Bismillahir Rəhmanir Rəhim
Müxtəlif nəfsani xəstəliklərimizin tanınmasında istifadə olunası müəyyən vasitə və yollar:
Əql qüvvəsinin gücləndirilməsi. İnsanın mələkuti və ali mərtəbəsi onun sair məxluqlardan seçilməsinə, onun imtiyaz və üstünlüyünə səbəb olan amil Quran və hədislərdə müxtəlif adlarla qeyd olunmuşdur; ruh, qəlb, nəfs və əql. Bunların hamısı vahid bir həqiqəti ifadə edir. Lakin, müxtəlif səbəblərə görə müxtəlif cür adlandırılmışdır. Həqiqi təfəkkür və düşüncənin mənşəyi olduğuna görə əql adlandırılır.
Hədis kitablarında əqlə çox böyük imtiyaz verilir. Hətta xüsusi bir fəsil də bu məsələyə məxsus edilmişdir. Hədislərdə əql varlıqların ən şərafətlisi, təklif, savab və cəzanın mənşəyi kimi təqdim edilmişdir. Məsələn:
İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah əqli yaratdıqdan sonra ona belə buyurdu: “Gəl”. Əql itaət edib gəldi. Sonra buyurdu: “Qayıt”. Əql yenə də itaət etdi. Sonra buyurdu: “Öz izzət və cəlalıma and olsun! Səndən yaxşı və sevimli varlıq yaratmamışam. Səni yalnız sevdiyim kəslərdə kamil edərəm. Agah ol! Mənim əmr və nəhyim, savab verib, cəzalandırmağım da məhz sənə aiddir.”
İnsan məhz əqlin vasitəsilə düşünüb həqiqətləri dərk edir, yaxşı ilə pisi, faydalı şeylə zərərli şeyləri bir-birindən ayırır. Məhz əql vasitəsilə Allahı və özünü tanıyır, vəzifəsinin nə olduğunu ayırd edir. Əgər insanın əqli olmasaydı onunla sair heyvanlar arasında heç bir fərq olmazdı. Məhz buna görə də Mütəal Allah Qurani-Kərimdə təəqqül (əql işlətmə), təfəkkür (fikirləşmə) və təfəqqüh (dərrakə işə salma) barəsində təkid edir. İnsandan öz varlığı barəsində əqlini fəallaşdırmasını istəyir:
“Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə əqlinizi işə salasınız.”
“Nə üçün yer üzündə seyr etmirlər ki, onların təəqqül edə biləcək qəlbləri olsun?!”
“Allahın yanında canlıların ən pisi o kəslərdir ki, lal-kardırlar və əql qüvvəsini işlətmirlər.”
Mütəal Allah əqlə, qulağa, dilə malik olub real gerçəkliklərin, həqəqətlərin tanınmasında onlardan istifadə etməyən şəxsləri heyvanlarla bir cərgədə, hətta onlardan da alçaq səviyyədə təqdim edir. Çünki onlar öz əql qüvvələrindən istifadə etmirlər.
“Allah çirkinliyi o kəslərə aid edər ki, əql qüvvəsini işlətmirlər.”
İnsanın malik olduğu bütün yaxşılıqlar onun əqli tərəfindəndir. Əql vasitəsilə Allahı tanıyır, Ona ibadət edir, məadı qəbul edir və onun üçün hazırlaşır, peyğəmbərlərin haqq olduğunu qəbul edir və onlara itaət edir, gözəl əxlaqi səciyyələri tanıyıb, özünü onlar əsasında tərbiyələndirir, çirkin xüsusiyyətləri, rəzillikləri tanıyır və onlardan uzuq olur. Buna görə də Quran və hədislərdə əql böyük məqama layiq görülür. Nümunə üçün:
İmam Cəfər Sadiq (ə) əql barəsində soruşan bir nəfərin cavabında buyurdu: “Əql o şeydir ki, onun vasitəsilə Allaha ibadət edilir və behişt kəsb olunur.” İmam Cəfər Sadiq (ə) yenə buyurur: “Hər kəsin ağlı olsa dini vardır. Hər kəsin dini olsa behiştə daxil olar.”
Ayətullah İbrahim Əmini, Nəfsin saflaşdırılması
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.