Mürabitə, müraqibə, mühasibə və müaqibə

 Bismillahir Rəhmanir Rəhim

Mürabitə

Mürabitə Allah yolçusunun qət edəcəyi ən əsas yoldur. Bu yolu keçmədən heç bir kəs təkamülə yetişə bilməz. Mürabitə leksik mənaca “bir-birinə birləşmə” mənasını verib, əxlaq elmində isə “özünə birləşmə” mənasında işlənərək özünü qorumaq və həmişə özündən nigaran halda olmaq deməkdir.

Mürabitə dörd mərhələyə bölünür:

1) Müşaritə (özü ilə şərtkəsmə, sözvermə)

2) Müraqibə (özünüqoruma)

3) Mühasibə (özü ilə hesablaşma)

4) Müaqibə (özünütənqid)

Müşaritə insanın dini vəzifələri və məsuliyyətləri yerinə yetirməsində heç bir şeyi əsirgəməyəcəyi və müqəddəs şəriət qanunlarını pozmayacağı haqda özü-özünə söz verməsidir. İnsan xeyir işlərdə çalışıb qəbih əməllərdən çəkinsin deyə, özü-özü ilə belə əhd bağlayır. Bu əhd-peyman o zaman təsirli olur ki, insan ruhunda adətə çevrilib möhkəmlənənədək hər gün təzələnsin. Müşaritə üçün ən gözəl vaxt sübh namazından sonrakı vaxtdır, çünki bu vaxt insan qəlbi səfalı və təmiz olur.

Mürabitənin qaydası

Mürabitə mərhələsində əlimizin dünyadan üzülüb həsrətlə barmağımızı dişimizə tutaraq “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, «Quran»a, Peyğəmbərə və möminlərə) istehza edirdim!” – deyə peşman olacağımız günü yada salmaq münasib olardı. Bu mərhələdə dünyaya qayıtmaq arzusunda olduğumuz və yalvararaq “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm…” – deyəcəyimiz günü xatırlayaq. Bizə cavab verirlər ki, bu əsla olan iş deyil. “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!” kəlməsini çox deyəcəyik, amma bir faydası olmayacaq…

Demək, indi nə qədər fürsət vardır, bu qiymətli ömrümüzün bihudə keçməməsi üçün özümüzə söz verək. Onun bütün dəqiqə və anlarından düzgün istifadə edək. İndi isə vaxtın əhəmiyyətini daha yaxşı başa düşməyimiz üçün belə bir hədisi burada qeyd edirik:

Allah-təala bir gündə (gecə-gündüzdə) hər biri bir saatın müqabilində olan iyirmi dörd xəzinə yerləşdirmişdir. Bu xəzinələr insan ömrünün bütün saatları ilə bərabər halda tərtib olunub, hər bir saatın əməli özünəməxsus xəzinəyə yığılır. İnsan bu dünyadan köçəndən sonra bu xəzinələr açılır və insan öz əməllərini müşahidə edir. Deməli, əgər insan bir xəzinəni yaxşılıqların nuru ilə dolu görərsə, çox sevinər. Əgər onun sevincini bütün cəhənnəm əhlinə bəxş etsələr, onların hamısı bundan məst olub öz əzab-əziyyətini unudar. Yox əgər xəzinəni günahla dolu, qaralmış görərsə, buna narahat olar. Əgər onun bu narahatçılığını behişt əhli arasında bölsələr, behişt əhli də narahat olar. Əgər istirahət, qəflət və mübah əməllərlə dolu olan saatların xəzinələrini onun qarşısında açarlarsa, içində heç bir sevindirici bir şey görməyib peşmançılıqdan barmağını dişləyər. Çünki öz şirin ömrünün bir hissəsini bihudə işlərə sərf edib bu qiymətli sərmayədən faydalanmamış və öz həvayi-nəfsinə (ehtirasına, şəhvətinə) aldanmışdır.

Yaxşı olardı ki, Allah bəndəsi hər sübh bu hədisi xatırlayıb ömrünün hədər getməməsi üçün özü ilə hesablaşsın. Daha yaxşısı budur ki, insan hər sübh “əsr” surəsini oxuyub mənasını düşünsün. Düşünsün ki, Allah-təala necə də «Əsr»də and içib buyurur: “Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa bütün insanlar ziyandadırlar.” Yəni təkcə həyatın bu qiymətli sərmayəsini imanla, saleh əməllərlə, bir-birinə haqqı və səbri tövsiyə etməklə ötürən şəxslər doğru yoldadırlar, qalanları isə yolunu azanlar və ziyanda olanlardır.

Maraqlı bir mətləb

“Xüsran” sözünün lüğəvi mənası əsl sərmayənin məhv olmasına səbəb olan ziyana deyilir. Elə bil, insan ömrü günəşin yandırıcı şüaları altında tez əriyib suya dönən qardır. Yalnız aralarındakı fərq bundan ibarətdir ki, suya dönmüş qarın damcıları yerdə qalır, amma insan ömrünün anları bir saniyə də olsun belə, geri qayıtmır.

Buna əsasən, əgər bir kəs bir an belə qafil olarsa, elə həmin miqdarda da əbədi ziyana uğrayar. İnsanın gələcəkdə öz ömründən layiqincə istifadə etmək bacarığını fərz etsək belə, şübhəsiz, yenə də o keçmişi haqda aldadılmışdır. Çünki hər bir qabın özünəməxsus bir tutumda həcmi və hər bir anın öz hökmü vardır. Keçmişi bu məhdud zamanda heç yerləşdirmək olarmı? Bu, yalnız Allahın xüsusi mərhəməti əta olunmuş şəxslərə aiddir. Tutaq ki, tövbə edib sidq ürəklə Allaha tərəf qayıtdıq. Lakin tövbənin bağışlanmaqdan başqa bir təsiri yoxdur. Tövbə və istiğfar ilkin mərhələdə məqamın ucalmasına yox, yalnız əzabın aradan qaldırılmasına səbəb olur. Başqa bir sözlə desək, tövbə iftixar etmək üçün yox, cəhənnəm əzabını dəf etmək üçündür. Xoş o adamların halına ki, bütün anlardan və imkanlardan bol-bol faydalanır, hətta öz istirahət vaxtlarını elə tənzimləyirlər ki, yuxuları ibadət, nəfəsləri isə zikr hesab olunur. Peyğəmbər(s) mübarək Ramazan ayının oruc tutanları haqda buyurur: “…. Bu ayda yuxunuz ibadət, nəfəsləriniz isə zikr kimi hesab olunaraq əməlləriniz qəbul olunur.”

Allah bəndələrindən yalnız bir dəstəsi ötüb-keçmişlərin yerini doldura bilərlər. Onlar Allah yolunun mücahidləridir, yəni onlar Allah yolunda şəhadətə yetməyi və özlərini təhlükəyə atmağı seçənlərdir. Çünki Allah yolunda şəhid olmaq Allaha tərəf ali dərəcələrə yetişmək üçün bir nərdivandır. Bu yolu seçən dəstə bağışlanmaqdan əlavə ötən çatışmamazlıqların yerini də doldurur, bir gecəlik fədakarlıqla və canından keçməklə yüz illik yolu bir anda qət edir, yəni var qüvvə ilə hər nə varsa, əmələ çevrilib Allah-təalanın dərgahına tələsir və orada bir dəstə himayəçinin müşayiəti ilə əbədi həyat, daimi ziyafətlə iftixar edir.

Amma başqa adamların da tövbə və istiğfar vasitəsilə keçmişdə buraxdıqları səhvlərin əvəzinin tamamilə verilməsini isə Allah bilir. Müəllifin nəzərincə, belə bir müvəffəqiyyətin hamıya nəsib olması çox çətin bir məsələdir.

Ayə və rəvayətlərdən tövbə etməkdən əlavə Allahın mərhəməti və günahların yaxşı əməllərə çevrilməsi də başa düşülür. Allah-təala «Furqan» surəsinin yetmişinci ayəsində buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər…”

Buna əsasən demək olar ki, tövbəkarlar öz tövbələri vasitəsilə keçmişdə buraxdıqları səhvləri ödəmək üçün ümidvar ola bilərlər. Bəzi müfəssirlər (təfsir alimləri) buyurmuşlar ki, ayənin zahiri mənasından Allah-təalanın tövbə vasitəsilə keçmişlərin əvəzini ödəyərək qaranlıqları işıqlığa çevirməsi başa düşülür, yəni keçmişdəki pis əməllər pozulub, yerinə yaxşı əməllər yazılır. Lakin təfsirçilərdən bəziləri də belə yazılır: “Allah-təala tövbəkarı tövbə edəndən sonra çirkin əməllərdən qoruyub bir daha günaha qayıtmamaq üçün yaxşı əməllər görməyə müvəffəq edir.” Onların bir qismi belə düşünür ki, ayədəki “səyyiat” (günahlar) sözünün işlədilməsindən məqsəd tövbədən sonra yaxşı əməllərə çevrilən kiçik günahlardır, ancaq böyük günahlar isə tövbədən sonra bağışlanıb əfv olunur. Əllamə Təbatəbai bu ayənin təfsiri barədə müfəssirlərin rəylərini söylədikdən sonra günahların xeyir əməllərə çevrilməsi məsələsinə dair onların bir qisminin nəzəriyyəsini qəbul edir. O, bu qənaətə gəlir ki, ayə və rəvayətlər zahirdə tövbəkar şəxsin bəd əməllərinin saleh əməllərə çevrilməsini göstərir. Ayəni şərh edərkən belə bir nəzəriyyə söyləyir: “Günahın iki cəhəti vardır: baqi və fani. Onun fani cəhəti günaha batarkən insandan baş verib tez də yox olan əməllərdir. Günahın baqi cəhəti isə insanın bağlandığı günahın insan ruhuna göstərdiyi pis təsirləridir. İnsan tövbə edən zaman tövbənin qəbul olunması ilə bütün bu təsirlər yox olur, yəni bədbəxtlik səadətə, zülmət nura çevrilir, çünki insan saflaşmayınca tövbəsi qəbul olunmaz. İmam Baqir(ə) buyurur: “Tövbəkar günahsız kimidir.”

Belə bir nəticəyə gəlirik ki, tövbə Allah-təalanın mərhəmətindən əlavə paklıq, ucalıq mənbəyi, insan qəlbində şölənən ilahi nurdur, çünki o, günahları saleh əməllərə çevirir.”

Lakin bu nəzəriyyəni (günahların yaxşı əməllərə çevrilməsi) qəbul etməklə belə keçmişlərin əvəzinin ödənilməsi məsələsi yenə də problem olaraq öz həllini tapa bilmir. Çünki bəhsimiz təkcə günah barədə deyil ki, tövbə ilə də həll olunsun. İnsan ömrünün hər dəqiqəsi, hər anı qiymətlidir. Əgər ondan istifadə olunmasa, insan heç vaxt düzəlməyən əbədi bir ziyana düşəcəkdir. Allah-təala bu ayədə keçmiş günahların ödənilməsini də vədə verməmişdir. Ömrümüzün hədər getmiş saatları bir daha qayıtmayacaqdır. Deməli, yuxarıda qeyd etdiyimiz kimi, çalışaq ömrümüzün hər bir dəqiqəsindən, hər bir anından düzgün istifadə edək. Çünki gələcək, ümumiyyətlə, keçmişə zəmanət verə bilməz, ona görə ki heç bir qab öz tutumundan artığına qadir deyildir.

Demək, xoş o adamların halına ki, öz ömürlərinin bütün anlarından əlverişli istifadə edir, hətta özünün istirahət vaxtlarını elə tənzimləyir ki, yuxuları ibadət, nəfəsləri isə zikr kimi hesab olunur. Həzrət Əli(ə) buyurur: “Qoçaqların yuxusu və iftarı nə gözəldir.”

Yəni qoçaq adamların yeməyi də, yatmağı da dəqiqliklədir. Allah üçün yatırlar və Allah üçün də yemək yeyirlər. Onların nahar və yuxusu yenidən qüvvə toplayıb Allah və bəndələrinə xidmət etmək üçündür. Belələri heç bir işi həvayi-həvəs üzündən yerinə yetirmirlər.

Ardı var…

Ayətullah Məhəmmədrza Məhdəvi Kəni  : İslamda Əxlaq 2-cild

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment