Bismillahir rəhmanir rəhim
Şəriət və fəqihlərin dilində namazın müqəddimə işləri onun şərtləri ilə adlandırılmışdır. Bunlar altı şərtdən ibarətdir:
1-2) Hədəs və xəbəsdən paklanma
Kitabın birinci cildində mənəvi və cismani natəmizliklər barəsində söhbət açıb bildirdik ki, batini tanıtdıran, ona ünvan olan zahirdir. Başqa sözlə, bədən və libasın təharəti nəfsin və qəlbin günahlardan paklanmasına işarədir.
Dəstəmazda üz və əllərin yuyulması diqqətin mənəvi əməllərə yönəlməsinə işarədir. Cənabətli bədən maddiyyatda qərq olduğu üçün tamamilə yuyulmalı, sonra maddi ləzzətlər buxovundan nicat tapmaq üçün özünü mənəviyyat sahilinə çatdırmalıdır.
3) Qiblənin təyin edilməsi
Namaz halında qibləyə diqqət maddi bədənimizi zahiri qibləyə (Kəbəyə) döndərdiyimiz kimi qəlbimizi və nəfsimizi maddiyyatdan çox-çox uzaq olan Kəbə Sahibinə (Allaha) yönəltməyimizə işarədir. Şair demişkən:
Hacı üzü Kəbəyə, mən görüş həvəsində,
O bir ev soraqlayır, mənsə evin sahibin.
Qibləni tanımaq cəhət və istiqaməti tapmaq üçündür.
4) Vaxtın müəyyən edilməsi və namazın vaxtında qılınması
Vaxtın müəyyən edilməsinin fəlsəfəsi insanı dünya və axirət işlərində vaxta diqqətli etməkdən, qiymətli ömrün bihudə işlər üçün olmadığını anlatmaqdan ibarətdir.
İmam Əli (ələyhissalam) şerlərin birində belə buyurur:
ما فات مضي و ما سياتيك فاين
قم فاغتنم الفرصة بين العدمين
Yəni Keçmişlə gələcək arası vaxtı,
Qənimət bilib dur, qoyma, gün axdı!
Hər bir şəxs ömür boyu saleh əməllərini və elmini artırmalıdır. Məsum imamdan (ələyhissalam) nəql olunmuş bir hədisdə belə buyurulur:
“Hər kəsin iki günü bərabər olsa, ziyan çəkmişdir.”
5) Sübh çağı oyanmaq və iki tulu[68] arasında yatmağın məzəmməti
Sübh vaxtı oyanıb dəstəmaz alması və üzü qibləyə doğru dayanıb Allah-təalanın dərgahına üz tutması axirət səadətini təmin etməkdən əlavə namazqılanı dünyəvi işlərdə də çalışmağa sövq edir. Əksinə, gecəni səhərə kimi yatıb, günəş çıxandan sonra oyanan şəxs həm bu dünya və həm də axirət işlərindən geri qalıb ziyan çəkənlər sırasına daxil olur.
Rəvayətlərin birində belə buyurulur:
“İki tulu arasında olan vaxt behiştin vaxtlarındandır. Bu vaxt nə gecədən və nə də gündüzdən hesab olunur.”
Buna görə də sübh tezdən oyanıb bu bərəkətli vaxtdan istifadə etməyin insanın həm cisminə, həm də ruhuna çox böyük faydaları var.
Bəzi alimlər belə bir nəticəyə gəlmişlər ki, bu vaxtda (iki tulu arası) tənəffüs (nəfəs almaq) insan üçün çox xeyirlidir. Belə ki, bu mülayim havada gözə görünməyən “efir” maddəsi var və bu maddə insanın ömrünü uzadır. Nəticədə həmin vaxtlarda oyaq qalan insanın cismi və ruhiyyəsi fəaliyyətə tam hazır olur.
Təcrübələr göstərmişdir ki, iki tulu arasında oyaq qalan heyvanların, o cümlədən qarğanın ömrü uzun olur. Bu vaxt yatan insanların ömrü qısa olur və tez qocalırlar. İmam Zamanın (ələyhissalam) buyurduğu hədisin hikməti daha da aydın olur. O həzrət buyurur:
“Ulduzlar gözdən itənə kimi sübh namazını qəzaya verən kəs məlundur, məlundur! Həmçinin ulduzlar zahir olana kimi məğrib namazını qəzaya verən kəs məlundur, məlundur! (Allahın rəhmətindən uzaqlaşdırılmış şəxsə məlun deyilir).”
İmamın “məlun”dur kəlməsini iki dəfə təkrarlaması səbəbi insanın özünü dünya və axirət rəhmətindən məhrum etməsidir.
6) Namaz məkanının münasib olması
Namazqılanın məkanı qəsbi və ya namünasib olmamalıdır. Namazın belə bir məkanda qılınması onun maddi aləmin fövqündə olmasına işarədir. Buna görə də namaz meraca oxşadılmışdır. Asimana doğru səfər edən əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) Allaha daha yaxın mənəvi məqam əldə etmişdir. Namazqılanın da Allaha doğru bir yüksəlişi var. O, sanki cismani aləmdən nurani və mənəvi bir aləmə doğru qalxır. Məhz belə bir məqamda “Namaz möminin meracıdır” ifadəsi öz həqiqi mənasını tapmış olur.
Namazin hikmət və sirləri, Ayətullah Əhməd Sabiri Həmədani