Mehdiyi-Müntəzər (5)

Bismillahir rəhmanir rəhim

Mehdi (ə.c) yer üzündə zəif insanlara, təkəbbürlü və şərr insanlara qarşı nüsrət verəcəkdir. Görəsən, o şər insanlardan, münafiqləri O Həzrətə qarşı yönəltməkdən, ya sultanların vaizlərini, zəlalətin başçılarını O Həzrətə qarşı təhrik etməkdən başqa nə gözləmək olar?!

Hazırkı zamanda küfr və fisqi ilə məşhur olan İraq hakimlərinin milyonlarla müsəlmanları aldatmaları deyilənlərə misaldır. Belə ki, bu şəxsiyyətlər zahirdə özlərini müsəlman kimi tanıtmaqla kafir və müşriklərə qarşı cihad e’lan etdilər. Bununla zavallı müsəlmanlar o küfr insanlara inandılar. Belə misallar ona işarə edir ki, əgər daha dəhşətli hadisələr baş verərsə, müsəlmanlar daha da pis vəziyyətdə qalacaqlar.

Rəsuləllah (s) hələ o dövrdə ikən, belə hadisələr baş verdiyi zaman nicat yolunu göstərmişdir. Bu nicat yolu Qur’an və Əhli-Beytə (ə) söykənməkdir. (Bunun mə’nası 1-ci fəsildə izah olunmuşdur).

Huzeyfə ibn-Yəman belə bir rəvayət də nəql edir ki, xalq Rəsuləllahdan (s) xeyir barəsində soruşanda, mən şərdən çox çəkindiyim üçün şərr işlər barəsində sual edirdim. Bir O Həzrətə dedim: Ya Rəsuləllah (s) biz cahiliyyət dövründə ikən, Tanrı bizə xeyir qapılarını açdı. Görəsən bundan sonra yenə də şərr işlərlə üzləşəcəyikmi?

Həzrət buyurdu: “Bəli”. Hüzeyfə təkrar sual etdi ki, o şərdən sonra yenidən üzümüzə xeyir qapıları açılacaq? Həzrət “Bəli” deyə cavab verdikdən sonra sözünə davam edərək buyurdu: Lakin kədərli zülmət də baş verəçəgdir.

Hüzeyfə sual etdi: “O nə deməkdir?” Rəsuləllah (s) buyurdu: Onlar insanları mən hidayət etdiyim yoldan başqa yola də’vət edənlərdir.

Hüzeyfə dedi: “O xeyirdən sonra yenə də şərr işlər baş verəcək?” Rəsuləllah (s) dedi: Bəli, onlar Cəhənnəmin qapılarında dayanıb xalqı də’vət edir və bu də’vəti qəbul edənləri Cəhənnəmə atacaqlar.

Hüzeyfə “Ya Rəsuləllah onların nişanələri nədir?” -deyə sual etdi. Həzrət cavab verdi: Onların dilləri dilimizdən, dəriləri dərilərimizdəndir.

Hüzeyfə dedi: “Əgər mən o günü görsəm, onda mənə əmrin nədir?” Həzrət buyurdu: Müsəlman camaatı və imamlarına tabe ol!

Hüzeyfə soruşdu: “Ya Rəsuləllah, camaat və imam olmasa, nə etməliyəm?” Rəsuləllah dedi: O zaman heç bir firqələrə tabe olma! Ölənə qədər bir ağacın dibində əyləşib, əziyyəti çox olsa da, onun kölgəsindən əl çəkmə! { Buxari. Cild 9, səh 159; “Kitabul-Fitən kəyfəl-əmr iza ləm təkun cəmə’ə” babı }

O hədisdən açıq-aşkar mə’lum olur ki, müsəlman camaatına və imamlarına tabe olmaq vacibdir. Rəsuləllah (s) haqqı tapmaq üçün heç kimə qarışmayıb, kənara çəkilib sakit qalmağı məsləhət bilmişdir. Həmçinin Həzrət (s) bu hədisdə, Cəhənnəmin qapısında dayananların da ərəb olduqlarını izah etmişdir. Bu hədis, keçən hədislərdə deyilən tayfaların bid’ət əhli olanlara şamildir.

Həqiqətən, bu cur fitnələrdən özümüzü qorumağı və haqqı araşdırmaqda ehtiyatlı olmağı bizə Peyğəmbər (s) əmr etmişdir. Ona görə hər bir müsəlman Peyğəmbərin (s) həqiqi sünnətinə nail olmaq üçün düzgün və qərəzsiz yol seçməlidir. Xüsusən, təriqələrin hədislərdə deyildiyi kimi, 73 firqəyə ayrıldığı və onlardan hər kəsin özünün haqq olduğunu iddia etdiyi bir halda. Lakin Peyğəmbər (s), bu tayfalardan yalnız birinin doğru yol seçdiyini bildirmişdir. Həmçinin Allah-təala bu yeganə tayfaya zəfərlə nicat verəcəyinə vəd vermişdir. Bu barədə Rəsuləllah (s) buyurmuşdur: “Ümmətimdən yalnız bir tayfa haqq yolunu seçmişdir. Allahın əmri qərar tutana qədər müxaliflər onlara ziyan verməyəcəkdir.

Hal-hazırkı zamanda cərəyan edən hadisələrdən heyrətlənən hər bir müsəlmanın borcudur ki, İslamın tarixini araşdırmaqla haqqa yiyələnsin. Peyğəmbərin (s) dediyi hədis də deyilənlərə misaldır: “İslamın ilkin dövrləri insanlara qərib gəldiyi kimi, sonrakı zamanlarda da bu vəziyyətdə qalacaq.”

Şübhəsiz ki, hər bir müsəlman tarixə nəzər saldıqda, Əhli-beytin (ə) nə qədər zülmlər çəkdiyini, neçə-neçə imtahanlardan çıxdığını Görəcəkdir. Daha sonra əhli-sünnətin bu haqqları tapdaladığını da görəndə, İslamın həqiqətən də qəribləşdiyini dərk edəcəkdir.

Əsrlər boyu Əhli-beytə (ə) tabe olanlara edilən zülmlər məşəqqətli olmuşdur. Necə ki, Peyğəmbər (s) buyurmuşdur: “Allah-təala biz Əhli-beyt (ə) üçün axirəti dünyadan üstün bilmişdir. Məndən sonra Əhli-beytim ağrılı günlər görəcək və qaçqın düşəcəklər.” Bu zaman O Həzrət əlini məşriq tərəfə uzadaraq dedi: “Bu tərəfdən qara bayraqlı qövm gəlməyincə, bu zülmlər aradan qalxmayacaqdır. Onlar haqqı tələb etsələr də, haqq onlara verilməyəcək. Lakin qan tökməklə, istədikləri haqqı əldə edəcəklər. Bundan sonra əldə etdikləri həmin haqqı, Əhli-Beytimdən yalnız bir nəfərə təslim edəcəklər. Bu şəxs dünyanı, zülm dolduğu kimi, ədalətlə dolduracaqdır. Bunları görən şəxs min bir əzabla da olsa, onlara yetişib kömək etməlidir.” { Sünən ibn-Macə. Cild 2, hədis 4082, 4087: “Tarixi-Təbəri”. }

İlahi, tez bir zamanda O Həzrətin (ə.c.) zühurunu bərqərar et və bizi onun bayraqdarı qərar ver!

HƏMD VƏ SƏNA ALLAHA MƏXSUSDUR!

 

Əsəd Vəhid əl-Qasim, “(On iki İmamçı) Şiələrin həqiqəti kitabından”

 

Leave a Comment