifadənin (مِنْ ظَهْرِ) sonunda eşidilən “i” səsi “cərr” əlaməti, ikinci ifadənin (مِنْ ظَهْرِي) sonundakı eşidilən “i” səsi isə mənsubiyyət şəkilçisinin göstəricisi hesab edilir (yə-ul-mütəkəllim).

Mümkündür ki, hörmətli oxucu desin: Bəs bu iki ifadə arasında fərq nədir? Hədisi birinci yazılış forması ilə və yaxud da ikinci yazılış forması ilə oxuduqda hansı mənalar əldə edilir? Əsl, doğru və dəqiq yazılış forması hansıdır? Hədisin bəzi hədis kitablarında yanlış yazılış forması ilə nəql edilməsinin səbəbləri nədir?

Qeyd edək ki, verilən ilk iki sual hədisin qramatik yönü ilə bağlı olduğu üçün onları bu yazımızda cavablandırırıq, lakin üçüncü və dördüncü sualların cavablandırılmasına gəlincə, bu, nəqli dəlillərin ortaya qoyulması ilə bağlı olduğu üçün onlar barədə ayrıca söhbət açacağıq. İnşəallah.

İlk iki sualın cavabına gəlincə, qeyd edilməlidir ki, hədisi birinci yazılış forması ilə, yəni I şəxsin mənsubiyyət şəkilçisi sayılan “yə-əl-mütəkəllim”-siz oxuduğumuz zaman hədisin mənası yuxarıda qeyd etdiyimiz şəkildə olur: “Lakin mən övladlarımdan olan on birincinin soyundan gələn övlad barədə düşünürəm…

Bu isə o mənaya gəlir ki, “gözlənilən Məhdi” həzrəti Hüccət ibnil-Həsən (ə) deyil, onun soyundan olan başqa bir şəxsdir.

Lakin, hədisi ikinci yazılış forması ilə oxumuş olsaq, yəni, ismin sonunda “yə-əl-mütəkəllim”in mövcud olduğunu qəbul edib oxusaq, o zaman hədisin mənası bu şəkildə olur: “Lakin mən, mənim soyumdan olan on birinci övladım barədə düşünürəm…”. Məlum olduğu kimi İmam Əli (ə)-ın soyundan olan on birinci övlad İmam Höccət ibnil-Həsən (ə)-dır.

Deməli, əgər biz qəbul etsək ki, Əmirəl-möminin (ə) hədisi ikinci yazılış forması ilə buyurub, o zaman ortada heç bir problem qalmır.

Yox əgər hədisin birinci yazılış forması ilə buyurulduğunu qəbul etsək bu zaman əldə etdiyimiz məna yuxarıda qeyd edilən birinci məna olur.

Deməli geriyə iki sual qalır. Birincisi: Əsl, doğru və dəqiq yazılış forması hansıdır və isbatı nədir? İkincisi: Hədisin bəzi hədis kitablarında yanlış yazılış forması ilə nəql edilməsinin səbəbləri nədir?

Qeyd edilən suallara cavabı növbəti yazımızda tapa bilərsiniz.

 

 

 

Tədqiqat: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment