Mütləq İlahi hökmranlığın zühuru

Bismillahir Rəhmanir Rəhim

Qiyamət aləmində bütün həqiqətlər aşkar olar. İlahi hökumət və səltənət tam mənada zühur edər. Varlıqlar elə bir heybət və əzəmət görərlər ki, heç kəs ucadan bir söz danışmaq qüdrətinə malik olmaz. Və hər kəs öz taleyinin fikrində olar aqibətinin nə ilə qurtaracağı barədə fikirləşər. Hətta, bir ata-anadan olan övladlar, qohum-əqrəbalar və yaxın adamlar bir-birindən qaçar. Ümumiyyətlə, səbəblər və qohumluq əlaqələri bir-birindən ayrılar. Dünyəvi və şeytani meyarlar və mənafelər əsasında olan dostluqlar düşmənçiliyə çevrilər. Keçmiş günah əməllərindən yaranan təəssüf və peşmançılıq qəlbləri bürüyər.

 İlahi Ədalət məhkəməsi

Bu zaman ilahi ədalət məhkəməsi təşkil olunar və bütün bəndələrin əməlləri hazır edilər.  Nameyi-əməllər (əməl dəftərləri) paylanar.  Qiyamət gününün xüsusiyyətlərindən biri də budur ki, hər bir işi həmin işi görənə aid edilməsi o qədər açıq-aşkar məlum olur ki, artıq bir kəsdən “nə etmisən?” – deyə soruşmağa heç bir ehtiyac qalmır.

Bu məhkəmədə Allahın mələkləri, peyğəmbərlər və seçilmiş insanlar şahidlik edərlər. Hətta, insanın əli, ayaqları və dərisi belə şəhadət verər. Bütün insanların əməllərinin hesabı diqqətlə araşdırılar və ilahi mizanla ölçülər. Onların barəsində ədalətli hökm çıxarılar və hər kəs özünün dünyadakı fəaliyyət və əməllərinin nəticəsini görər. Yaxşı əməl sahiblərinə əməllərinin on qat arıq mükafatı verilər və heç kəs başqasının günahlarına görə cəzalandırılmaz. Başqalarını haqq yoldan azdıran şəxslərə gəldikdə isə, onları öz günahlarından əlavə, aldadıb azdırdıqları şəxslərin də günahlarına görə də məhkum edərlər. Heç kəsdən fidyə (əvəz) qəbul olunmaz. Heç bir şəxsin şəfaət və vasitəçiliyi qəbul edilməz. Yalnız o şəxslərin şəfaəti qəbul olunar ki, Mütəal Allah tərəfindən onlara icazə verilmiş olsun və onlar da məhz Allahın razı olduğu meyarlar əsasında şəfaət edərlər.

Əbədi iqamətgaha doğru

Daha sonra Allahın hökmü elan edilər. Yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən ayrılar: möminlər üzüağ, şad və gülər üzlə behiştə tərəf, kafirlər və münafiqlər isə üzüqara, qəmgin, zillət və xarlıqla cəhənnəmə yola salınar. Bütün insanlar cəhənnəmdən keçirilər, bu zaman möminlərin siması nur saçar və onların yollarını işıqlandırar, kafirlər və münafiqlər isə qaranlıqda, mütləq zülmətdə qalarlar.

Dünyada möminlərlə qaynayıb-qarışan münafiqlər onları çağırıb “Üzünüzü bizə tərəf döndərin, sizin nurunuzdan istifadə edək!” – deyərlər, amma belə cavab eşidərlər: “Nur kəsb etmək üçün arxaya (dünyaya) qayıdın!” Daha sonra deyərlər: “Məgər dünyada biz sizinlə deyildikmi?” Belə cavab eşidərlər: “Əlbəttə ki, zahirdə bizimlə idiniz, lakin özünüzü giriftar etdiniz və qəlbləriniz şəkkə, tərəddüdə və qəsavətə düçar oldu. Bu gün işiniz bitmişdir, sizdən və kafirlərdən heç bir əvəz qəbul edilməz.” Nəhayət, kafirlər və münafiqlər cəhənnəm oduna tökülər.

Möminlər behiştə yaxınlaşan zaman onun qapıları açılar və Allahın rəhmət mələkləri onların pişvazına çıxar, salam və ehtiramla onlara əbədi səadət müjdəsi verərlər. Digər tərəfdən kafirlər və münafiqlər cəhənnəmə çatdıqda onun qapıları açılar, əzab mələkləri kobudluqla onları danlayar və onlara əbədi əzab vədəsi verərlər.

 

Ustad Misbah Yəzdi, Əqidə üsullarının təlimi 2 

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment