Niyə intihar etməyim ki?! (2)

Əxlaq Xəbər

Bu yazıda intiharın birinci hissədə qeyd edilən 3 amili (tarixi, ideoloji və sosioloji) istiqamətində deyil, məhz dördüncü, psixioloji amili istiqamətidə söz açmaq və intiharın psixoloji amillərinin araşdırılmasına üstünlük vermək istəyirəm.

İntiharın psixoloji amilləri barədə söhbət açmazdan öncə müqəddimə olaraq iki məqama işarə edim. Onlardan birincisi bundan ibarətdir ki, bildiyiniz kimi, psixoterapiyanın əsası fizioloji psixologiyaya söykənir. Yəni, psixoterapiya adlı bir elm sahəsinin yaranması psixologiyanın bir hissəsi olan fizioloji psixologiya sahəsinin yaranmasından başlayır.

Psixoloji mətnlərə və qaynaqlara müraciət etdikdə fizioloji psixologiya barədə iki yanaşmanın olduğu nəzərə çarpır. Onlardan birincisi budur ki, fizioloji psixologiya psixologiyanın bir hissəsi olub, onun fərqli bir sahəsidir. Bu sahənin psixologiyanın digər sahələri ilə fərqi bundan ibarətdir ki, fizioloji psixologiyaya görə psixoloji nəsnələrin fizioloji və bioloji səbəbləri də vardır. Ona görə də biz hər hansısa bir posientin psixoloji problemini aradan qaldırmaq istətikdə bunun üçün müəyyən dərman preparatlarından da istifadə etməliyik.

Fizioloji psixologiya barədəki ikinci yanaşma isə bundan ibarətdir ki, bu sahə psixologiya elminin bir hissəi və fərqli şöbəsi deyil, ayrıca bir mətkbəbdir. Bu məktəbə görə də bütün psixoloji nəsnələr fizioloji nəsnələrə qədər azala və dəyişə bilərlər. Yəni psixoloji nəsnələr ünvansız adlar və nümunəsi olmayan anlayışlardır. Bizim psixoloji nəsnə adlandırdığımız şeylərin hamısı, həqiqətdə cismani və fizioloji, fiziki, biofiziki nəsnələrdir.

Mən bu məktəbin yanaşmasını inkar etməsəm də, qəbul da edə bilmirəm və düşünürəm ki, bu məktəbin “bütün psixoloji nəsnələrin əslində fizioloji nəsnələr olması” iddiasının müdafiə edilməsi də mümkün olası bir şey deyil.

İşarə etmək istədiyim ikinci məqam isə budur ki, ümumilikdə psixologiya təkcə bu elm barədəki dərsliklərdə və əsasnamələrdə yazılanlardan ibarət deyil. Biz insanın psixoloji halını, düşüncələrini, təhtəlşurunda toplanan informasiyaları təkcə psixologiya dərsliklərində qeyd edilənlərlə anlaya bilmərik, bunun üçün başqa elm sahələrinə də müarciət etməkdən başqa çıxış yolumuz yoxdur. Bir psixoloq yalnız psixologiya dərsliklərində qeyd edilənləri oxumaqla müvəfəqiyyət qazana bilməz və yaxşı psixoloq ola bilməz. Bundan əlavə, istəsə də, istəməsə də, xoşu gəlsə də, gəlməsə də aşağıda qeyd edəcəyim elm sahələrinə də müraciət etməlidir. Çünki bu elmlər də insan psixologiyası barədə söhbətlər açmışdır. Bir çox hallarda isə həmin elmlərin insan psixologiyası barədə qeyd etdiklərinin psixologiya dərsliklərində qeyd edilənlərdən daha dərin olduğunu müşahidə etmişik.

Müraciət ediləsi birinci sahə, fəlsəfədir. Əlbəttə, bütünlükdə fəlsəfəyə deyil, onun epistemologiya, qnesologiya (idrak fəlsəfəsi), praksiologiya (fəaliyyət, əməl fəlsəfəsi) və əxlaq fəlsəfəsi kimi insanın ruhu barədə söz açan şöbələrinə müraciət olunmalıdır.

Müraciət ediləsi ikinci sahə dünya ədəbiyyatı sahəsidir. Xüsusilə də dünyada bir nömrəli şairlərin şerlərinə, bir nömrəli romanlara, povestlərə müraciət etmək lazımdır.

Çoxlarınız Qərbin fəlsəfə tarixində özünəməxsus iddia və yanaşmaları ilə tanınan Nitşenin adını eşidib. Əsərlərində Sokrat və Hz. Məsih (ə) kimi fenomenlər barəsində öz sinif yoldaşları haqında danışırmış kimi danışan, təvazödən uzaq, özündənrazı bir filosof olan Nitşenin Dostoyevski barədə dedikərinə təəccüblənməmək olmur. O, deyir ki, bəşərin mədəniyyət tarixi boyunca insan ruhunun dərinliklərini Dostoyevski qədər qurcalayan, araşdıran ikinci bir şəxs olmamışdır.

Baxın, əzizlər, Dostayevski psixologiya təhsili almış, psixoloji dərsliklər oxumuş bir psixoloq deyil, o romanları ilə məhşurlaşan bir ədəbiyyatçıdır. Lakin onun qələmi insan ruhunu o qədər oxşayacaq, onun emosialarını o qədər kontrol edəcək gücə malikdr ki, onun təsiri hətta Nitşe kimi özündənrazı bir filosofdan da yan keçməmiş, onun barədə başqa bir yerdə belə demişdir:

“İnsan ruhu barədə deyilən bütün sözlərin hamısı Dostoyevskinin bu barədə dedikləri üçün yalnız bir haşiyədir”.

Bəli, Dostoyevski bir psixoloq deyil, lakin onun qələmə aldığı əsərləri oxuduqda insan ruhunu, insan psixologiyasını tanımağa başlayırsan. Elə buna görə də insan psixologiyasını öyrənməkdən ötrü dünya ədəbiyyatının seçilmiş əsərlərinə də müraciət olunmasını zəruri hesab edirəm.

Müraciət olunası digər sahə ürfandır. Tarix boyu böyük ariflər insan ruhu barədə elə şeylər demiş və kəşf etmişlər ki, hələ müasir psixologiya sahsinin bu barədə deməyə heç bir sözü yoxdur. Lakin qeyd edim ki, bu dediyimiz ariflərin bütün dediklərinin qeyd-şərtsiz qəbul olunması anlamında deyildir.

Müraciət olunası başqa bir sahə isə din sahəsi və dini ideologiyalardır. Amma bu da yuxarıda qeyd etdiyim kimi, o demək deyil ki, din adına deyilən hər bir şey doğrudur. Lakin deməyim budur ki, insan ruhu barədə az söz deməmiş dini irslərə arxa çevirmək, ilahiyyatçıların fikirlərini görməməzlikdən gəlmək də yalnışdır.

Bu qeyd etdiyim sahələrdə tarix boyu elə məqamlara, elə nöqtələrə işarə edilib ki, əgər biz bu nöqtələrə diqqət edib onları cəmiyyətə qabarıq şəkildə çatdıra bilərsək, psixoloji baxımdan çox az sayda insan intihara meyllənmiş olar.

Düşünürəm ki, əgər psixologiya və psixoterapiya sahəsində intihara meylli olan və ya intihara cəht göstərib lakin müvəffəq olmayıb psixoloqa, psixoterapeftə müraciət edən posientə hansı müalicə vastələri və dərmanların yazılacağı ilə yanaşı yuxarıda qeyd etdiyim məsələlərə də önəm verilərsə, təsiri çox böyük olar. Zənnimcə, bu tip yanaşmalar psixoterapiya sahəsində geniş vüsət alarsa, intihara potensialın, hazırlığın, və intihara qərar verilməsinin qarşısının alınmasında bu sahəyə çox böyük köməyi dəymiş olar.

Burda qeyd etdiklərim, heç də yeni fikirlər deyil, böyük şəxsiyyətlərin, filosofların, ariflərin, peyğəmbərlərin, məşhur ilahiyyatçıların, dünya şöhrətli ədəbiyyatçıların şer, roman, xırda hekayələr formasında dediklərindən alınmiş bir nəticədir.

Burada qeyd edilərnlərin hamısını bir neçə məqamda xülasələşdirmək olar. Əlbəttə, yazı məqalə formatından çıxmasın deyə onların hər birinin arqumentləri barədə təfsilatı ilə danışmayacağam. Əgər cəmiyyəti qeyd edəcəyim məqamların həqiqətinə inandıra və deyilənləri insanların düşüncəsində möhkəmləndirə bilərsək, intihara meyllilik dərəcəsinin aşağı səviyyəyə düşməsinə də nail olmuş olarıq.

İndi isə qısaca da olsa həmin məqamlara işarə edək:

1. İnsan həyatındakı məna, dəyər və xoşbəxtlik ömrünün “elə indi” və “elə bu an”dan ibarət olması üzərində dayanmaq.

Əgər bir şəxs əxlaq dolu, xoş, dərd-sərsiz, aram və dəyərli həyat yaşamaq istəyirsə, bu onun hazırki həyatına nə qədər təmrküzləşib keçmişə və utopik gələcəyə nə qədər bağlı olmamasındn asılıdır. Mən zehnimi keçmişdə baş verənlərlə və gələcəkdə baş verə biləcəklərlə məşğul etməyib, bütün diqqətimi hal-hazırki həyatıma, onun yaxşılaşdırılımasına yönəldə bilərsəm, həyatım da bir o qdər mənalı, dəyərli və xoş keçəcək.

2. Nəzəri müstəvidə özünü digərləri ilə müqayisə etmənin və praktiki müstəvidə də digərlərini özünə rəqib hesab etməmək.

Biz nəzəri müstəvidə özümüzü başqaları ilə müqayisə etməyib, praktiki (əməli) müstəvidə də digərləri ilə müsabiqəyə girməsək, xoşbəxt, aram və problemsiz həyata malik ola bilərik. Nə vaxta qədər ki, mən düşüncələrimdə daim özümü kiminləsə (ondan geri qaldığım, ondan pulsuz olduğum, ondan fərasətsiz olduğum və s. barədə) müqayisə edib rəftarlarımda da kiminləsə müsabiqəyə çıxsam, həyatımda xöşbəxtlik və aramlıqdan söz belə gedə bilməz. Məgər intihara meyl elə bu sayaq düşüncələrin nəticəsi, deyilmi? Həyatın mənası və xöbəxtliyi yalnız və yalnız insanın özünün indisi və keçmişi ilə müqayisə və müsabiqəsindədir. Keçmişimlə müqayisə aparıb indimi yaxşılaşdırmaqdan ötrü müsabiqəyə çıxmaq.

3. Digərlərinin sənin həyatın, sənin yaşayışın barədəki yaxşı və ya pis düşüncələrinə bənd olmamaq.

Sən digərlərinin sənə etdiyi iltifata və sənə verdiyi dəyərə, ümumiyyətlə həyatını başqalarının sənin barəndəki fikirləri üzərində (görəsən filankəsin məndən xoşu gəlir, ya yox? Görəsən, filankəsin gözündə alicənabam, ya yox? Görəsən, filankəs mənə nə qədər dəyər verir? Görəsən, insanlar mənim yaşayış tərzimlə iztehza edir, ya yox? və s.) qurub, onların fikirlərinə əhəmiyyət verib özünsayağı, özün istədiyin kimi yaşaya bilməyəcəksənsə, hamı sənin həyatından narazılıq etdikdə də inthardan başqa çıxış yolu tapa bilməyəcəksən. İnsanın dəyəri onun həyat tərəzisinin digərlərində deyil, özünün daxilində olmasındadır. İnsan gərək digərlərinin tərifi və ya tənqidi üzərində qurulan həyat tərzini deyil, əql və vicdanının səsinə qulaq verərək onun üçün bəyəndiyi, alqışladığı həyat tərzini seçsin.

4. Nəticəyə görə deyil, təyin olunmuş vəzifəyə görə rəftar etmək.

Bu məsələ idduizmdə “xahişsiz fəaliyyət” prinsipi adlanır. İnsanın atdığı hər bir ixtiyari addımın və gördüyü hər bir ixtiyari işin arxasında müəyyən bir hədəfin olmasında heç bir şəkk-şübhə yoxdur. Lakin burada diqqət ediləsi məqam bundan ibarətdir ki, müəyyən bir hədəfə yetişməkdən ötrü o hədəfə çatdıran ən yaxın, ən etibarlı və doğru olan işi görmüsənsə, hədəfə çatdıracaq addımı atmısansa, artıq onun nəticəsinin nə və necə olacağını gözləməməlisən. Çünki mən anlamalıyam ki, mənim işimin nəticəsi bütün aləmin hərəkətinə bağlıdır. Mən nəticəyə yetişmək üçün lazımi şərt olan işi görmüşəm, lakin bu şərt işimin nəticəsinin hasil olmasından ötrü kafi deyil. İşimin nəticəsinin hasil olmasından ötrü bütün varlıq aləmindəki lazımi şərtlərin bir araya gəlməsi zəruridir. Belə olan halda isə mən nəyə görə işimin nəticəsinin hasil olub-olmayacağının fikrini çəkməliyəm ki?! Axı mən, bütün aləmdə baş verən proseslərə təsir edə biləcək gücdə deyiləm! Mən yalnız öz seçimimə və özümdən asılı olan məsələlərə təsir edəcək qabiliyyətə malikəm. Nəticənin hasil olub-olmaması isə artıq mənim ixtiyarımından xaric olan və onun hüdudlarını aşan bir məsələdir.

Əgər həyata bu prizmadan baxa bilsək, həyatımızdakı eniş və yoxuş, baş verərn prosseslər bizə güclü təsir bağışlamayacaq. Çünki mən nəticəsindən asılı olmayaraq lazım olanı etmişəm. Yox, əgər nəticə mənim üçün mühüm olarsa, əlbəttə ki, nəticə hasil olmadıqda naümidliyə qapılacam və artıq məni həyata bağlayan motiv qalmayacaq.

5. Tənhalığın qəbul edilməsi üzərində dayanmaq.

Adətən insanlar tənhalıqdan, tənha qalmaqdan qorxurlar və hər vəchlə ona qalib gəlməyə çalışırlar. İnsan tənlağının qaçılmaz olduğunu qəbul etməzsə və müəyyən vastələrdən istifadə edərək tənhalıqdan yaxa qurtaracağını düşünərsə, həmin vastələrdən istifadə etməsi mümkün olmadıqda artıq yeganə çıxış yolu kimi intihara əl atacaq. Lakin əgər qarşı tərəfə insan həyatındakı faciəvi reallıqlardan birinin də tənhalıq olduğu faktını başa sala bilərsək, tənhalığın qaçılmaz bir reallıq olduğu aşılanarsa, artıq tənhalıqla rahat şəkildə qarşılaşmağı bacaracaq.

Əlbəttə bəzi tənhalıqlar müəyyən vastələrlə aradan qaldırıla bilər. Mən tənhalıq dedikdə daha dərin mənanı ehtiva edən bir məfhumdan danışıram ki, biz eşqdə həmin tənhalığın aradan qaldırılmasının dalıncayıq.

6. Eşq, sevgi və bağlılıq məsələsini bir-birindən yırmaq.

Biz həyatda sevib sevilməliyik, ancaq bağlanmamalıyıq. Biz apponentə eşq, sevgi və bağlılıq arasındakı fərqi izah edə bilsək, onun itirdikləri ilə rahat şəkildə qarşılaşmasını təmin etmiş olacağıq. İnsan hamını (ata, ana, övlad, həyat yoldaşı, qohum, dost və s.) sevə bilər, lakin onlara bağlanması faciəvi sonluqla nəticələnəcək. Əgər insan sevdiyi halda belə bağlanmamağı bacarsa, o zaman həmin sevdikləri onun həyatından getdikdə belə onların itkisi ilə rahət şəkildə barışa biləcək və anlayacaq ki, onların həyatında olmaması onun həyat sütununu darmadağın etməyib, əksinə həyatı davam edir. Əks halda hər növ bağlılıqların sonu, bağlı olduğun şeyi itirdikdən sonra faciə ilə nəticələnəcək.

7. Qanunla qanun olmayan şeyi ayırmaq və qanun olmayan şeyləri həyat qanunu olaraq qəbul etməmək.

İnsanlar həyatlarının müxtəlif sahələrini ehtiva edən məsələlərə münasibətdə elə güman edirlər ki, sanki həmin məsələlər onların həyat qanunlarıdır. Əslində onların heç biri qanun deyil, qanunnümadır, özümüzün öz həyatımıza tətbiq etdiyimiz aldadıcı və yalançı qanunlardır. Bu qəbil yalançı qanunlar da həyatımızdakı reallıqlara müvafiq olmadıqda problemlərlə qarşılaşırıq. Məsələn, hansı qanuna, hansı arqumentə əsasan deyə bilərik ki, dost-dosta, ər arvada, övlad valideynə xəyanət etməyəcək? Axı bu qanunları kim tərtib edib? Harda yazılıb ki, heç bir aşiq öz məşuquna, heç bir məşuq öz aşiqinə xəyanət etməyəcək? Harada sübuta yetib ki, səninlə dostluq edən kəs düşməninlə dostluq etməyəcək? Bunlar qanun deyil, bunların heç birinin təsdiqi yoxdur. Bunları insanlar özləri öz zehnlərində qanun olaraq qəbul edirlər. Həyatlarının əsas qanunlarına çevirib yaşayırlar. Real həyatda da bunların əksi ilə qarşılaşdıqda artıq həyat onlar üçün dayanır, yaşamağın bir anlamı qalmır.

8. Həyatın riyazətsiz (zabitəliliksiz) davam etməsinin qeyri-mümkünlüyü üzərində dayanmaq.

Biz apponentə başa salmalıyıq ki, riyazətsiz həyat qeyri-mümkündür. Mən riyazət dedikdə bəzi sufilərin, ariflərin yoqaların proqramlarını nəzərdə tutmuram. Yəni, həyatda nəyisə qazanmaq istəyirsənsə, nədənsə keçməlisən. Nəyəsə yetişmək istəyirsənsə, nələrdənsə keçməyə hazır olmalısan. Həyat üz tutmaqdan ibarətdir, nəyəsə sarı üz tutmaq. Hər şeyə sarı üz tutmaq qeyri mükündür. Deməli, nəyəsə üz tutmanızdan ötrü bir çox şeylərə arxa çevirməlisiniz.

Həyatda heç nə itirmədən hər şeyi əldə etmək istəyənlərin misalı, hamamda çimmək istəyib lakin tərləmək istəməynlərin misalına bənzəyir. Ya hamama getməyəcəksən, ya da gedəcəksənsə, istəməsən də belə özünü tərləməyə hazır edəcəksən.

9. Həyatdakı qeyri-sabitlik məsələsi üzərində dayanmaq.

Yaşadığımız aləmdə qeyri-sabitlik nəzəriyyəsinin hökm sürdüyünü qəbul etməliyik. Həyatımızdakı qeyri-sabitlikdən başqa heç nə sabit deyil. Bu aləmdəki heç bir nəsnə sabit deyildir. Buna əsasən də sənin biri ilə dostluğun da sabit deyil, sənin var dövlətinin də, gücünün də, heç nə və heç nəyin sabitliyi yoxdur. Elə bir aləmdə yaşayırsan ki, daim yenilənir, dəyişir, məhv olur və s. Həyata bu prizmadan baxsan, sənin olanların bir gün sənin olmayacağını bilsən, olində olanların bir gün əlindən çıxacağına inansan o gün gəldikdə artıq narahatçılığın olmayacaq və həmin günlə rahat şəkildə qarşılaşacaqsan.

10. Həyatı praqnozlar üzərində qurmağın yalnışlığını aşılamaq.

Görmüsünüz də, bəzən çoxları hər hansısa bir addımı atanda və ya hansısa problemlə qarşılaşdıqdan sonar deyir ki, “mən belə olacağını bilidrim, mənim bundan başqa yolum yoxdur” və s. Bu aləmdəki proqnozlar iki addımdan oyana qədər getmir. “Mənim yaşayışım elə on ildən sonar da belə olacaq” deyib həyatını neqativə kökləyəcək praqnozlar vermək kökündən yalnışdır. Çünki mənim gələcək barədə verdiyim proqnozların reallaşması ictimaiyyətə, digər insanlara da bağlı olan bir məsələdir. Çünki mənim proqnozlarıma əsasən atdığım addıma qarşılıq olaraq onların hansı addım atacağı çox önəmlidir.

Bu o mənada deyil ki, biz həyatımızı proqramsız yaşamalıyıq və gələcək üçün heç bir proqramımız olmamalıdır. Xeyir, proqramlarımız olmalıdır, lakin bu proqramların yüzdəyüz həyata keçəcəyinə deyil, bəzən həyata keçməyəcəyinə də hazır olmalıyıq. Bu sayaq həyat tərzinə ən yaxşı misal şaxmat oyunudur. Mən sizin hansı gedişi gedəcəyinizi təxmin edib proqnozlaşdıra bilərəm, lakin bu sizin də elə məhz həmin gedişi gedəcəyiniz anlamına gəlməz. Əgər biri qarşısındakının hansı gedişləri gedəcəyini proqnoz verib ona əsasən oynayarsa və rəqibi də elə onun verdiyi proqnozlar üzrə hərəkət edərsə, bilin ki, rəqibi çox zəifdir. Lakin yaşadığınız bu aləm elə də zəf rəqib deyil. Sizin hər hərəkətinizin buqabilində bir addım atacaq. Bu da o deməkdir ki, həyatınızı proqnozlaşdırmanız qeyri-mümkündür.

Belə olan halda da həyat intihar dalanıyla sona yetir. Lakin əslində isə bu dalanlar həqiqi yox, zahiridir. Bəzən zahiri dalanlar həyatımızda açılan yeni qapının, bəzən də qapıların müqəddiməsinə çevrilə bilər. Yəni siz praqnoz verə bilməzsiniz ki, əlli ildən sonar da elə eyni dalana dirənəcəksiniz.

11. Özümüzü potensialımızdan artıq yükləməmək.

İnsanlar fiziki baxımdan müyyən potensiala malik olduqları kimi, ruhi, psixoloji, zehni, ictimai baxımdan da müəyyən potensiala malikdirlər. Bəzən insanlar fiziki potensillarının məhdudluğunu qəbul edirlər. Lakin söhbət zehni, psixoloji, ictimai potensialdan getdikdə isə çoxları onların məhdudluğunu, sərhədlərini qəbul etmək istəmir. Belə olduqda isə özlərini potensiallarından artıq yüklə yükləyirlər. Bu da inhirafa, sapmalara yol açılır ki, onlardan biri də intihardır.

12. Bütün insanların məsuliyyətinin bizim öhdəizə qoyulmaması üzərində dayanmaq.

Heç kimin həyatının məsuliyyəti bizim üzərimizə qoyulmayıb. Bizim vəzifəmiz öz həyatımızı aram, gözəl və dəyərli etməkdən ötrü çalışmaqdır ki, bizim təsir dairəmizdə olan fərdlərin də həyatının stabilləşməsində müəyyən rol oynaya bilək.

Təssüflər olsun ki, bəzi insanlar həyata bu prizmadan baxaraq bütün insanların problemlərinə, onların islah olunmasına nail ola bilmədiklərinə görə özlərini qınayır və intihara qədər sürükləyəcək yalnış addımlar atırlar.

Bizim vəzifəmiz özümüzü islah etmək və özümüzü düzəltməkdir. Özümüzü tərbiyə edib düzəldə bilmədiyimiz halda digərlərini islah etmək barədə düşünmək yalnışdır. Özümüzü islah etməyi bacradığımız halda da yalnız və yalnız təsir dairəmizdə olan fərdlərin islah olunmasında müvəffəqiyyət əldə edə bilərik, vəssalam. Bundan artığı nə bizim vəzifəmizdir, nə də ki, belə bir öhdəçiliyimiz var.

Başqa sözlə desək özümüzü islah edib düzəltmək (özünütərbiyə) bizim hədəfimiz, başqalarının islah olub düzəlməsi isə bizim işimizin nəticəsidir.

13. Düşündüyümüz qədər də mühüm şəxsiyyət olmadığımız üzərində dayanmaq.

Bu mövzu ilə bağlı olaraq Əbulsəid Əbulxeyrin “Əsrarul-tövhid” əsərində maraqlı bir məqama işarə olunur. Deməli, bir xanzadə Əbulsəid Əbulxeyrin yanına gəlib seyri-süluk və irfan yolunu getmək istədiyini ərz edir. Əbulsəid ona deyir : “Çox yaxşı. O zaman sabah ilk işin mal bazarına gedib ciyər, ürəy, bağırsaq və s. alıb kisəyə yığıb aparıb Nişapur bazarında satmaq olacaq. İçalatı satdıqdan sonra yanıma gələrsən”.

Cavan israr etməyə başladı: “Axı mən hörmətli, əsil-nəcabətli ailənin övladıyam, atam filankəs xan, anam isə filankəsdir. Hamı məni tanıyır. Mən bazara gedib içalat sata bilmərəm axı! Camaat nə deyər!?! Bunun başqa yolu yoxdur?” Əbulsəid Əbulxeyr: “bundan başqa yolun yoxdur” – deyə cavab verir.

Cavanın fikri ciddi olduğundan ertəsi gün mal bazarına gedib mal içalatı alıb kisəyə yığır. Qan süzülən və kəskin qoxulu kisəni çiyninə ataıb Nişapur bazarına aparır. İşini bitirdikdən sonra Əbulxeyrin yanına qayıdır. Əbulxeyr ona deyir ki, indi də get əyin-başını təmizlə, paltarını dəyiş və get bazara, soruş gör neçə nəfər səni (filan xanzadəni) bu gün bazarda görüb.

Oğlan libasını dəyişib bazara daxil olur bazarın əvvəlində axırına çatana qədər soruşur ki, “filan xanın oğlu xanzadə filankəsi bazarda bu gün görən olub?” Hamı “xeyr” deyə cavab verirdi.

Əbulsəid Əbulxeyr ona deyir: “Görürsənmi, cavan! Sən özünün mühüm bir şəxs olduğunu güman edirdin və bazarda hamının səni tanıyacağını fikrində idin. Lakin gördün ki, bazarda hərə öz işində idi, səni heç tanıyan da yox idi”.

Bu dastanı ona görə nəql etdim ki, adətən insanlar özlərinin mühüm adam, mühüm şəxsiyyət olduğunu güman edir və rəftarları da buna əsasən olur. Təssüflə qeyd etməliyəm ki, qarşı tərəfə göz dağı verməkdən, zərbə vurmaqdan ötrü özünə inthar edən belə təfəkkürə sahib nadanlar az deyil. Elə güman edirlər ki, özlərini öldürməklə cəmiyyət böyük müsibət baş vermiş olacaq. Bir də gördün ki, heç o adam sənin ölümündən xəbər tutmadı, xəbər tutsa da, bir-iki gün keçdikdən sonra xəbər tutacaq. Bir az ah-vay edib sonra heç nə olmamış kimi həyatına davam edəcək.

Belə insanların rəftarı bilirsiniz kimin işinə bənzəyir? Biri qulamına deyir ki, gəl çıxaq damın üstünə, mənim başımı kəsib at qonşunun həyətinə. Qoy, mənim başımı onun kəsdiyini güman edb onu edam etsinlər.

Ay axmaq, axı sənin başının kəsilməsi yüz faizlikdir, lakin onun cinayətkar olduğunun isbatlanacağı və dar ağacağına gedəcəyidəmi yüz faizdir?! Kimin həyətndən baş tapılarsa, rahatçılıqla həmin başı ev sahibinin kəsdiyini qəbul edəcəklərmi?! Təqsirləndirilsə də belə, bəlkə rüşvət verib canını dardan qurtaracaq?! Xülasə, sənin özünü öldürməyin faktdır, amma sənin özünü öldürməklə qarşı tərəfə zərbə vurub-vurmadığın hələ sual altındadır. Sən o qədər də mühüm deyilsən ki, sənin ölümündə dünya qara geyinə.

14. Həyatda (müəyyən məsələlərlə qarşılaşdıqda) seçimlərin sayını artırmağın mühümlüyü üzərində dayanmaq.

Həyatda yaradıcılığınızı artırıb ondan maksimum dərəcədə istifadə etməlisiniz. Bəzən hər hansısa bir məsələ ilə qarşılaşdıqda onun həlli istiqamətində sizə təqdim olunan və ya, bu günə qədər belə qəbul olunan həll yolları, seçimlər faydasız görsənə bilir. Lakin bu o demək deyil ki, bu məsələnin həlli üçün başqa seçimlər, başqa yollar yoxdur. Məhz burdadır ki, yaradıcılığınız aktivləşib həll yolları, seçimlər axtarışında olmalıdır.

15. Azad olub məsuliyyətsiz olmanın qeyri-mümkünlüyü üzərində dayanmaq.

Azadlıq və məsuliyyət bir-biri ilə mütənasibdir. Nə qədər çox azadsansa, məsuliyyətin də bir o qədər çoxdur. Azad olub məsuliyyətdən uzaq olmaq vəhmdən başqa bir şey deyil. Sən azadlıq istəyirsənsə, onunla yanaşı məsuliyyət də tələb olunur. Sən özünü öldürəcək qədər azad deyilsən. İntihar edirsənsə və ya intihar fikrinə düşmüsənsə, bu sənin məsuliyyətdən qaçmğının gözdəricisidir.

16. Dərd-bəlasız həyatın var olmadığı üzərində dayanmaq.

Fikirləşməyin ki, bu dünyada dərd-bəlasız, problemsiz həyat mövcuddur. Bu qeyri-mümkündür, sadəcə bu dünyadakı dərd-bəla, problemlər fərqli-fərqlidir. Talstoy demişkən, varlıların həyatı eyni cür ola bilər, lakin fəqirlərin hərəsinin həyatı özünəməxsusdur. Yəni kimsə dərd-bəlasız, problemsiz yaşamır, sadəcə fərqli-fərqli, müxtəlif şəkillərə malik problem və bəlalara mübtəla olaraq yaşayır.

17. Həyatdan məna axtarmaq yerinə onu mənalı etmək üzərində dayanmaq.

Həyatın heç bir mənası yoxdur, onu mənalı edən sənsən. Ona görə də “həyatımda məna tapa bilmədiyim üçün özümü öldürəcəm” demək, kökündən yalnışdır. Çünki həyatın hər hansısa bir mənaya malik olduğunu düşünürsən və onu kəşf etmək ardıncasan. Kəşf edə bilmədikdə də “həyatdan məna tapa bilmədim” deyib ömrünə son vermək əvəzinə, həyatda ümumiyyətlə mənanın olmadığını, onu mənalı edən, ona məna qatan nəsnənin sənin özün olduğun həqiqətini qəbul etməlisən. Həyatın mənası elektrik kimi deyil ki, insanlar onun varlığından xəbərsiz idilər və sonradan kəşf etdilər. Həyatın mənası lapma kimidir ki, yox idi və sonradan ixtira olundu. Deməli, həyatdakı məna kəşf olunası deyil, ixtira olunasıdır. Bu mənanı da sən özün öz həyatında ixtira edə bilərsən.

18. Həyatdə özünün olanlara deyil, özünün olmana diqqət yönəltmənin üstündə dayanmaq.

Çünki olanlara diqqət etmək insana onun özünü unutdurur. Olanlar əldən çıxdıqdan sonra özünün olmasının anlamı qalmır. Olmaqdan çox olanlara diqqət yönəltmənin sonu intihar dalandır.

Əvvəldə də qeyd etdiyim kimi işarə etdiyim bu məqamların təfsilatına varmıram. Düşünürəm ki, bir iki məqamı təfsilatı ilə açmaqdansa, zehnimdə olan bütün məqamlara xülasə də olsa işarə etməyim daha faydalı olar. Zənnimcə bu qeyd edilən məqamlar daim cəmiyyətin ziyalıları, qabaqcılları, marifçiləri tərəfindən daim gümdəmdə saxlanılmalı, bu məqamların cəmiyyətdə doğru-düzgün aşılanması istiqamətində müxtəlif vastələrdən stifadə olunmalıdır. Əks təqdirdə cəmiyyəti ictimai bəla və xəstəlik olan intiharın əlindən qurtarmamız çətin olacaq.

Xüsusi olaraq “Milli Düşüncə Mərkəzi” üçün

İlahiyyatçı-psixoloq Bəhruz Camal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir