Bismillahir Rəhmanir Rəhim
Böyük qeyb dövrünün başlaması ilə İmam Məhdi (ə)-la birbaşa əlaqənin kəsilməsi məsələsi şiə məktəbi yanında qəti olan məsələlərdəndir. İmam Məhdi (ə)-ın sonuncu və dördüncü xüsusi naibi (səfiri) olan Əli ibn Muhəmməd Səmərinin (r.ə) vəfatı ilə xüsusi naiblik müddəti də bitmiş hesab edilir. Buna dəlil olaraq İmam Məhdi (ə) Şeyx Səməriyə (r.ə) göndərdiyi məktubu göstərə bilərik: “Bismillahir rəhmanir rəhim. Ey Əli ibn Muhəmməd Səməri, Allah sənin (ölümün) səbəbilə qardaşlarının əcrini artırsın; sən altı gün içərisində vəfat etmiş olacaqsan, işlərini səhmana sal və kimsəyə vəfatından sonra sənin məqamına keçməsi üçün vəsiyyət etmə. Artıq böyük qeyb dövrü başlamışdır…” Lakin buna baxmayaraq hal-hazırda və eləcə də keçmiş dövrlərdə müəyyən maddi mənfəətlər güdən bəzi sapqın fikirli şəxslər sadə camaatı aldadaraq səfirlik və ya naiblik iddiasında olmuşlar..
İlk öncə qeyd edilməlidir ki, mütəqəddim fəqihlərimiz xüsusi səfirlik və naiblik iddia edən şəxsləri kafir hesab etmişlər. Şeyx Tusi öz rical kitabının 421-ci səhifəsində, 375-ci rəqəmdə bu barədə İbn Qovləveyhin fətvasını nəql etmişdir. Aşağıda “Kamiluz-ziyarat” kitabının sahibi İbn Qovləveyhin (vəf.368-hicri-q.) bu kəlamını təqdim edirik. İbn Qovləveyh (r.ə) deyir:
“Bizim yanımızda qəbul olunan budur ki, Səməridən rəhiməhullah sonra bu işi (səfirliyi) iddia edən şəxs kafirdir, azğındır, saxtakardır!” (Onu da qeyd etmək lazımdır ki, bu məsələ imamət məsələlərinə daxil olduğundan İbn Qovləveyhin (r.ə) buyurduğu “küfr”dən məqsəd İslam müqabilində duran küfr deyil, iman müqabilində duran küfr olur.)
Həqiqətən də uca məqamlı fəqihlər haqq din üzərə olmuşlar və xüsusi naibliyin bitməsi fikrində açıq-aşkar şəkildə ittifaq etmişlər. Kiçik qeyb dövrünün sonlarında və ya böyük qeyb dövrünün əvvəllərində yaşamış bu fəqihlərin dindarlığına heç bir vəchlə şübhə edə bilmərik. Əksinə, Əhli-beyt (ə)-dan bizə gəlib çatan hədislər və kəlamlar bu məhdud saylı fəqihlər vasitəsilə gəlib çatmışdır. Bu şəxslərin güvənirlikləri barədə şübhə etmək bizim dini irsimiz barədə şübhə etməyə gətirib çıxarır ki, bu da heç cürə qəbul edilə bilməz. Xüsusən də nəzərə alsaq ki, onların ədaləti, doğruçuluğu, güvənir olmaları və dindarlıqları barədə bir çox müstəvilərdə (istər rical kitablarında, istərsə də digər yerlərdə) məlumatlar gəlmişdir.
Kiçik qeyb dövrünün sonlarında və ya böyük qeyb dövrünün əvvəllərində yaşamış bu fəqihlərin bu məsələ ilə bağlı fətva vermələri (İbn Qovləveyh kimi) və ya bu barədə fətva vermiş şəxslərin fətvalarını təsdiq etmələri (Şeyx Tusi kimi) və həmçinin onların xüsusi naibliyin və İmam Məhdi (ə) ilə birbaşa əlaqənin bitməsi barəsində ittifaq etmələri, İmam Məhdinin (ə) səfiri olduğunu iddia edən şəxslərin iddialarının batilliyinə açıq-aşkar dəlildir.
Eyni zamanda, biz bu mövzunu başqa bir aspektdən də müzakirə edə bilərik. Belə ki, biz İmam Məhdi (ə) ilə birbaşa əlaqəsi olduğunu və onun naibi olduğunu iddia edən şəxslərdən soruşa bilərik:
Xüsusi naiblik və səfirlik iddia edən şəxs səfirliyin (naibliyin) bitdiyinə etiqad edir, yoxsa bitmədiyinə etiqad edir?
Əgər o səfirliyin və naibliyin bitmədiyinə etiqad edirsə, o zaman gərək dördüncü naibdən ta özünədək olan naiblərin adlarını bir-bir sadalasın;
Yox əgər səfirliyin və naibliyin bitdiyinə etiqad edirsə və deyirsə ki, naiblik dördüncü səfirdən sonra dayanıb lakin onun özü ilə yenidən başlayıb, o zaman bu şəxsin bu sözü elə onun öz iddiasının batilliyinə sübut olacaq. Çünki o etiraf etmiş olur ki, dördüncü səfirdən sonra səfirlik bitib, bu isə elə bizim ona isbat etməyə çalışdığımız məsələdir. (Onun buraya qədər etiraf etməsi kifayətdir). O bunu etiraf etdikdən sonra biz yenidən ona sual veririk və ondan tələb edirik ki, İmam Məhdi (ə) tərəfdən səfir göndərildiyini isbat etsin! Çünki o özü etiraf edir ki, naiblik bitib, lakin onun özü ilə yenidən başlayıb. Bu zaman o isbat etməlidir ki, onun naibliyi İmam (ə) tərəfindən başladılmışdır və bununla İmam (ə) onu özünə naib təyin etmişdir. Bunu isbat etmək üçün isə bu şəxs aşağıdakı üç isbat yolundan biri ilə dəlil gətirməlidir:
1. Açıq-aşkar bir sənəd (məktub, hər hansısa bir mətn və ya hədis) göstərməlidir ki, orada İmam (ə) bu şəxsi öz adı ilə göstərib onu özünə naib təyin etdiyini bildirmiş olsun. Lakin Əhli-beyt (ə)-dan, o cümlədən də İmam Məhdi (ə)-dan bizə gəlib çatan hədis və göstərişlər içərisində belə bir şey mövcud deyil. (Başqa sözlə desək, İmam Məhdi (ə) hər hansısa bir sənədlə dördüncü naibdən sonra hər hansısa bir kəsin naib olacağını bildirməyib!) Bu səbəbdən də belə bir iddiaçının bu cəhətdən dəlil gətirməsi mümkünsüzdür.
2. Kiçik qeyb dövründə yaşamış xüsusi naiblərdən birisi onun naibliyi barədə xəbər verməlidir. Belə ki, dörd xüsusi naibin (r.ə) dövründə qayda belə idi ki, hər bir keçmiş səfir İmamın (ə) əmrilə özündən sonra gələn səfir barədə məlumat verir, onun kim olduğunu bildirirdi. Buna misal olaraq Cəfər ibn Əhməd Mətildən nəql edilən bu dəlili göstərə bilərik: “Əba Cəfər Muhəmməd ibn Osman (II naib) –Allah ondan razı olsun− ölüm ayağında ikən mən onun baş tərəfində oturmuşdum, ondan sual soruşur və söhbət edirdim. Əbul-Qasim Hüseyn ibn Ruh da onun ayaq tərəfində oturmuşdu. (Əbu Cəfər) üzünü mənə tutub dedi: Mənə əmr edildi ki, Əbul-Qasim Hüseyn ibn Ruha vəsiyyət edim..” Bu dəlil bütün səfirlər barədə nəql edilmişdir və bu bizə keçmiş səfir tərəfindən sonrakı səfirin nə cür təyin olunmasını göstərir. Ona görə də belə bir iddiaçının bu cəhətdən də dəlil gətirməsi mümkünsüzdür. (Çünki dördüncü naib özündən sonra heç kəsə vəsiyyət etməmişdir.)
3. Belə bir iddia sahibi olan şəxs etdiyi iddianı isbat etmək üçün bir möcüzə göstərməlidir. Bu isə, bu günə qədər heç bir səfirlik iddiaçısından görülməmiş bir şeydir.
Əksinə, biz daim bu cür iddia sahibi olan kəslərin heç bir aydın və aşkar dəlilə əsaslanmadan hərəkət etdiyinin şahidi olmuşuq.
Nəticədə aydın olur ki, bu iddianı edən kəslər heç bir halda sağlam dəlilə əsaslana bilməmişlər və etdikləri iddialar da “iddia” olmaqdan o yana keçə bilməmişdir.
Heydər Kazim Abud (məqalə)
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.