Bismillahir Rəhmanir Rəhim
Qurani-Kərimdə həzrəti Məhdi (ə)-la bağlı nazil olan ayəti-kərimələrdən biri də mübarək Nəhl surəsinin 38-ci ayəsidir. Allahu-təala buyurur: “Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit bir vəddir, lakin insanların çoxu bilmir”.
Muhəmməd ibn Yaqub öz isnadı ilə Səhldən, o Muhəmməddən, o atasından, o da Əbu Bəsirdən nəql edib deyir: Əba Əbdillah (ə)-a Allahu-təalanın bu sözü barədə (Nəhl surəsi, 38) sual etdim, həzrət buyurdu: Ey Əbu Bəsir, bu ayə barədə sən nə deyirsən? Dedim: (Ayəyə əsasən) müşriklər iddia edib Allah Rəsulu (s) üçün Allaha and içir və deyirdilər ki, Allah ölüləri diriltməyəcək. Həzrət (ə) dedi: Vay olsun bunu deyən kəsə. Görəsən müşriklər Allaha and içirdilər, ya Lat və Üzzaya? Dedim: Sizə fəda olum, elə isə onu mənə izah edin. Buyurdu: Ey Əbu Bəsir, elə ki, bizim Qaimimiz (ə) qiyam etdi, Allah bizim şiələrimizdən olan bir dəstəni dirildəcək. Onlar qılıncları bellərindən asılmış şəkildə dirilərlər. Bu xəbər sağ olan şiələrimizə çatacaq və onlar deyəcəklər: “Filankəs, filankəs… qəbirlərindən diriliblər və Qaim (ə)-ın yanındadırlar”. Sonra bu xəbər bizim düşmənlərimizə çatacaq və onlar deyəcəklər: “Ey şiələr, siz nə qədər yalançısınız? Budur, bu sizin dövlətinizdir, amma siz bu dövlətdə də yalan danışırsınız! Xeyr, Allaha and olsun ki, onlar nə bundan əvvəl yaşayıblar, nə də Qiyamətədək yaşamayacaqlar![1] Sonra imam (ə) dedi: Allah da onların bu sözünü nəql edərək deyir: “Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir!””. (Rövzətul-Kafi: s.50)
Həmçinin başqa bir hədisdə də deyilir:
“İmam (ə) dedi: Bu ayə barədə nə deyirlər? Ravi deyir, dedim: Deyirlər ki, müşriklər Allah Rəsulu (s) üçün Allaha and içir və deyirdilər ki, Allah ölüləri diriltməyəcək. İmam (ə) buyurdu: Ölsün bu sözü deyənlər, vay olsun onlara! Məgər müşriklər Allaha and içirdilər, yoxsa Lat və Üzzaya? Dedim: Sizə fəda olum, onda mənə izah edin, (doğru təfsiri) bilim. Buyurdu: Bizim Qaimimiz (ə) qiyam etdiyi zaman Allah bir dəstə şiəmizi dirildəcək və onlar qılıncları bellərindən asılmış bir şəkildə çıxacaqlar. Bu xəbər şiələrimizə çatacaq və onlar deyəcəklər: “Filankəs, filankəs… qəbirlərindən diriliblər və Qaim (ə)-ın yanındadırlar”. Sonra bu xəbər düşmənlərimizə çatacaq və onlar da deyəcəklər ki, “ey şiə camaatı, necə də yalançısınız! Budur bu sizin dövlətinizdir, amma siz o dövlətdə də yalan danışırsınız. Xeyr, Allaha and olsun ki, onlar nə bundan əvvəl yaşayıblar, nə də Qiyamətədək yaşamayacaqlar! Allah da onların bu sözlərini nəql edərək deyir: “Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir!””. (Təfsiru-Əyyaşi: c.2, səh.259)
Muhəmməd ibn Yaqub öz isnadı ilə Sirindən nəql edib deyir:
“Mən Əba Əbdillah (ə)-ın yanında idim. Həzrət (ə) mənə dedi: Camaat bu ayə barədə nə deyir (ayəti-şərifəni tilavət etdi). Dedim: Deyirlər (müşriklər deyirdilər ki) nə qiyamət var, nə diriliş var, nə də ki toplanış. Dedi: Allaha and olsun ki, yalan deyiblər. Bu ayə bizim Qaimimizin (ə) qiyam etdiyi və onunla birgə bir dəstə insanın dirildiyi zamana aiddir. O vaxt sizə müxalif olan kəslər deyəcəklər: Ey şiələr, artıq sizin dövlətiniz aşkar olub (qurulub), amma siz yalandan deyirsiniz ki, filankəslər, filankəslər dirilib. Allaha and olsun ki, elə deyil. Allah öləni (bu dünyada) diriltməz! Görmürsən ki, Allahu-təala “onlar Allaha ən ciddi anları ilə and içdilər…” deyir? Müşriklər Lat və Üzzanı ən əzəmətli hesab etdikləri üçün onları qoyub başqasına and içməzdilər. (Deməli bu ayə müşriklərə yox, bu ümmətdən olan bəzi şəxslərə aiddir.) Sonra izzət və cəlal sahibi olan Allah deyir: “Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit bir vəddir, lakin insanların çoxu bilmir. (Allah bunu) barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və küfr edənlərin yalançı olmalarını bilmələri üçün (həyata keçirəcək)!” (Təfsiru-Əyyaşi: c.2, səh.259)
Seyyid Haşim Bəhrani, “Əl-Məhəccə fima nuzilə fil-Qaimil-Huccə”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
[1] Yəni, “yalan deyirsiniz, sizin dediyiniz “filankəs”, “filankəs”, “filankəs” heç biri nə yaşayıblar, nə də yaşayacaqlar!”- Müt.