İntihar (suisid) son əsrlərin ən qlobal sosial problemlərindən biri, insanların zehnlərini məşğul edib, bu bəlanın səbəblərinin araşdırılması və qarşısının alınması üçün çarə axtarmağa vadar edən problemlərdən biridir.
İntihar mövzusu bir çox elm sahələrinin, o cümlədən fəlsəfə, sosiologiya, psixologiya və s. müzakirə mövzularındandır ki, zaman-zaman bu ictimai problem bardə fərqli fikirlər söylənmişdir.
Əxlaq fəlsəfəsi prizmasından da intihar barədə fərqli yanaşmalar ortaya qoyulmuşdur ki, onlardan üçü ən məşhurudur.
Birinci yanaşmanın banisi Aristoteldir. Aristotel hər məkan, hər zaman və hər hansı şəraitdə olmasından aslı olmayaraq, intiharı pisləyərək onu qeyri-əxlaqi davranış tərzi kimi qiymətləndirir və deyir ki, intihar edən şəxslər həyatda çətinliklərlə üzləşməyə qorxan ağciyər insanlardır.
Aristotelin əxlaq fəlsəfəsində qorxaqlıq və ağciyərlik əxlaqi rəzil xüsusiyyətlər olduğundan intiharın mənşəyi kimi bu iki faktoru nəzərə alaraq intiharı da qeyri-əxlaqi davranış hesab edir.
Aristotelin intihar barəsindəki bu yanaşması sonralar səmavi dinlərə də sirayət etmişdir. İstər yəhudilərin, istər məsihilərin, istərsə də müsəlmanların din alimləri Aristotelin bu nəzərini dəstəkləmiş və 20-ci əsrin əvvələrinə qədər bu üç dinin alimləri intiharın əxlaqi baxımdan yalnış və qəbahətli bir iş olduğu barədə həmfikir olmuşlar. Xüsusilə də məsihi ilahiyyatçılardan ikisi, Sent Avqustin və Tomas Akuinas intiharın qəbahətli bir iş olduğunu isbatlamaqdan ötrü çox səy göstərmişlər.
İkinci yanaşmanında əsası yenə də Qərb fəlsəfəsində formalaşan stoicisizm (rəvaqilik) məktəbinə aiddir. Baxmayaraq ki, bu yanaşma məqbul hesab olunmayıb unudulsa da, 18-19-cu əsrlərin avropalı romantikləri tərəfindən yenidən dirçəldildi.
Bu yanaşma Aristotelin yanaşmasının tamamilə əksidir. Onlara görə intihar əxlaqi baxımdan heç də yalnış və pis iş deyil. Dəlilləri də bundan ibarətdir ki, əxlaqi fəzilətlərdən biri də insanın özü-özünə hakim olmasıdır. İnsanın özünə hakimliyi isə onun əql və vicdana əsaslanaraq həyatını ehtiva edəcək hər bir məsələdə kontrolu öz əlinə alması deməkdir.
Rəvaqilərə görə insanın həyatında başqalarının hakim olması ən böyük əxlaqi rəzilətdir. İnsan gərək özü-özünə hakim olsun. Belə olan halda da əgər insan əql və vicdanına əsasən həyatını sona çatdırmağın onu davam etdirməkdən daha faydalı olduğu qənaətinə gələrsə, özünə intihar edə bilər. Beləliklə, intiharı özünə hakimliyin ən bariz nümunəsi kimi qələmə vermiş, intiharçıları isə özlərinə tamamən hakim kəsilmiş, özərini idarə edə bilən şəxslər kimi tanıtdırmağa çalışmışlar. Onlar belə düşünürlər ki, intiharçı özünə qəsd etməklə həyatının yüz fazilik hakimi olduğunu ortaya qoyur və sanki digərlərinə onun həyatına müdaxilə edə bilməyəcəklərini deməyə çalışır.
Aristoteldən fərqli olaraq rəvaqilər suisidin intihar edən şəxsin şücaət göstəricisi olduğunu deyirdilər. Bütün insanların qarşısında dayanıb həyatının sükanını öz əlinə götürməkdən, ona son verib-verməmək qərarını almaqdan böyük şücəat ola bilərmi?!
Romantiklər tərəfindən dirçəldilən bu yanaşma tərzi 18-19-cu sərlərdə Avropanın romantik ədəbiyatının (romanların, xırda hekayələrin) süjet xəttinə çevrildi və intihar azadlığın, hürriyyətin ən böyük nümunəsi kimi qələmə verilməyə başladı.
Üçüncü yanaşmada isə intihar nə mütləq şəkildə yaxşı bir işdir, nə də mütləq şəkildə yalnış bir iş. Bu yanaşmada nə üçün nə zaman və hansı əsasla intihar etmək və ya etməmək çox önəmli məsələdir. Bu yanaşmaya intihar barədə orta yanaşma da demək olar.
Bir çox hallarda bu yanaşmanı Platona aid edirlər. Platon özünün iki kitabında (“Qanunlar” və “Faydon”) intihar barədə geniş söhbət açmışdır. “Qanunlar” kitabında intiharın əxlaqi baxımdan yaxşı bir iş olmadığını qeyd etməsinə baxmayaraq, bəzi istisnaları da olmuşdur. Qeyd etdiyi istisnalar o qədər mühümdür ki, bu istisnalara əsasən Platonun yanaşmasına yuxarıdakı iki yanaşma arasındakı orta xətt də demək olar.
Platon deyir ki, suisidin tənqidi barəsində dediklərimizin hamısı öz yerində doğrudur, lakin bəzən elə hadisələr, elə hallar baş verir ki, burada fərd gərək intihar etsin və əgər intihar etməzsə, tənqid və məzəmmət obyektinə çevriləcək. O, bu yanaşmasına dair bir neçə nümunəyə işarə edir. Mən bu nümunələrdən sadəcə birinə işarə edəcəyəm.
O, deyir ki, əgər fərd onu insanlar qarşısında başı aşağı edən və daim utanmasına səbəb olacaq, bu utancla yaşamasını qeyri-mümkün edən bir iş görərsə, belə olan halda o, ölümü yaşamaqdan daha üstün tutmalıdır. Bu işlə o cəmiyyətə öz şəxsiyyətini üstün tutduğu və onun qorumaq istədiyi mesajını verir. Bu da o deməkdir ki, utanc hissi ilə yaşamaqdansa, ölmək daha faydalıdır.
Platonun bu dediklərində mühüm məsələ burasıdır ki, utanc hissinə, günahkarlıq hissinə xüsusi önəm verib. Mən intihar barədə onun misal çəkdiyi nümaunələr içərisində məhz ona görə bu nümunəni qeyd etdim ki, bu gün cəmiyyətimizdə, etdiyi günahlardan, zülmlərdən, insanların haqqını yeməkdən və s. utanmaq, günahkarlıq hissi duymaq kimi məsələlər demək olar ki, yox dərəcəsindədir. Mən əsil mövzumuzdan (intihardan) yayınmayım deyə, bu məslə barədə təfərrüata varmıram.
Platonun bu istisnaya əsaslanaraq suisid üçün əxlaqi baxımdan icazə vərəqəsi verməsi, bəzi tədqiqatçılar üçün digər məsələlərə də bu yanaşmaya əsaslanmaqda yol açmışdır. Nəticədə, intihar barədə orta yanaşma formalaşdı. Yəni, intihar bəzi məqamlarda əxlaqi baxımdan məzəmmət olunsa da, bəzi məqamlarda əxlaqi baxımdan yaxşı iş hesab edilə bilər.
20-ci əsrdə əxlaq fəlsəfəsi ardıcılları arasında intihar barədəki bu orta yanaşmanın tərəfdarları həddən artıq çoxaldı.
Bu yazıda mən bu üç yanaşmadan hər hansısa birini qəbul edib digərlərini qəbul etməmək barədə mövqe ortaya qoymycağam. Çünki intihar məsəlsində sərgilənən etik mövqenin sosial problemlərdən biri olan intihar məsələsinə aidiyyatı yoxdur. Hər hansısa bir iş və ya rəftar etik normaları aşmayıb icazəli hesab olunsa da ictimai problem olaraq qala bilər. Ona görə də biz intihara hətta hər hansısa bir etik norma təyin edib onu qeyri-əxlaqi bir iş kimi qəbul etməsək də onun sosial bir problem olmasını inkar edə bilmərik.
Xırda bir misalla fikrimi daha da aydınlaşdırım. Fərz edin ki, bir nəfər şiddətli aclıq üzündən ölüm ayağındadır və bir saata kimi bir şey yeyə bilməsə aclıq onu öldürəcək. Belə olan halda onun acından ölməməsi üçün bir tikə çörək oğurlaması əxlaqi baxımdan heç də qəbahətli bir iş deyil. Deməli, biz elə bir rəftar tərzi ilə üz-üzəyik ki, əxlaqi baxımdan iradlı deyil. Amma bir fərd üçün məsələlərin bura qədər gəlib çıxması üçün zəmin yaradan və acından ölməsin deyə onu oğurluğa təhrik edən cəmiyyət problemli cəmiyyətdir. Buna görə də deyə bilərik ki, bir fərdin acından ölməsin deyə oğruluq etməsi əxlaqi baxımdan qəbahətli bir iş olmasa da, onun bu işi ictimai problmdir, daha doğrusu, onu bu işə vadar edən problemli cəmiyyətdir.
Biz intihr üçün (Ploton və rəvaqilər kimi) əxlaqi norma təyin edib onu icazəli hesab etmiş olsaq da belə, yenə də hər hansısa bir fərdi intihara təhrik edən və bunun üçün zəmin yaradan problemli bir cəmiyyətlə qarşı-qarşıyayıq. Bu həmin cəmiyyətdir ki, burada olum və ölüm arasında qalan bir fərd ölümü seçir, baxmayaraq ki, əxlaqi baxımdan onun bu işinə irad tuta bilməsək də belə. Bu baxımdan düşünürəm ki, intihar barədə fəlsəfi yanaşmaları bir kənara qoyub onu əxlaq problemindən daha çox sosial-ictimai problem kimi qəbul etməmiz daha doğru olardı. Çünki əxlaqi baxımından intiharı məqbul hesab edənlər belə bu sosial problemdən qaça bilmir və bu problemin həlli üçün çıxış yolları axtarışındadırlar.
İntihar elə bir sosial problemdir ki, onun ən azı dörd səbəbi vardır və ya intihara təhrik edən amillər dörd istiqamətdə araşdırıla bilər.
Bunlardan birincisi tarixi amillərdir. Yəni, bir qrup tarixi amillər hər hansısa bir cəmiyyətdə intiharın sayının artmasına və ya azalmasına təsir göstərə bilər.
İkincisi ideoloji (təlimə və ya adət-ənənəyə əsaslanan) amilləridir. Məsələn, Yaponiyadaki şintoizm dini, hətta buddizmin bəzi firqələrində intihar məqbul hesab edilir. Əlbəttə, bu ayinlərdə intiharın “xarakiri” adlı xüsusi bir növü nəzərdə tutulur.
Bir qrup amillər isə yuxarıda qeyd edilən iki amildən fərqli olaraq sırf sosiolojidir. Bir çox mütəfəkkir və ziyalılar da məhz intiharın bu amili üzərində dayanmışlar. Məsələn, fransalı sosioloq, filosof Emil Durkheimin humanizmə verdiyi ən böyük töhfələrdən biri də məhz intihar məsələsinin sosiloji baxımdan araşdırması olmuşdur.
Durkheim bəzi fərdlərin hansı ictimai münasibətlər, hansı ictimai dillemalar qarşısında getdikcə intihara sürüklənməsi məsələsini işıqlandırmışdır. Belə bir şəraitdə əgər cürətləri çatarsa, intihar edirlər, yox əgər curətləri çatmasa da belə həqiqətdə psixoloji və mənəvi baxımdan elə intihar etmiş sayılırlar. Durkheimbu barədə fikirlərini daha geniş və ətraflı şəkildə özünün “Suisid” kitabında qeyd etmişdir. O, bütövlükdə cəmiyyət üçün xarakterik olan halları, insanlar arasındakı qarşılıqlı münasibətlərin həcmini, davranışların tənzimlənmə səviyyəsini və s. nəzərə alaraq intihar göstəricilərinin diferensallaşma (fərqlənmə) səbəbini makrosəviyyədə aşkarlayır.
Sonralar Durkheimin bu yanaşması bir çox akademik araşdırma və müzakirələrin predmetinə çevrildi. Durkheimə bəzi tənqidlər olunmasına və kitabındakı bəzi məhdudiyyətlərə baxmayaraq, qələmə aldığı əsər sosiologiya sahəsində klassik araşdırma və tədqiqat əsəri hesab edilir. Bu əsər sosiologi nəzarət (idarəetmə) nəzəriyyəsinin formalaşmasına da təsir göstərmişdir. Demək olar ki, son 100 il ərzində intiharın sosiloji amilləri barədə fikir yürüdən hər bir mütəfəkkir Durkheimin fikirləri əsasında danışmış, ya onun dediklərini inkar etmiş, ya təsdiqləmiş, ya şərh etmiş, ya da təkmilləşdirmişdir.
Mən bu yazıda intiharın yuxarda qeyd edilən 3 amili (tarixi, ideoloji və sosioloji) istiqamətində deyil, məhz dördüncü, psixioloji amili istiqaməti üzərində dayanmaq və intiharın psixoloji amillərinin araşdırılmasına üstünlük vermək istəyirəm.
Ardı var…
İlahiyyatçı-psixoloq Bəhruz Camal
Xüsusi olaraq “Milli Düşüncə Mərkəzi” üçün.