Bismillahir Rəhmanir Rəhim
Vəhy məktəbində Namaz
Namaz Peyğəmbərlərin (ə) ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Həzrət Loğman (ə) övladına deyir:
“Oğulcan, namaz qıl.”
Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.”
Namaz Allahın əhdidir.
Namaz Peyğəmbərin (s) gözünün nurudur. Namaz çətin və kədərli anlarda köməkdir. Allah-təala buyurur: Çətinliklərdə namaz və səbrdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!”
Namaz təkəbbür üçün dərmandır. Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.
Namaz Allahın verdiyi ne’mətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”
Namaz dinin simasıdır.
Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.”
Namaz dinin sütunudur.
İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.” Namaz behiştin açarıdır.
Namaz insanları dəyərləndirmə me’yarıdır. Namaz dinin köküdür.
Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır.
Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir.
Namaz məxluqla xaliqin rabitəsidir. Namaz maddi insanı mə’nəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, tülu (doğuş), qürub, vaxt və bütövlükdə təbiətlə tanış edir.
Namaz yeganə ibadətdir ki, hətta qərq olduqda və döyüşdə insanın öhdəsindən götürülmür. Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin e’lanıdır.
Namaz İbrahim (ə), Məhəmməd (s), Hüseyn (ə) və Mehdi (ə) sünnəsini diriltməkdir.
Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir.
Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq.
Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o təvazökar olmayanlara ağır bir yükdür.”
Namaz şeytanı məhv edir.
Namazin əhəmiyyəti
Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”
İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.
Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”
Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: “İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”
Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.
Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.
Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.
Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”
Möhsin Qəraəti. Namazın sirləri
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.