Bismillahir rəhmanir rəhim
İmam Zaman (ə)-dan nəql edilən duaların birində həzrət (ə) tərəfdən qeyb dövründə cəmiyyətin fərdlərinin sahib olması lazım olan bəzi xüsusiyyətlər açıqlanmışdır. Duada gənclər barəsində deyilir:
“İlahi, cavanlarımıza Sənə doğru gəlmək və tövbə nəsib et” (Misbah, Kəf`əmi, səh.281)
Gənclər cəmiyyətin əvvəla sərmayəsi, ikinci olaraq isə gələcəyidirlər. Onların düzgün dini maarifin yayılmasında böyük rolları vardır. Belə bir önəmə və mövqeyə sahib olan bu dəstənin ruhi bəlaların və şeytani vəsvəsələrin toruna düşməkdən çəkinmələri gərəkdir. Gənclərdə olan canlılıq və yüksək fəallıq onları ən yüksək maddi və mənəvi məqamlara çatdıra bilər. Lakin əgər onlar əqlin məsləhətlərinə boyun əyməsələr, o zaman fəsad bataqlığına düşərlər. Bu şəkildə gücləri zay olar, sahib olduqları mələkələr hədər gedər.
Gənclərin Allahu-təala ilə olan daimi irtibatları və əməllərinə olan daimi müraqibələri gənclik nemətinin qorunmasının (əldə saxlanılmasının) ən yaxşı yoludur. Bu duanın bəndlərində müntəzir cavanların xüsusiyyətləri ilə bağlı gələn sözlər bu ilahi nemətin qorunmasına səbəb olan ən yaxşı yolları açıqlamışdır:
1-“İnabət”- Bu, Allahdan qeyrisindən ehtiyacsız olmaq və tam olaraq Ona yönəlmək deməkdir. Müntəzir cavanlar gərək nəfsin təhzibi və təmizlənməsi silahı ilə silahlansınlar. Belə ki, bununla fikirlərini və meyillərini Allahdan başqasına bağlanmaqdan təmizləsinlər və həqiqi məqsədə çatdırmayan şeylərdən uzaqlaşsınlar. Beləcə üzlərini tam ixlasla Allahu-təalaya çevirsinlər.
2-“Tövbə”-Gənclərin çoşğun təbiətləri və fəal ruhiyyələri şeytanın torlarına və günah bataqlığına düşmək üçün zəminədir. Buna əsasən də müntəzir cavanlar gərək daimi şəkildə öz əməl və düşüncələrinə müraqib olsunlar. Əgərə qəflət səbəbindən günaha mürtəkib olsalar, Allahu-təalaya yönəlib ruhlarını sonsuz ilahi rəhmət dənizinə qərq etsinlər və günahlarını tövbə suyu ilə yusunlar. Beləliklə iblisin hiylələrinin çirkinliklərindən təmizlənsinlər.
Onu da qeyd etmək lazımdır ki, inabət və tövbə hər nə qədər cəmiyyətin digər təbəqələri üçün də zəruri olsa da, gənclik mərhələsində bu iki məsələyə daha çox diqqət yetirmək tələb olunur.
Ayətullah Cavadi Amuli, “əl-İmamul-Məhdi, əl-məvcudul-məvud”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.