Bismillahir rəhmanir rəhim
İslam dini ibadətlər arasında namaza xüsusi əhəmiyyət verməklə yanaşı digər ibadətlərin qəbulunu ona bağlayır. Namaz dinin sütunu kimi qələmə verilir. Bu ibadət bütün hallarda (xəstəlik, sağlamlıq, səfər, qorxu, müharibə və s.) vacib hesab edilir, iman və küfr arasında sərhəd sayılır.
Üsuliddin (əqidələr) və füruiddinin (əməli hökmlər) məcmuəsi olan namaz
Namaz üsuliddin və füruiddinin məcmuəsidir. İlahi maarif namazda cilvələnir və qalan ibadətlər onda gözə çarpır.
Namaz – mələklərin ibadətinin cəm forması
Merac barəsində nəql olunan rəvayətlərdə bildirilir ki, mələklərin də özünəməxsus ibadətləri vardır. Onlar Allahın əbədi olaraq təyin etdiyi ibadət halına qapılaraq qeyrisinə etina etməzlər. Mələklərin bəzisi qiyam və qunut, bəzisi rüku, bəzisi səcdə, bəzisi isə oturaq halda Allah-təalaya ibadətlə məşğuldurlar. Mələklər onlar üçün təyin edilmiş xüsusi ibadəti heç vaxt tərk etmirlər. Yəni rüku halında ibadət edən mələyin səcdə etməyə ixtiyarı yoxdur və s.
Namazqılan mömin şəxs isə gah qiyam, gah qunut, gah rüku, gah səcdə, gah da oturaq halda Xaliqini zikr edir. Belə ki, o, bütün mələklərin ibadətlərini cəm şəkildə yerinə yetirir.
Namaz – məxluqatın təkvini ibadətlərinin cəm forması
Namaz bütün yaranmışların ibadətlərini özündə cəmləşdirir. Bu məsələni aydınlaşdırmaq üçün nəzərinizi üç nöqtəyə cəlb edirik.
1. Qurani-Kərim insanın torpaqdan yaradılıb, yenidən torpağa qaytarılacağı barəsində aşkar surətdə belə buyurur:
كَمَا بَدَأَكُمْ تَعُودُون
“Sizi torpaqdan yaratdığı kimi, yenidən torpağa qaytarılacaqsınız.”
Həmçinin, başqa bir ayədə belə buyurulur:
مِنهَْا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَْا نخُْرِجُكُمْ تَارَةً أُخْرَى
“Sizi torpaqdan yaratdıq, yenə ona qaytaracağıq və yenidən sizi bu torpaqdan xaric edəcəyik.”
Alimlər təhqiqatlar əsasında yekdilliklə insanın həqiqətən də torpaqdan yaranması qənaətinə gəlmişlər. Torpaqdan və onun tərkibində olan bir sıra ünsürlərdən yaranan insan, mərhələ-mərhələ inkişaf edərək özünü ali insaniyyət məqamına yetirmişdir. Belə ki, hər mərhələni başa vurduqda ona bir sıra imtiyaz və üstünlüklər əlavə edilmişdir.
Həmçinin, insanın ruhu maddi aləmdən üstün olan bir aləmdən nəşət tapmışdır. Həmin aləmə “Əmr” aləmi deyilir. Bu da bəşərin elm və ağlının fövqündə durur.
Bu cəhətdən də insan “Xəlq” və “Əmr” aləminin zahiri surəti, “Mülk” və “Mələkut” aləminin bir nümunəsi və bütün məxluqatın ən şərəflisidir. Mələklər Allahın əmri ilə təzim əlaməti olaraq insana səcdə etdilər.
Qurani-Kərimin “İsra” surəsinin 70-ci ayəsində belə buyurulur: “Biz Adəm övladlarını əziz tutub onlara kəramət bağışladıq. Onlara suda və quruda minik verdik. Pak ruzilər əta etməklə bərabər bir çox yaranmışlardan üstün qərar verdik.”
Həmçinin “Tin” surəsinin 4-cü ayəsində belə buyurulur:
لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم
“Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq.”
2. Quran buyurur:
وَ إِن مِّن شىَْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِهِ وَ لَاكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ
“Hər şey Allahı sitayiş edir, lakin siz onların sitayişini anlamırsınız.”
3. İnsanda bütün məxluqların kamillikləri, onların keçdiyi bütün mərhələlər, həmçinin müqəddəs nitq nəfsi cəmlənmişdir.
Buna görə də insan üçün namaz adlı ibadət qərar verilmişdir.
Namaz bütün xeyirlərin və səadətlərin formulu, həmçinin bütün şər və fəsadların qarşısında duran maneədir.
Namaz iman və saleh əməllə zinətlənmiş, habelə gözəl əxlaqla bəzənmiş və günahlardan uzaq olan mömini həmişə pisliklərdən qoruyur
Namazın hikmət və sirləri, Ayətullah Əhməd Sabiri Həmədani