Nübuvvətin sonunun sirri

Bismillahir Rəhmanir Rəhim

İslam dininin gəlişi ilə onun əbədiliyi və nübüvvət kitabının sona yetməsi elan olunmuşdur. Müsəlmanlar nübüvvətin sona yetməsini həyata keçmiş bir məsələ kimi mənimsəmişlər. Onlar üçün həzrət Muhəmməddən sonra yeni bir peyğəmbərin gəlib-gəlməməsi sual doğurmamışdır. Qurani-kərim peyğəmbərliyin sona yetməsini açıq şəkildə elan etmiş və Peyğəmbər (s) onu dəfələrlə vurğulamışdır. Yeni bir peyğəmbərin gəlməsi ideyası, müsəlmanlar arasında Allahın təkliyini, yaxud qiyaməti inkar etmək kimi, İslam inancları ilə müxalif sayılmışdır.

İslam alimləri tərəfindən bu zəmində aparılan tədqiqatlar yalnız bu ideyanın dərinliyinə varmaq və nübüvvətin sonunun sirrini kəşf etmək məqsədi daşımışdır.

Vəhy və nübüvvətin mahiyyəti bəhsinə girişmirik. Minimum bunu bilmək lazımdır ki, vəhy, batinin qeyb və mələkut aləmi ilə təmasda olaraq hidayəti mənimsəməsidir. “Nəbi” digər insanlarla özgə bir aləm arasında əlaqə vasitəsi və həqiqətdə insan aləmi ilə qeyb aləmi arasında bir körpüdür.

Fərdi və şəxsi baxımdan nübüvvət bir insan fərdinin ruhi şəxsiyyətinin genişlənmə və yüksəliş rəmzi, ümumi baxımdan isə, insanları hidayət etmək üçün bir fərd vasitəsilə digərlərinə çatdırılan ilahi xəbərdir.

Məhz buradadır ki, xatəmiyyət ideyası bizi bir sıra suallarla üzləşdirir. O cümlədən: Görəsən peyğəmbərliyin sonu və Xatəm ən-nəbiyyindən (sonuncu Peyğəmbər) sonra yeni bir peyğəmbərin gəlməməsi, bəşəriyyətin mənəvi istedadlarının azalması və ruhi yönlərdə tənəzzülüdürmü? Görəsən zəmanə artıq qeyb və mələkut aləmi ilə təmasda ola biləcək mələkut sifətli övladlar doğmaqdan aciz olmuşmu və peyğəmbərliyin sona çatmasını elan etmək, belə bir övladları doğmaqda təbiətin sonsuz olmasınımı çatdırmaqdır?

Bundan əlavə, nübüvvət bəşərin ilahi xəbərə ehtiyaclı olması deməkdir və bu xəbər keçmişdə dövr və zamanlardan asılı olaraq dəyişmişdir. Peyğəmbərlərin davamlı olaraq gəlişi, şəriətin daimi dəyişməsi, səmavi kitabların sürəkli nəsx olmaları bütün bunlar bəşərin ehtiyaclarının zamanbazaman dəyişməsi və hər bir dövrdə yeni xəbər və xəbərgətirənə ehtiyaclı olması səbəbindəndir. Bununla belə, nübüvvətin sonunu elan etməklə bu rabitənin birdəfəlik qırılmasını, insan aləmi ilə qeyb aləmini bir-birinə birləşdirən körpünün dağılmasını və bir daha insana heç bir xəbərin çatmamasını və bəşəriyyətin mükələfiyyətsiz qalacağını zənn etmək olarmı?

Bütün bunlardan əlavə, bildiyimiz kimi Nuh, İbrahim, Musa və İsa kimi şəriət sahibi olan peyğəmbərlərin arasındakı fasilə dövründə, əvvəlki şəriətin təbliğatçısı sayılan bir sıra peyğəmbərlər də gəlmişlər. Nuhdan sonra Nuhun şəriətini yayan, təbliğ edən minlərlə nəbi gəlmişdir; eləcə də İbrahim və başqalarından sonra. Təşrii nübüvvətin kəsildiyini qəbul edərək İslam şəriəti ilə bütün şəriətlərə son qoyulduğunu desək də, niyə təbliğ xarakterli peyğəmbərliklər İslamdan sonra kəsildi? Niyə hər peyğəmbərdən sonra bu qədər peyğəmbər gəlmiş, lakin İslamdan sonra hətta bir nəfər də olsa belə bir peyğəmbər gəlməmişdir?

Bütün bunlar peyğəmbərliyin sona yetməsi əqidəsindən qaynaqlanan suallardır?

Bu əqidəni təqdim edən İslam bütün bu sualları cavablandırmışdır. İslam nübüvvətin sonu ideyasını elə tərzdə canlandırmışdır ki, nəinki insanda şübhə və tərəddüdə yer qoymur, hətta onu böyük bir fəlsəfə kimi formalaşdırdır. İslam nəzərindən, nübüvvətin sonu ideyası bəşəriyyətin tənəzzülü, bəşəri istedadların azalması, zəmanənin sonsuzluğu, bəşərin ilahi xəbərə ehtiyacsızlığı və bəşərin dəyişkən müxtəlif zaman və dövrlərdə ehtiyaclarına cavab verməklə ziddiyyət təşkil etmir, əslində özgə bir səbəb və fəlsəfəsi vardır.

Hər şeydən öncə xatəmiyyət ideyası ilə İslam təqdim etdiyi kimi tanış olaq, onu araşdıraq və daha sonra öz suallarımızın cavabını eşidək.

Əhzab surəsinin 40-cı ayəsində buyurulur:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ﴾

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur.”

Bu ayə rəsmi şəkildə həzrət Muhəmmədi (s) “xatəm ən-nəbiyyin” (peyğəmbərlərin sonuncusu) ləqəbi ilə yad edir.

“Xatəm” sözü ərəb dilində hərfi mənada, nəyisə sona çatdırmaq üçün istifadə olunan şey mənasını ifadə edir. Məktubu bağladıqdan sonra üzərinə vurulan möhür də məhz bu baxımdan “xatəm” adlanır. Çünki adətən üzüyün qaşının üzərinə xüsusi ad və əlamət yazılırdı ki, elə bu şəkildə məktubların üzərinə vurulduğundan, üzüyə də “xatəm” deyirdilər.

“Xatəm” sözü ilə bir kökdən olan bütün sözlər Quranda hər yerdə sona yetirmək, yaxud bağlamaq mənasını ifadə edir. Məsələn Yasin surəsinin 65-ci ayəsində belə oxuyuruq:

﴿الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ﴾

“Bu gün onların ağızlarını möhürləyirik və onların əlləri Bizimlə danışar və etdikləri əməllər barəsində ayaqları şəhadət verər.”

Əhzab surəsinin 40-cı ayəsinin deyiliş tərzi özü bunu çatdırır ki, bu ayə nazil olmazdan əvvəl də İslam Peyğəmbəri vasitəsilə, peyğəmbərliyin sona çatması müsəlmanlar arasında tanınmış bir məsələ idi. Müsəlmanlar Muhəmmədi “Rəsulullah” olaraq tanıdıqları kimi, “Xatəm ən-nəbiyyin” kimi də tanıyırdılar. Bu ayə sadəcə xatırladır ki onu, filan şəxsin atalığı kimi deyil, Rəsulullah və Xatəm ən-nəbiyyin kimi səsləyin.

Bu ayə təkcə peyğəmbərliyin sonu əqidəsinin özəyinə işarə edir və ona yeni bir şey artırmır.

Hicr surəsi 9-cu ayədə belə gəlmişdir:

﴿إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

“Şübhəsiz ki, bu kitabı Biz nazil etdik və sözsüz ki, Biz də onun qoruyucusuyuq!”

Bu ayədə misilsiz qətiyyətlə Quranın təhrif və dəyişiklikdən kənarda qalmasından söz açılmışdır.

İlahi missiyanın (risalətin) dəyişməsinin və yeni peyğəmbərlərin gəlişinin səbəblərindən biri də, peyğəmbərlərin təlimlərində və müqəddəs kitablarında baş verən dəyişikliklərdir. Bu cəhətdən artıq o kitablar və təlimlər xalqın hidayəti üçün öz səlahiyyətini əldən vermişdir. Çox vaxt peyğəmbərlər unudulmuş adətlərin dirçəldicisi və qabaqkıların dəyişdirilmiş təlimlərinin islahedicisi olmuşlar.

Bundan əlavə, bir çox peyğəmbərlər kitab, şəriət-qanun sahibi olmayıb, yalnız kitab və şəriətə sahib olan bir peyğəmbərin davamçısı olmuşlar. Nümunə olaraq, İbrahimdən Musanın zamanına qədər və Musadan İsaya qədər gəlmiş peyğəmbərləri göstərmək olar. Qanun və şəriət sahibi olan peyğəmbərlər də əsasən, öncəki peyğəmbərlərin qanunlarını təsdiqləyirdilər. Peyğəmbərlərin davamlı gəlişi təkcə həyat tərzinin dəyişkənliyi, təkamülü və bəşərin yeni xəbərə və yeni hidayətçiyə ehtiyacından deyil, əsasən, səmavi kitabların, təlimlərin məhv olması, təhrifi və dəyişdirilməsindən qaynaqlanır.

Neçə min il öncə bəşər elmi və dini irsini qoruyub saxlamaqda aciz idi. Bundan artıq da ondan nəsə gözlənilmirdi. Bəşər öz dini irsinin orijinallığını qoruyub saxlaya biləcək qədər təkamülə yetişdikdə yeni bir sözün və sözçünün (yeni bir xəbərin və peyğəmbərin) gəlməsinin başlıca səbəbi aradan gedir və bir dinin əbədiliyi üçün lazım olan zəruri şərtlərdən biri artıq yaranmış olur.

Yuxarıdakı ayə Quranın nazil olması tarixindən bu yana, nübüvvət və risalətin yeniləşməsinin başlıca amilinin aradan getməsinə toxunmaqla, həqiqətdə nübüvvətin sonunun sütunlarından birinin əmələ gəlməsini elan edir.

Hamımızın bildiyi kimi, dünyanın səmavi kitabları arasında, zərrə qədər də dəyişikliyə uğramayan və tam olaraq orijinallığını saxlayan yeganə kitab Qurandır. Bundan əlavə, hz. Rəsulun xeyli miqdarda sünnəsi, zəmanənin şərindən uzaq olaraq qəti və danılmaz şəkildə əlimizə yetişmişdir. 

Ustad Mürtəza Mütəhhəri  Nübüvvət

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment