Bismillahir rəhmanir rəhim
Xüsusi naiblərin kəramətləri kiçik qeyb dövründə şiələrin qəlblərini sabitqədəm saxlayan mühüm işlərdən biri hesab olunur. O dövrdə şiələr arasında bu cür kəramət və möcüzələr şöhrət tapmışdı. Onlardan (naiblərdən) kəramətlər sadir olmuş, İmam Məhdi (ə) vasitəsilə bir sıra qeybi xəbərlər vermişilər.
Biz burada onların (r.ə) halətlərindən və möcüzələrindən müxtəsər şəkildə bir neçə hadisə qeyd edirik:
1-Abdullah ibn Cəfər əl-Himyəri belə nəql edir: “Mən və Şeyx Əbu Əmr (birinci naib) rəhiməhullah Əhməd ibn İshaqın evinə cəm olmuşduq. Əhməd ibn İshaq mənə işarə edərək bildirdi ki, ondan Xələf (İmam Məhdi (ə)) barədə soruşum. Ona dedim: Ey Əbu Əmr! Səndən elə bir şey barədə sual soruşmaq istəyirəm ki, o şey barədə şəkkdə deyiləm. Mənim etiqadım və dini (əqidəm) budur ki, qiyamət gününə qırx gün qalmışadək yer üzündə daim ilahi höccət (imam) olar. Elə ki, qiyamətə qırx gün qaldı, höccət aradan götürülər və tövbə qapısı bağlanar. “Əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz” (Ənam surəsi, 158-ci ayəyə işarədir). Bu cür şəxslər Allahın yaratdığı ən şər məxluqlardırlar..
Lakin istəyirəm ki, yəqinim artsın.. Əbu Əli Əhməd ibn İshaq mənə Əbul-Həsən (İmam Hadi) (ə)-dan nəql edib dedi ki, həzrətdən “kiminlə əlaqə saxlayım, (hökmləri və əmrləri) kimdən əxz edim və kimin sözünü qəbul edim?”-deyə soruşduqda həzrət (ə) belə cavab verib: Əmri (birinci naib) mənim güvəndiyim şəxsdir. Sənə nə çatdırsa, məndən çatdırıb. Sənə nə desə, məndən deyib. Onu dinlə və ona itaət et. Çünki o güvənilir və əmin (etibar ediləsi) adamdır. Həmçinin, Əbu Əli mənə xəbər verdi ki, o Əba Muhəmməd (İmam Əsgəri) (ə)-dan da bu cür soruşduqda o buyurub ki, “Əmri və onun oğlu siqədirlər (güvənilir şəxslərdirlər). Sənə nə çatdırsalar, məndən çatdırıblar. Sənə nə desələr, məndən deyiblər. Onları dinlə və onlara itaət et. Çünki onlar güvənilir və əmin (etibar ediləsi) adamlardırlar”. Bu dünyadan köçən iki imamın sənin barədə dedikləri sözlərdir. Abdullah ibn Cəfər Himyəri deyir: Bunu dedikdən sonra Əbu Əmr (r.ə) üzü üstə səcdəyə qapanıb ağlamağa başladı. Sonra dedi: İstədiyini soruş. Dedim: Əbu Muhəmməd (ə)-dan sonrakı xələfi görmüsən? Dedi: Allaha and olsun ki, bəli. Onun boynu belə idi. Bunu deyib əli ilə öz boynuna işarə etdi. Ona dedim: Bircə sualım qaldı. Dedi: De. Dedim: Adı nədir? Buyurdu: Sizə bu barədə soruşmaq haram edilmişdir. Mən bunu özümdən demirəm. Mən nəyisə halal və ya haram edə bilmərəm. Mən bu sözü onun özündən nəql edirəm. Çünki sultan (xəlifə) elə bilir ki, Əba Muhəmməd (ə) dünyadan köçdüyü zaman bir övladı olmadan dünyadan köçmüşdür. Buna görə də onun mirasını böldü və haqqı olmayan şəxs onu özünə götürdü.. Əgər ad yayılsa, onda sultan onu axtarmağa başlayacaq. Elə isə Allahdan qorxun və bu işdən əl çəkin”. (Kafi: 8/329).
2-Əbu Cəfər Muhəmməd ibn Əli əl-Əsvəd nəql edir ki, Əbu Cəfər əl-Əmri (ikinci naib) (r.ə) özü üçün bir qəbr qazdı və onun üstünü “sac” ağacı ilə örtdü. Ondan bu barədə soruşduqda dedi: İnsanların (hər bir işi görmək üçün) səbəbləri vardır. Daha sonra ondan yenə sual edəndə buyurdu: “Mənə göstəriş verildi ki, artıq tədarük görəm”. Beləcə iki ay sonra vəfat etdi. (Kəmalud-din: c.2/502).
3-Cəfər ibn Muhəmməd ibn Mətil deyir: Əbu Cəfər Muhəmməd ibn Osman məni yanına çağırdı. Mənə üzərində əlamət olan bir neçə kiçik libas və içərisində bir neçə dirhəm olan bir kisə verdi və dedi: Elə indi Vasit şəhərinə getməlisən və sənə verdiklərimi səninlə qarşılaşacaq ilk şəxsə təhvil verməlisən. Cəfər ibn Muhəmməd deyir: Bunu eşidincə çox narahat oldum. Öz-özümə dedim ki, mənim kimi bir adamı belə bir iş üçün göndərilər və bu qədər kiçik bir şeyi aparıram? Deyir: Yola düşüb Vasitə gəldim. Qarşıma çıxan ilk şəxsdən Vasitdə vəqflərdən məsul olan Həsən ibn Muhəmməd ibn Qətatə əs-Seydəlanini soruşdum. O dedi: Mən Həsən ibn Muhəmməd əs-Seydəlaniyəm. Dedim: Mən də Cəfər ibn Muhəmməd ibn Mətiləm! Deyir: Bunu dedikdən sonra məni tanıdı və mənə salam verdi. Mən də salamının cavabını verdim və qucaqlaşdıq. Ona dedim: Əbu Cəfər əl-Əmri sənə salam deyir. Bu paltarlar və kisəni də mənə verdi ki, onları sənə verim. Dedi: Əlhəmdulillah! Muhəmməd ibn Abdullah əl-Hairi vəfat edib. Mən də onun kəfən işini yerinə yetirmək üçün evdən çıxmışdım.
Bundan sonra paltarları yoxladı. Gördü ki, kəfən üçün ona lazım olan parçalar orada var. Kisədə isə kafur, bel və yer qazan alət var idi. Biz gedib onun cənazəsinin müşayət etdik və bundan sonra mən qayıtdım. (Əlxəraic vəl-cəraih: 1119/hədis 35)
4-Əba Əbdillah Hüseyn ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh nəql edib deyir: Bizim şəhərin (Qumun) əhlindən olan bir dəstə şəxs mənə nəql edib dedilər ki, Qəramitə firqəsinin Həccə yola düşdüyü ildə Bağdadda imişlər. Həmin vaxt mənim atam (r.ə) Şeyx Əbul-Qasim Hüseyn ibn Ruha (üçüncü naib) (r.ə) məktub yazıb Həccə getmək üçün izin istəyir. Cavab gəlir ki, bu il Həccə getmə. Atam yenidən məktub yazıb bildirir ki, bu mənim nəzirimdir. Nəzirimi yerinə yetirməməyim caizdir? Cavab gəlir ki, əgər (getməyin) labüddürsə (və mütləq getməlisənsə), onda sonuncu gedən karvanda ol! Atam belə edir və beləcə sağ-salamat qurtulur. Ondan öncəki karvanlarda gedənlər isə (yolda Qəramitələr tərəfindən) öldürülür. (Qeybəti-Tusi: 322/270).
4-İmran əs-Səffar (r.ə) və digər bir dəstə Qumlulardan belə nəql edilir: Əbu Əli ibn Hüseyn ibn Musa ibn Babuveyhin vəfat etdiyi ildə Bağdada getmişdik. Əbul-Həsən Əli ibn Muhəmməd əs-Səməri (dördüncü naib) (r.ə) bizdən tez-tez Əli ibn Hüseynin (r.ə) barəsində soruşurdu və biz də deyirdik ki, o sağdır, onun sağ olduğunu bildirən məktub gəlib. Nəhayət Əli ibn Hüseynin (r.ə) vəfat etdiyi gün olunca bizdən yenə həmin sualı soruşdu və biz də eyni cavabı dedik. Bu vaxt o dedi: Allah Əli ibn Hüseyn barədə sizə əcr versin, elə bu saat dünyadan köçdü! Deyirlər: Biz həmin vaxtı, günü və ayı bir yerə qeyd etdik. Bunun üzərindən on yeddi və ya on səkkiz gün keçmişdi ki, onun ölüm xəbərini bildirən məktub gəldi. Onun ölüm vaxtı Şeyx Əbul-Həsənin (q.s) dediyi vaxtda idi! (Fərəcul-məhmum; Seyyid ibn Tavus (r.ə), 130)
5-Cəfər ibn Məruf əl-Kəşşi deyir: Əba Əbdillah əl-Bəlxi mənə məktub yazıb Hüseyn ibn Ruh (r.ə) barədə aşağıdakı hadisəni qeyd etdi: Əhməd ibn İshaq ona məktub yazıb Həccə getmək barədə ondan izin istədi. Cənab Hüseyn ibn Ruh ona icazə verdi və onun üçün bir paltar (parça) da göndərdi. Bunu görən Əhməd ibn İshaq dedi: Mənə ölüm xəbərimi verib! Beləliklə (Həccə getdi və) Həccdən qayıdanda Həlvan məntəqəsində vəfat etdi. (Rical-Kəşşi: 557, rəqəm 1052).
Əbdüs-Səlam ət-Turabi, “Ğeybətul-Muntəzər fi muntəxəbil-Əsər”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.