Bismillahir Rəhmanir Rəhim
Böyük qeyb dövründə İmam Məhdi (ə.f)-ı gözləyənlərin bir sıra xüsusiyyətlərə sahib olması onların vəzifəsidir. Bu yazımızda belə xüsusiyyətlərdən ikisini qısaca da olsa izah etməyə çalışacağıq.
Birinci xüsusiyyət bundan ibarətdir ki, müntəzir olan şəxs İmama (ə.f) xidmət göstərmək üçün səy etməlidir.
Qeyb dövründə Hz.Məhdi (ə.f)-ə xidmət etmək dedikdə o həzrət və pak ata-babaları (ə) tərəfindən gəlib çatan əmr və göstərişlərə tabe olmaq və İmama (ə.f) yardım sayıla biləcək hər hansısa bir işi görmək nəzərdə tutulur.
Diqqət etmək lazımdır ki, “xidmət” “yardım”dan daha xüsusi bir mənaya malikdir. Belə ki, “xidmət”in daxilində nəfsin Mövla qarşısında təslimçiliyi və zəlilliyi mənası gizlənib. Xadim olan kəs, elə əsl həqiqətdə yardımçıdır. Lakin “yardım”-da tam olaraq bu məna mövcud deyil. Bu baxımdan ki, bir şəxsə yardım etmək həmin şəxsin qarşısında təslimçilik və zəlillik edilməsi anlamına gəlmir; güclünün zəifə yardım etməsi, Allahın möminlərə yardım etməsi buna misal ola bilər.
İmam Sadiqdən (ə) nəql edilən bir hədisi şərifdə həzrətin belə buyurduğu gəlmişdir: “Əgər onun (İmam Məhdinin (ə)) zamanında yaşasaydım bütün ömrümü ona xidmət etməklə keçirərdim”. (Ğeybət, Numani, s.245)
“Mikyalul-məkarim” kitabının müəllifi deyir: “Bu kəlam barəsində diqqətlə düşün ey düşüncə sahibi olan əziz. Deyə bilərsənmi ki, burada şişirtmə və ya həqiqətə xilaf olan bir şey var? Haşa, heç vaxt! Əksinə, bu söz məhz həqiqətin özüdür. Bu söz bir çox incə məqamlara işarə edir. Bunlardan biri Qaim əleyhis-səlamın üstünlük və fəzilətidir. Həmçinin bu kəlamda ona (ə.f) xidmət etməyin əməllərin ən üstünü və itaətlərin ən yaxşısı olmasına işarə vardır. Çünki bütün ömrünü Allaha itaətdə keçirib gecə-gündüz Ona ibadət edən İmam Sadiq (ə) kimi bir şəxs buyurur ki, əgər Qaim əleyhis-səlamın zamanında yaşasaydım bütün ömrümü ona xidmətlə keçirərdim…” (Mikyalul-məkarim, 2/201)
Müntəzirin sahib olması gərəkən xüsusiyyətlərdən ikincisi də insanları həzrəti Məhdiyə (ə.f) tərəf dəvət etməkdir.
Heç şübhəsiz ki, o həzrətə (ə) tərəf dəvət edib onu (ə) insanlara tanıtmaq ən mühüm işlərdən hesab edilir. Allahu-təala buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl (və ibrətamiz) nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et”. (Nəhl surəsi, 125) Ümumən Əhli-beyt (ə), xüsusən də İmam Məhdi (ə.f) zəmanənin imamları və itaəti vacib olan rəhbərlər olduğu üçün onların əmr və göstərişləri elə ”Allaha aparan yol” sayılır. Buna bir sıra hədislər və ziyarətnamələr də işarə etmişdir: “Sizsiniz ən doğru olan yol” (Ziyarət-camiə), “haradadır “yol”dan sonra gələn “yol”?” (Nüdbə duası). (Buna görə də insanları “Allahın yolu” olan Əhli-beytə (ə) və İmam Məhdiyə (ə.f) tərəf dəvət etmək hamımızın vəzifəsidir.)
Buna əsasən, ayeyi-şərifə nəzər saldığımız zaman İmam Məhdiyə (ə.f) tərəf dəvət etməyin dörd yolu olduğunu görürük:
1-Nəzəri hikmətlə. Belə ki, əqli və nəqli dəlillər vasitəsilə insanlara izah edilməlidir ki, (hər bir zamanda) bəndələr üzərinə Allah tərəfindən təyin edilən ilahi bir höccət vardır.
2-Əməli hikmətlə. Bu o deməkdir ki, müntəzir özünü ruhi cəhətdən paklayaraq öz əməlləri və davranışı ilə insanları İmam Məhdiyə (ə.f) tərəf dəvət etməlidir. Belə ki, bu mənanı təsdiq edən bir çox hədislər gəlmişdir və belə hədislərdən biri də İmam Sadiq (ə)-dan nəql edilən bu hədisdir: “İnsanları dillərinizdən başqa bir şeylə (- əməllərinizlə) dəvət edin”. (Kafi, 2/78, bab “vərə`”, hədis 14)
3-Gözəl nəsihətlə. Bu, insanlara öz imamlarının (ə.f) məqamını, mənzilətini, onlar üzərindəki haqqını başa salmaqla, onlara o həzrətin (ə.f) yolu ilə getməyin nə qədər savaba malik olduğunu, qeybdə olan İmamı (ə.f) gözləyən müntəzirin hansı uca məqama sahib olduğunu xatırlatmaqla, həmçinin onları İmamı (ə.f) razı sala biləcək işlər görməyə həvəsləndirmək, onun bəyənmədiyi və razı olmadığı işləri görməkdən çəkindirməklə baş tutur.
4-Ən gözəl tərzdə bəhs etməklə. Bu isə o deməkdir ki, həqiqi müntəzir intizar əqidəsinə sahib olmayan kəslərə bu əqidəni heç bir şiddət, təzyiq və sərtlik olmadan, mərhələli və tədrici bir şəkildə məntiqi və ruhi dəlillərlə aşılamalıdır.
Seyyid Muhəmməd Qubanci, “Səqafətul-intizar”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Allah butun wiyeleri muveffeq elesin.