Bismillahir Rəhmanir Rəhim
Mühəddislərin şeyxi Şeyx Səduq (r.ə)-in qələmə aldığı ən mühüm əsərlərdən biri həzrəti Sahibəl-əsr Məhdi (ə) barədə yazdığı “Kəmalud-din və təmamun-nimə” kitabıdır. Burada Şeyx, ismət Əhli-beytindən (ə) varid olan hədis və rəvayətlər işığında həzrəti İmam (ə)-ın gizli və örtülü şəkildə həyatını davam etdirdiyini isbatlamış, bu barədə mövcud olan şübhə və məsələləri müzakirə edərək həll etmişdir. Bu böyük alim və şiə mərcəsinin -adı çəkilən kitabda- buyurduğu bir kəlamdan belə başa düşülür ki, bu kitab həzrəti Höccət (ə)-dan sadir olan bir göstəriş səbəbilə qələmə alınmışdır. Mərhum Şeyx (r.ə) kitabın müqəddiməsində onu bu işə sövq edən səbəb barədə yazır: “Məni bu kitabı yazmağa sövq edən səbəb budur: Mən Əli ibni Musər-Riza əleyhis-səlamı ziyarət etməklə bağlı arzumu həyata keçirdikdən (həzrətin (ə) hərəmini ziyarət etdikdən) sonra Nişapura qayıdıb orada qaldım. Gördüm ki, mənə baş çəkən şiələrin əksəriyyəti qeybət (İmamın (ə.f) qeybə çəkilməsi) səbəbindən sərgərdan qalıb, Qaim əleyhis-səlam barədə şübhəyə düşüb və təslimçilik yolunu rəy və qiyasa dəyişib. Bu səbəbdən də bütün səyimi ortaya qoyub bu məsələ barəsində Peyğəmbər və İmamlardan (salavatullahi əleyhim) gəlib çatan hədislər vasitəsilə onları haqqa yönləndirməyə və doğru yola qaytarmağa başladım. Bir gün fəzilət, elm və düşüncə əhli olan bir Şeyx Buxaradan bizə Qum şəhərinə (qonaq) gəldi. Dininə, doğru fikrinə və doğru yolda olmasına görə tez-tez onunla görüşüb baş çəkirdim. O şeyx Nəcməddin Əbu Səid Muhəmməd ibn Həsən Muhəmməd ibn Əhməd ibn Əli ibn Səlt Qummi idi -Allah tövfiqini davamlı etsin. Atam onun babası Muhəmməd ibn Əhməd ibn Əli ibn Səltdən –qəddəsallahu sirrəh- danışar, onun elmini, əməlini, zöhdünü, fəzilətini və ibadətini tərifləyərdi. Əhməd ibn Muhəmməd ibn İsa onun fəziləti və ucalığı barədə Əbi Talib Abdullah ibn Əbi Səlt Qummidən –Allah ondan razı olsun- nəql edərdi.. Mənə belə bir uca ailənin üzvü olan bu Şeyxlə görüşmək nəsib etdiyinə, onun dostluğunu, məhəbbət və səmimiyyətini mənə əta etdiyinə görə şəni uca olan Allaha şükr etdim. Bir gün mənimlə söhbət edən zaman dedi ki, Buxarada fəlsəfə və məntiq alimlərindən olan böyük bir şəxslə görüşüb. O şəxs həzrəti Qaimin (əleyhis-səlam) qeybə çəkilməsinin uzunluğu və xəbərinin kəsilməsi məsələsində onu şəkkə və heyrətə salıb. Mən onun üçün həzrətin (əleyhis-səlam) həyatda olmasının isbatı barədə bir neçə məqam qeyd edib Peyğəmbər və İmamlardan (əleyhimus-səlam) qeybətlə bağlı bir sıra hədislər nəql etdim və bu hədislərlə onun qəlbini aram etdim. Bununla onun qəlbinə daxil olan şəkk və şübhə aradan qalxdı. Deyilən səhih hədisləri dinləyib təslimçiliklə qəbul etdi. Məndən bu barədə bir kitab yazmağımı istədi. Xahişinə müsbət cavab verib istədiyini –Allah nəsib edərsə- yaşadığım yer və vətənim olan Reyə qayıtdıqdan sonra edəcəyimi bildirdim.
Bir gecə arxamca qoyub gedəcəyim əhli-əyal, övladlar, qardaşlar və nemətlər barədə düşündüyüm zaman məni yuxu tutdu. Gördüm ki, sanki Məkkədə Beytullahi-Həramdayam və yeddinci təvafı edirəm. Qara daşın yanına gəlib onu öpürəm və deyirəm: “Əmanətimi əda etdim, əhdimi yerinə yetirdim ki, qiyamət günü mənim üçün şəhadət verəsən”. Bu zaman mövlamız Sahibəz-zəmanı –səlavatullahi əleyh- Kəbənin qapısında dayandığını görürəm.
Fikirli halda həzrətə yaxınlaşdım. Həzrət (ə) diqqətlə üzümə baxıb ürəyimdən keçəni başa düşdü. Həzrətə (ə) salam verdim və o da salamımın cavabını verib dedi: “Nə üçün qeybətlə bağlı bir kitab yazmırsan ki, səni bu fikirdən qurtarsın?” Dedim: Ey Allah Rəsulunun övladı, qeybətlə bağlı bir neçə şey yazmışam. Buyurdu (ə): “Elə demirəm, sənə tapşırıram ki, qeybətlə bağlı bir kitab yazasan və orada Peyğəmbərlərin (ə) qeybə çəkilmələrini qeyd edəsən”.
Sonra həzrət -səlavatullahi əleyh- getdi və mən də hövlank halda yuxudan oyandım. Sübh azanına qədər göz yaşı, qüssə və ahnalə edərək dua etdim. Səhər olunca Allahın Vəlisi və Höccətinin əmrini yerinə yetirərək bu kitabı yazmağa başladım. Onun yazılmasında Allahdan kömək diləyir, Ona təvəkkül edir və nöqsanlarıma görə Ondan bağışlanma diləyirəm. Müvəffəqiyyətim Allahdandır, Ona arxalandım və Ona tərəf qayıdıram!” (Kəmaluddin, Şeyx Səduq, c.1/səh 2-3)
Əli Əl-Cuhrəmi, “Riayətul-İmamil-Məhdi (ə)”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.