Bismillahir Rəhmanir Rəhim
Həzrəti İmam Məhdinin (ə.f) zühurunu gözləyən şəxslər bir sıra xüsusiyyətlərə və etiqadlara sahib olmalıdır. Biz bu etiqadları qısaca olaraq aşağıdakı kimi quruplaşdıra bilərik:
-Müntəzir olan şəxs ilk növbədə hər şeyi bilən, hikmət sahibi və bəndələrinə qarşı mehriban olan bir ilahın varlığına iman gətirməlidir. O etiqad etməlidir ki, Allahu-təala heç bir işi məsləhət və hikmətsiz görmür;
-Belə bir şəxs Allah tərəfindən bəndələrin hidayəti və zülmətlərdən nura çıxarılmaları üçün peyğəmbərlər və elçilər göndərildiyinə etiqad etməlidir;
-Belə bir şəxs peyğəmbərlərin sonuncusunun Muhəmməd səllallahu əleyhi və alihi və səlləm olduğuna iman etməli, onun (s) şəriətinin bütün şəriətlərin sonuncusu olduğuna və ondan başqa din olmadığına etiqad etməlidir. “Kim İslamdan qeyri (başqa) bir dinə tabe olarsa, bu (din) ondan qəbul edilməyəcək”. (Ali İmran surəsi, 85);
-Belə bir şəxs Allah Rəsulundan (s) sonra vəsilərin və xəlifələrin olduğuna inanmalıdır. Onların Allah tərəfindən seçilib təyin edildiklərinə, heç bir bəşər övladının bu seçimə dəxaləti olmadığına, hətta Allah Rəsulunun (s) belə bu təyin etmədə rolu olmadığına iman etməlidir. Onlar on iki nəfərdən ibarət olan pak İmamlardır (ə). Onların birincisi Əmirəl-möminin Əli ibni Əbi Talibdir; sonra, həzrəti Həsən (ə), sonra həzrəti Hüseyn (ə), sonra isə həzrəti Hüseynin (ə) zürriyyəsindən olan doqquz nəfər şəxslərdir. Onların sonuncusu Muhəmməd ibnil-Həsəni Əsgəri əleyhis-səlamdır. Allah onları hər cür pislik və çirkinliklərdən arındırmışdır. Özü də təkcə günah etmə və ya ilahi vəzifəni təbliğ etmə sahəsində deyil, unutmaq, səhv etmək və s. digər bütün nöqsanlı və qəbahətli işlərdən də qorumuşdur;
-Belə bir şəxs həzrəti Məhdinin (ə.f) 255-ci hicri ilində dünyaya gəlməsinə və 260-cı hicri ilində atasının şəhadətə çatdığı gündə imamətə çatmasına etiqad bəsləməlidir. O iman gətirməlidir ki: o həzrət (ə.f) Allahın yer üzündə höccətidir, sağdır və bizim aramızda mövcuddur, bizi görür, bəzən də biz onu görürük, lakin tanımırıq;
-Belə bir şəxs inanmalıdır ki, Allahu-təala bizdən gizli qalan bir hikmət və məsləhət səbəbilə on ikinci imam həzrət Məhdi əleyhis-səlamı bəndələrdən gizlətmişdir. O həzrət daha sonra zühur edib yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və düzlüklə dolduracaq;
-O etiqad etməlidir ki, həzrəti Məhdi (ə) bizim işlərimizin həqiqətindən və əməllərimizin gizli tərəflərindən – Allahu-təalanın iznilə − xəbərdardır;
-Etiqad etməlidir ki:
O həzrət bizim sözümüzü eşidir və salamımıza cavab verir;
O həzrət bizim çağırışlarımıza cavab verir, ondan istədiyimiz zaman bizim üçün şəfaət edir;
O həzrət bizim ağrı-acılarımızı duyur, bizim sevincimizə sevinir, bizim kədərimizə kədərlənir və başımıza gələn bəlalara görə narahat olur…
Seyyid Muhəmməd Qubanci, “Əl-muntəzər vəl-muntəzir”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.