Maaş və Gəlir xümsü

Bismillahir Rəhmanir Rəhim

Maaş alanlarin xümsü

Sual 11: Dövlət işçilərinin maaşına xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.

Sual 12: Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?

Bütün müctəhidlərin rəyi: Bir başa bankdakı hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.

Sual 13: Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim. Mənim maaşıma xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.

İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyin təsiri yoxdur.

İbtidai Sinif Müəlliminin xümsü

Sual 14: İbtidai sinif müəllimiyəm. Bir il ötdükdən sonra aldığım maaşın artıq qalan hissəsinin xümsünü ödəməliyəm, yoxsa yox?

Bütün müctəhidlərin rəyi: Bəli, bu pula xüms düşür.

Tələbənin qazancinin xümsü

Sual 15: Ailəsinin himayəsində olan tələbənin gəlirinə xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: İş qazancından toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.

Qeyd: Hədiyyə kimi gəlirlərin hökmü hədiyyənin xümsü hissəsində aydınlaşdırılacaq.

Tələbə təqaüdünün xümsü

Sual 16: Universitetin verdiyi təqaüdə xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.

Qeyd: Haqqında danışılan tələbələr nəzərdə tutulan müddətdə universitet və ya müvafiq nazirlik tərəfindən maaş alıb öhdəçilik götürürlər ki, təhsillərini başa vurduqdan sonra həmin maaş müqabilində xidmət göstərsinlər. Bu sayaq maaş digər gəlirlərdən fərqlənmir və ona da xüms tətbiq olunur.

Tələbəyə yardimin xümsü

Sual 17: Universitetdə təhsil zamanı kömək məqsədi ilə alınan pula xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: Xeyr, xüms düşmür.

Qeyd 1: Tələbə üçün olan yardım təhsil müddətində ona verilən borcdur. Bir neçə il sonra bu borcun müəyyən hissəsi alınır.

Qeyd 2: Təhsilə göstərilən yardım bir hissəsi xərcləndikdən sonra büdcədə toplanarsa onun özünə və qazancına xüms düşür.

Qeyd 3: Təhsilə edilən yardımdan əldə olunan gəlir xüms ilindən artıq qalarsa ona xüms düşür.

Zəhmət haqqinin xümsü

Sual 18: Tələbənin zəhmət haqqına xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: Bəli, universitetdə görülən iş və araşdırma müqabilində alınan məbləğ xüms ilindən artıq qalarsa ona xüms düşür.[33]

Şəhid ailəsinin xümsü

Sual 19: Şəhid ailələrinə yardım cəmiyyəti tərəfindən onlara verilən maaşa (ildən artıq qaldıqda) xüms düşürmü?

İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.

Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən xüms düşür.

Sistani və Safi: Bəli, xüms düşür.

Təbrizi və Vəhid: Artıq qalan məbləğ çox olduqda xüms düşür.

Qeyd 1: Şəhid ailələrinin maaşı iş müqabilində əldə olunan gəlir yox, bir növ hədiyyədir. Bu səbəbdən də bu barədə fəqihlərin fətvaları müxtəlifdir.

Qeyd 2: Şəhid ailələrinin maaşından əldə olunan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.

Qeyd 3: Ayətullah Nuri belə deyir: Hədiyyə hesab olunarsa, xüms düşür.

Təqaüdün xümsü

Sual 20: İşçilərin təqaüdünə nə vaxt xüms düşür?

İmam (r), Sistani və Vəhid: Müqaviləyə əsasən, maaş təqaüdə çıxdıqdan sonra alınarsa, ilin gəlirindən hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür. İş dövrü maaşın bir miqdarı saxlanılıb, təqaüdə çıxdıqdan sonra verildikdə onun xümsü dərhal verilməlidir.

(İmam (r), Sistani və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Təqaüd maaşı həmin təqaüd ilinin gəliri hesab olunur və ildən artıq qaldıqda xüms düşür.

Təxirə salinmiş maaşin xümsü

Sual 21: Ötən il təxirə düşüb, bu il verilən maaşın xümsü dərhal ödənməlidirmi?

(Sistani, Vəhid və Təbrizidən başqa) bütün müctəhidlərin rəyi: Xeyir, təxirə düşmüş maaş əldə olunan ilin gəliri hesab olunur. Xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Sistani: Bəli, onun xümsü dərhal ödənməlidir.

Vəhid: Vacib ehtiyata əsasən onun xümsü dərhal ödənməlidir.

Təbrizi: Xüsusi şəxs və ya şirkət üçün işlədikdə maaşının xümsünü işlədiyi il ödəməlidir. Dövlət üçün işlədikdə isə aldığı maaş əldə olunan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Qadının gəlirinin xümsü

Sual 22: Ərinin himayəsində yaşayan qadının özü üçün əldə etdiyi gəlirə xüms düşürmü?

Bütün müctəhidlərin rəyi: Bəli, onun xümsünü verməlidir. Lakin onun bir miqdarını ehtiyaclarına xərcləmiş olarsa, yalnız yerdə qalan hissənin xümsünü ödəməlidir.

 

Seyid Müctəba Hüseyni : Xümsün hökmləri

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment