Bismillahir rəhmanir rəhim
İmam Hüseyn (ə)-ın “Ziyarəti-Nahiyə” adı ilə tanınan ziyarətnaməsində İmam Bəqiyyətullah (ə.f) babası Seyyidüş-Şühəda (ə)-a xitab edərək buyurur (bu ziyarətnamə həzrət İmam Məhdi (ə)-dan nəql edilmişdir –müt.): “Elə ki, xanımlar sənin atını xəcalətli halda gördülər”. Yəni, atda bir məyusluq, kədər gördülər. Başını aşağı salmış, Əba Əbdillah (ə)-a yardım edə bilmədiyinə görə hüzünlü idi. İmam Höccət (ə.f) həzrətin atının süvarisiz halda xeymələrə gəlməsi anını təsvir edir. Sanki at mövlası İmam Hüseyn (ə)-a yardım etməkdən aciz olduğuna görə özündə bir təqsirkarlıq hiss edir. Lakin bununla belə bu böyük faciəni xəbər verməkdən ötrü yubanmadan tez o həzrətin əyalının yanına gəlir.
İmam Höccət (ə.f) buyurur: “Elə ki, xanımlar sənin atını xəcalətli halda gördülər və onun üzərindəki yəhərinin çevrilmiş halda olduğuna baxdılar..”. Yəhər atlının oturması üçün atın üzərinə qoyulur. O möhkəm şəkildə ata bağlanır ki, çapdığı zaman atlı onun üstündən düşməsin. Elə ki, atlı ixtiyarsız şəkildə atından yerə yıxılır, yəhər çevrilib aşağı düşür. Mövlamız Sahibəzzəman (ə)-da buna işarə edir. Yəni elə ki, Əhli-Beyt (ə) atın kişnəməsini eşitdilər, xeymələrdən çıxıb ata baxdılar və gördülər ki, atın yəhəri aşağı çevrilib. Atın bu halından Əba Əbdillah (ə)-ın başına gələnləri başa düşdülər. İmam Höccət (ə) xanımların halını təsvir edərək buyurur:
“..Bu zaman saçlarını açıb çadırlardan çıxdılar”. Burada “xudur” (çadırlar) sözü qeyd olunmuşdur. “Xudur” (təki: xidr) deyərkən insanın onun vasitəsilə örtündüyü, gizləndiyi şey nəzərdə tutulur. Məsələn, qədimdə evin bir hissəsində cariyələr üçün çəkilən pərdəyə “xidr” deyilirdi. Buna əsasən, “xidr”dən məqsəd çox möhkəm və görünməyən örtükdür. Deməli cümlənin mənası belə olur: “Peyğəmbər qızları öz möhkəm örtülü çadırlarından çıxdılar!”.
Həzrətin buyurduğu “saçlarını açıb..” sözünə gəlincə, bunu aşağıdakı kimi izah etmək olar: Qədimdə ərəblər arasında adət idi ki, qadın əziz adamını itirdiyi zaman ömrünün sonuna qədər ona görə kədərli olardı, hətta onu itirməsi səbəbindən təbəssümü və gülməyi belə unudardı. Bu cür vəziyyətlərdə qadın müsibətinin bir əlaməti kimi örtüyünün və hicabının altında hörüyünü açardı. Bu adət indi də İraqda – ola bilsin ki, başqa ərəb ölkələrində də – mövcuddur. Cümlənin mənası bəzilərinin düşündüyü kimi bu deyil ki, – Allaha pənah – ələvi xanımlar saçları açıq vəziyyətdə çadırlarından çıxdılar. Deməli, “saçlarını açıb..” sözünün mənası budur ki, ələvi xanımlar müsibətin şiddətinə görə örtüklərinin altında hörüklərini açdılar.
Bundan sonra İmam Höccət (ə.f) xanımların halını təsvir edərək buyurur: “..Üzlərinə vura-vura, nalə ilə çağıra-çağıra (çıxdılar)”. Həqiqətən də bu ziyarətnamənin hər bir cümləsi böyük bir müsibəti anladır.. Bəzən insan bir şəxsi adi səslə çağırır, bəzən isə uca səslə. Lakin bunların heç birinə “avil” (nalə) deyilməz. “Avil” ona deyilər ki, insan ağlaya və uca səslə qışqıra. Bu o deməkdir ki, ələvi xanımlar xeymələrdən çıxıb ağlaya-ağlaya Əba Əbdillah (ə)-ın qətlgahına tərəf yüyürdülər. (Ki, xeymələrlə qətlgah arasındakı məsafə çox deyildi). Bu zaman çağıraraq belə nalə edirdilər: Va Muhəmmədah! Va Əliyyah! Va Fatimətah! Va Həsənah! Va Hüseynah! Va Cəfərah! Va Həmzətah!… Sanki hal dili ilə deyirdilər: “Ya Rəsulallah, gəl bu gün Kərbəlaya, bax gör bizə nə etdilər.. Və sən ey atacan, ya Əmirəl-möminin, gəl və halımıza bax..”.
Sonra Həzrət (ə.f) buyurur: “…(Xanımlar) sənin qətlgahına tərəf tələsdilər”. Ələvi xanımlar uşaqlı-böyüklü Seyyidüş-Şühədanın (ə) qətlgahına bir-birlərini ötə-ötə tələsdilər. Bilmirəm nə üçün tələsirdilər? Bəlkə də tələsirdilər ki, bir ləhzə də olsun Əba Əbdillah Hüseyn (ə)-ı həyatda görə bilələr.. ya da müsibətin şiddətindən qaçırdılar.. ya da başqa bir şey.
Muhəmmər Rza Şirazi, “Abaratul-İmam əl-Məhdi (ə.f)”
Tərcümə: Zuhuradogru.org