Bismillahir Rəhmanir Rəhim
Zühurdan öncə baş verəcək qəti əlamətlərdən biri də Nəfsi-Zəkiyyənin (Muhəmməd ibn Həsənin) qətlə yetirilməsidir. Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi hadisəsi “güclü səs”dən sonra baş verəcək. Hədislərin də işarə etdiyi kimi onun öldürülməsi zühur günündən çox qısa bir müddət öncə olacaq. Belə ki, Fəzl ibn Şazan öz sənədi ilə Salehdən nəql edir ki, deyir: Əba Əbdillah (Sadiq) (ə)-ın belə buyurduğunu eşitdim: “Qaimin qiyamı ilə Nəfsi-Zəkiyyənin öldürülməsi arasında yalnızca on beş gecə fasilə olacaq”. (Biharul-Ənvar, 52/271) Bu hədisə əsasən həzrəti İmam Məhdinin (ə) qiyamından on beş gecə əvvəl Nəfsi-Zəkiyyə qətlə yetiriləcəkdir.
Nəql olunan hədislərdən belə başa düşülür ki, həzrəti Məhdi (ə) onu Məkkə əhli ilə danışıq aparmağa göndərəcək, lakin dialoq və danışıqla heç bir vəchlə uyğunlaşmayan bu insanlar onu oradaca öldürəcəklər. Əllamə Məclisi öz sənədi ilə rəvayət edir ki, Əbu Bəsir İmam Sadiq (ə)-ın uzun bir hədisdə belə buyurduğunu dedi: “…Qaim əleyhis-səlam öz əshabına deyəcək: Ay camaat, Məkkə əhli məni istəmir. Lakin mənim kimi birisi onlara höccəti tamam etməlidir deyə mən onlara (höccəti tamam etmək üçün) bir elçi göndərəcəyəm.
Bunu deyib əshabından bir nəfəri yanına çağıracaq və ona deyəcək: Məkkə camaatının yanına get və onlara de: Ey Məkkə əhli, mən filankəs tərəfindən sizə göndərilən bir elçiyəm. O sizə deyir: “Biz rəhmət əhli-beytiyik, risalət və xilafət mədəniyik, biz Muhəmmədin nəsli, peyğəmbərlərin sülaləsiyik. Həqiqətən də bizə qarşı zülm olundu, əziyyət edildi, təzyiqlər göstərildi, Peyğəmbərimizin (s) dünyadan köçdüyü gündən ta bu günədək haqqımız əlimizdən alındı. (İndi) biz sizdən kömək istəyirik, bizə kömək edin”.
Bu cavan bu sözləri deyincə onun üstünə hücum çəkib “rükn”lə “məqam” arasında başını kəsəcəklər. O, Nəfsi-Zəkiyyədir. Bu xəbər İmama (ə) çatdıqda öz əshabına deyəcək: Mən sizə deməmişdim ki, Məkkə əhli məni istəmir?
Beləcə onlar onu dəvət etməyəcəklər, o isə qiyam edib Bədr əshabının sayı qədər adamla – üç yüz on üç nəfərlə birgə Tuva keçidinə düşəcək. Sonra isə Məscidul-Harama gəlib İbrahim məqamında dörd rəkət namaz qılacaq. Arxasını qara daşa söykəyəcək. Allaha həmd-səna edib Peyğəmbər səllallahu əleyhi və alihi və səlləmi yad edəcək, ona salavat göndərəcək. Sonra isə elə bir xütbə edəcək ki, hələ heç kəs belə bir xütbə etməmişdir…” (Biharul-Ənvar52/307)
(Qeyd etmək lazımdır ki, həzrəti İmam Məhdinin (ə) iki zühuru olacaqdır. Onlardan biri “kiçik zühur”, digəri isə “böyük zühur” adlanır. Kiçik zühur Rəcəb (və ya Ramazan) ayında başlayacaq. Bu zühurdan öncə səmadan bir səs eşidiləcək. Yuxarıda da qeyd etdiyimiz kimi, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi hadisəsi də “səmavi səs”dən sonra baş verəcək. Deməli buna əsasən deyə bilərik ki, Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi “kiçik zühur”dan sonra, ikinci – Kəbədə baş verəcək “böyük zühur”dan isə öncə baş verəcək. Necə ki, ikinci hədisdə də işarə edildiyi kimi “böyük zühur” onun qətlə yetirilməsindən sonra baş tutacaq.
Eyni zamanda Nəfsi-Zəkiyyə İmamın (ə) xass yardımçılarından olduğu üçün birinci zühurdan sonra o həzrətin yanında olacaq. Həzrət onu danışıq üçün müxaliflərin yanına göndərir, lakin onlar onu qətlə yetirirlər. Bundan sonra isə İmam (ə) özü Kəbəyə gəlir və bununla da “böyük zühur” başlamış olur.-müt.)
Hədisdən göründüyü kimi o zaman İmam (ə.f) öz ata-babaları kimi davranaraq müxaliflərinə qarşı höccəti tamam edəcək. Haqqa dəvət etmək üçün onlara öz nümayəndəsini göndərəcək.Lakin onlar İmamların (ə) vaxtında olduğu kimi bu dəfə də danışıq və dialoqu rədd edəcəklər. Belə ki, Siffeyn döyüşündən qabaq Əmirəl-möminin Əli (ə) Şam qoşununu danışığa dəvət etmək üçün Səid adında bir gənci əlində Quran onlara tərəf göndərmişdi. Şamlılar isə onun sözünə məhəl qoymayaraq o cavanı şəhid etmişdilər. Eyni zamanda həzrəti Hüseyn (ə)-da Aşura günündən öncə, həmçinin, Aşura günündə düşmən qoşununa xəbər göndərərək onları danışığa dəvət etmişdi.
Bütün bunlar onu göstərir ki, Nəfsi-Zəkiyyə Əhli-beyt (ə)-ın tutduğu danışıq və mülayimlik yolunu, onun qətlə yetirilməsi isə düşmənlərin tutduqları şiddət və qan tökmə yolunu təmsil edir.
Seyyid Muhəmməd Əli Həlv,“Əlamatuz-zuhur”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.