Namazın ictimai fəlsəfəsi

 Bismillahir rəhmanir rəhim

 

Namazın fəlsəfələrindən biri də cəmiyyət arasında nizam-intizam məsuliyyəti yaratmaqdan ibarətdir. Xüsusilə, camaat namazında nizamlı halda sıraya düzülmüş müsəlmanlar hərbi qulluqda cərgələnmiş əsgərlərə bənzəyir. Həmin əsgərlər hansısa bir məqsədə qulluq edirlər. Müsəlmanların da bu cür sıraya düzülməsi İslam dininin əzəmətini büruzə verir, bu dinin dostlarının və düşmənlərinin ruhunda dərin bir iz buraxır.                                           

Namazın fəlsəfə və hikmətlərindən biri də əxlaqın gözəlləşdirilməsi, insanların günahlardan və bəyənilməyən işlərdən çəkindirilməsidir. Kimsə delə deyə bilər:“İn­sanların cəzalandırılması üçün polis, məhkəmə və s. kifayət edər. Daha namazın adamı pis işlərdən çəkindirməsi nəyə lazımdır?” Cavab: Qoyulmuş qanunlar camaatın xəlvətdə gördüyü əməllərə təsir göstərə bilməz. Bu qanunların yalnız cəmiyyət arasında rolu var. Lakin namaz insanı aşkarda və gizlində günahlardan çəkindirən batini bir polisə bənzəyir.

ETİMAD HİSSİ

 Namazın ictimai fəlsəfələrindən biri də camaat arasında etimad hissi yaratmasından ibarətdir. Məlumdur ki, cəmiyyətdə bir-birinə qarşı inam və etimad hissi olmazsa, aləmin quruluşu, nizam-intizamı pozular, nəticədə hər şey süquta və məhvə uğrayar. Etimad hissini aradan qaldıran hər bir əməl (yalan, xəyanət, töhmət, qeybət və s.) şəriətdə günah və qadağandır. Əgər insanların bir-birinə etimadı olmasa, onların alış-verişi rövnəq tapmayacaq və ortada soyuq rabitələr, xoşa gəlməyən işlər baş verəcəkdir.             Etimad hissinin hasil olması üçün ən yaxşı yol budur ki, qarşımızdakı insanın güclü iman sahibi olduğunu anlayaq. Onun Allahdan (günahlara görə) çəkindiyini, xəyanət etmədiyini, yalan danışmadığını qəlbimizdə hiss edək. Onun əməllərinin həqiqətinə diqqət yetirək. Bu nəticəyə çatmağın yolu budur ki, görək bu şəxs namazda iştirak edirmi, ya camaatla qaynayıb-qarışırmı?                                                          

İslam dininin buyuruqları asan olmaqla yanaşı ağıl və elmlə üst-üstə düşür. Belə ki, bu dinin əhkamlarında heç bir çətinliyə yol verilməmişdir. İslamda etiqadi  və əməli[ müşküllər də yoxdur. Vacib namazları tək halda da qılmaq olar. Lakin daha yaxşıdır ki, bu namazlar camaatla qılınsın.   Camaat namazının çox faydaları var.                                                                                              

Namazın ictimai təsirlərindən biri onun imkan daxilində məsciddə, yaxud müsəlmanların cəm olduğu məkanda qılın­masıdır. Belə ki, camaat bu namazların ictimai faydalarından bəhrələnə bilsinlər. Bu mətləb hədislərdə təkidlə bildirilmişdir.

Bir hədisdə belə buyurulur: “Qonşuluqda məscid ola-ola tək qılı­nan namaz – (kamil) namaz deyil.”                                                                                             

Başqa bir hədisdə buyurulur: “Məs­ciddə olan mömin suda olan balığa bənzəyir.”

Onu da qeyd edək ki, məscidə gedib camaatdan qıraqda tək namaz qılmağın faydası yoxdur. Məscidə daxil olan müsəlman namazını camaatla birlikdə qılmalı, onun ictimai təsirlərindən də faydalanmalıdır.                                                                

Məscidlərin məqamının müxtəlif dərəcədə olduğu, həmçinin orada qılınan namazın savabının da müxtəlifliyi bir çox rəvayətlərdə zikr edilmişdir. Belə ki, hər bir namazın ictimai yönü güclü olarsa, həmin namazın savabı, təsiri və faydası da çox olacaqdır.                                      

Rəvayətlərdə insanlar həm camaat namazına rəğbət­ləndirilir, həm də orada iştirak etməyənlər pislənilir. Camaat na­mazına üzürsüz səbəbə görə gəlməyənlər “ümmətin yəhudiləri” adlandırılmışlar. Hətta onlarla rabitənin qırılması tövsiyə olunur.

 

Namazın hikmət və sirləri, Ayətullah Əhməd Ehtimam 

Leave a Comment