Naiblərdən: Əli Səməri

Bismillahir rəhmanir rəhim

Əli Səməri (r.ə) kimdir?

Adı: Əli bin Muhəmməd əs-Səməri. Vəya “Səmuri” və ya “Səmri” (“sad” ilə). Daha çox birinci ilə məşhurdur.

Künyəsi: Əbul-Həsən.

Dünyaya gəlməsi: Əlimizdə onun doğum tarixi barədə məlumat yoxdur. Tarixçilər onun (r.ə) həyatının ilk dövrləri ilə bağlı bir şey qeyd etməmişlər. Rical kitablarında gələnlər isə, onun İmam Əba Muhəmməd Həsən bin Əli Əskəri (ə)-ın əshabından olmasını, cənab Şeyx Hüseyn bin Ruhun vəfat etməsindən sonra isə İmam Məhdinin (ə) göstərişi ilə səfirlik məqamına təyin edilməsini bildirir.

Fəaliyyəti: Onun naibliyi ilə bağlı xüsusi bir nəss (göstəriş) tapmasaq da bir neçə məsələni buna dəlil olaraq göstərmək olar:

Birinci: Şiə məzhəbi alimlərinin hər biri ta bu günə kimi ittifaq etmişlər ki, dörd naibdən dördüncüsü – heç bir şəkk və mübahisəsiz – Əli ibn Muhəmməd Səməridir.

İkinci: Onun vasitəsilə “müqəddəs nahiyə”dən bir neçə məktub gəlmişdir ki, bunlar onun (r.ə) səfirliyinə dəlalət edir.

Üçüncü: Hüseyn bin Ruhun ona vəsiyyət etməsi. Belə ki, Hüseyn ibn Ruh (r.ə) İmam Məhdi (ə)-dan gəlməyən bir əmr və göstərişlə bu cür mühüm bir xəta etməkdən çox uca və böyükdür.

Dördüncü: Onun vəfat etməsilə “kiçik qeyb dövrü”nün bitməsi və “böyük qeyb dövrü”nün başlamasını bildirən bir məktubun gəlməsi. Bu məktub da onun əvvəlki üç səfir kimi İmam Məhdi (ə)-ın xalis naibi olduğuna dəlalət edir.

Səfirlik müddəti: “Müqəddəs nahiyə” tərəfdən 326-cı ildə − Hüseyn bin Ruhun (r.ə) vəfatı ilində − səfirliyə təyin edilmiş, 329-cu ildə Şəban ayının 15-də vəfat etməsinədək bu vəzifədə qalmışdır.[1]

Vəfatı: Vəfatından altı gün əvvəl onun vasitəsilə “müqəddəs nahiyə”dən “kiçik qeyb dövrü”nün bitməsini bildirən bir məktub sadir oldu. Burada onun özündən sonra heç kəsə vəsiyyət etməməsinə dair göstəriş verilmiş və altı gündən sonra vəfat edəcəyi bildirilmişdi. Məktubda deyilir:

“Bismillahir rəhmanir rəhim. Ey Əli ibn Muhəmməd Səməri, Allah sənin (ölümün) səbəbilə qardaşlarının əcrini artırsın; sən altı gün içərisində vəfat etmiş olacaqsan, işlərini səhmana sal və kimsəyə vəfatından sonra sənin məqamına keçməsi üçün vəsiyyət etmə. Artıq böyük qeyb dövrü başlamışdır. Zühur yalnız izzət və cəlal sahibi olan Allah izin verdikdən sonra baş tutacaq. Bu isə çox uzun bir zaman keçdikdən, qəlblər qəsavət bağladıqdan və yer üzü haqsızlıqla dolduqdan sonra olacaq. O zaman bəziləri şiələrimin yanına gəlib “müşahidə” iddiası edəcəklər. Bilin, kim Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən öncə müşahidə iddiası edərsə, yalançı və iftiraçıdır! Allahdan başqa güc və qüvvət (sahibi) yoxdur!” Ravi deyir: “Bu məktubun nüsxəsini çıxarıb onun hüzurundan ayrıldıq. Altıncı gün olduqda onun yanına getdik. Bu zaman o son nəfəslərini verirdi. Ona deyildi: Səndən sonra vəsin kimdir? Dedi: İş Allaha qalıb, özü onu tamam edəcək. Beləcə o cənab (r.ə) vəfat etdi və bu, ondan eşidilən son söz oldu”

Qəbri: Qəbri-şərifi Bağdaddadır. Seyyid Həsən Şirazinin “Kəlimətul-İmamil-Məhdi (ə)” kitabından         Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.


[1]   “Ğeybəti Tusi”, s.243

Leave a Comment