Mehdiyi-Müntəzər (1)

Bismillahir rəhmanir rəhim

İslamın bütün firqələri, dünyanın sonunda bir şəxsin zühur edib, dünyanı ədalətlə dolduracağı fikrində müttəfiqdirlər. O şəxs yer üzündə yeganə haqq dövlətini bərqərar edəcəkdir. Necə ki, Allah-təala Qurani-Kərimdə buyurmuşdur: “Və biz Zəburda Tövratdan sonra yazmışıq ki, mənim saleh bəndələrim bu yeri irs aparacaq”. { 21.Ənbiya surəsi, 105 }

“Biz yer üzündə zəif düşüb əzilənlərə minnət qoyub onları başçı və varis etmək istədik” { 28.Qəsəs surəsi, 5 }

“Onlar Allahın nurunu (dəlillərini, İslam dinini, Qur’anı) batil sözləriylə (ağızlarıyla) söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər”.

“Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün, Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” {9.Tövbə surəsi, 32-33 }

Peyğəmbər (s) bəyan etdi ki, həmin şəxsiyyət onun Əhli-beytindəndir. Daha sonra buyurdu: “Adı adımla eyni, Əhli-beytimdən olan bu şəxsiyyət dünya məhv olmamış, zamanın sahibi olar.” { “Səhih-Tirmizi” Cild 9, səh 74; “Əbu-Davud”. Cild 2, səh 7; “Müsnədi-Əhməd”. Cild 1, səh 376. }

Əbu-Sə’id Xudri Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Qiyamət olmamış, Əhli-beytimdən bir şəxs zühur edib, zülm və fəsadla dolu olan dünyanı ədalət və insafla bərqərar edəcəkdir.” { “Mustədrək-səhihəyn” Cild 4, səh 557; “Musnədi-Əhməd” Cild 3, səh 36. }

Əbu-Hureyrə də Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Dünyanın sonuna bir gün belə qalmış olsa, Allah-təala o bir günü o qədər uz’adar ki, mənim Əhli-beytimdən bir nəfər zühur edib dünyaya malik olsun.” { “Sünən ibn-Macə”, “Cihad” babı. }

Başqa bir yerdə Ummu-Sələmə Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Mehdi (ə) Fatimənin (ə) övladından olmalıdır.”

Həmçinin Peyğəmbər (s), İsanın (ə) dünyanın sonunda zühur edib, Mehdiyə (ə) iqtida edəcəyini də xəbər vermişdir. Əbu-Hüreyrə rəvayət edir ki, Peyğəmbər (s) müsəlmanlara xitabən buyurur: “Məryəm oğlu İsanın (ə) imama iqtida etməsini görəcəksiniz.” { “Səhih-Müslim” Cild 1, səh 373; “Nuzulu İsa ibn-Məryəm” babı, “Daruş-Şə’b” çapı. }

“Şərhi-Səhihil-Buxari” kitabında “Əl-Hafiz” demişdir: “Mütəvatir hədislərə görə, Mehdi (ə.c) bu ümmətdəndir və Məryəm oğlu İsa (ə) nazil olduqda (namazda) ona iqtida edəcəkdir.” { “Fəthul-Bari” Cild 5, səh 362. }

“Rabitətul-aləmil-İslami” müəssisəsinə tabe olan “Məcmə’ul-Fiqhi” 1976-cı ilin May ayının 31-də “Əl-Mehdil-Muntəzər” haqqında aşağıdakı fətvanı yaymışdır:

– Mehdi (ə.c), Muhəmməd – ibn Əbdullah Əl-Həsəni Əl-Ələvi Əl-Fatimi Əl-Mehdi, “Ma’udul-Muntəzəri” (və’də verilən), zühuru Qiyamət gününün əlamətlərindən olan, məğrib tərəfdən zühur edən, Məkkədə “Rükn”lə “Məqam”ın arasında, “Həcərul-Əsvəd”lə “Kə’bəyi-Müşərrəffə”nin qapısı arasında bey’ət olunan şəxsiyyətdir. Dünya fəsad, zülm və küfrlə dolu olan zaman o şəxsiyyət zühur edib dünyanı ədalətlə dolduracaqdır. Dünyaya hakim olan bu şəxsə istər elm, istərsə də hərb sahəsində hamı ona tabe olacaqdır.

Dünyaya yeddi il hakim olduqdan sonra, İsa (ə) nazil olub, Dəccal qətlə yetiriləcəkdir. Yaxud Mehdilə (ə) birlikdə nazil olub, Fələstin torpağında “Lud” qapısında Dəccalı qətlə yetirərlər.

“Səhih” kitablarda Peyğəmbərdən (s) rəvayət olunan 12 “raşid” xəliflərin sonuncusu Mehdidir (ə). O Həzrətin zühuruna e’tiqad etmək vacibdir və bu da əhli-sünnətin əqidəsidir. Bunu yalnız sünnətə cahillik edən və əqidəsində bid’ət əhli olan şəxslər inkar edər”.

 

Əsəd Vəhid əl-Qasim, “(On iki İmamçı) Şiələrin həqiqəti kitabından”

Leave a Comment